Avtomobilini elan saytında satışa qoyan şəxsin 17 min manatdan çox pulu mənimsənilib. O, naməlum şəxslər tərəfindən kiberdələduzluğa məruz qalıb. Hadisə Cəbrayıl rayon sakini Malik Əsədovun başına gəlib. Məlumata görə, kiberdələduzlar bununla da kifayətlənməyiblər. Zərərçəkmiş iddia edir ki, onlar həmin kart vasitəsilə banka onlayn müraciət edib, adına kredit rəsmiləşdirib, bu dəfə külli miqdarda pulu mənimsəyiblər.
Musavat.com mövzu ilə bağlı Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasova suallar ünvanlayıb.
- Elvin bəy, vətəndaşların kartlarının sürətini elan saytlarına, sosial şəbəkələrə qoyması düzgündürmü?
- Dəfələrlə müşahidə etmişik ki, insanlar yardım məqsədi ilə bank kartlarını sosial şəbəkələrdə paylaşırlar. Burada bir çox təhlükəli məqamlar var. Şəxs dələduzlara məlumatlarını ələ keçirmək üçün ilkin şərait yaratmış olur. Ona görə də yaxşı olar ki, insanlar şəxsiyyət vəsiqəsinin, bank kartının sürətini çəkib sosial şəbəkələrdə açıq formada paylaşmasınlar. Bu, vətəndaşlar üçün kifayət qədər təhlükəli məqamadır.
Konkret bu situasiyada isə deyə bilərəm ki, bank cinayətkarın icra etdiyini bilmir. Çünki vətəndaşın real məlumatlarından istifadə edərək hesaba girilib.
- Əgər vətəndaş hansısa ödəniş kartını və ya maaş kartını kiber dələduzun əlinə veribsə onun bu kartı vasitəsi ilə hansı məlumatları ələ keçirilə bilər. Başqa bu kartdan hansı məqsədlərdə istifadə olunar? İçindəki pul çəkilir, daha sonra?
-Bank hesab məlumatlarının ələ keçirilməsi bir neçə istiqamətdə vətəndaş üçün təhlükə yaradır. Bu məlumatlardan yola çıxaraq dələduzlar digər məlumatları əldə edirlər. Vətəndaşın bank kartındakı vəsaitlər oğurlanır. İkinci təhlükə ondan ibarətdir ki, digər bank kartlarına da keçid olunur. Üçüncü məqam odur ki, həmin kartlarda vəsait yoxdursa, dələduzlar onlayn kredit əldə edərək vətəndaşın vəsaitlərini digər bank kartlarına köçürürlər. Əsas problem ondan ibarətdir ki, həmin vətəndaşın məlumatlarını ələ keçirərək xarici banklarda hesab açırlar və bu hesablar satışa çıxır.
Vətəndaşın xəbəri olmadan onun hesabından müxtəlif terror təşkilatlarının maliyyələşməsində, narkotik satışından əldə olunan çirkli pulların yuyulmasında, dələduzluğun izlərinin itirilməsində, çox hesablı əməliyyatların aparılmasında istifadə olunur. Bir sözlə, müxtəlif cinayət motivli fəaliyyətlərdə istifadə oluna bilər. Dələduzlar sonda kriptovalyuta alaraq izləri tamamı ilə itirlər.
Şahanə Rəhimli
Musavat.com