Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvləri və hərbi nümayəndələr Ağdamda yaşayış kompleksində aparılan işlərlə tanış olublar.
Bu barədə “Report”un Ağdama ezam olunmuş müxbiri məlumat verib.
Bildirilib ki, torpaqlar işğaldan azad olunduqdan sonra bərpa işlərinə başlanıb. Ötən il təsdiq olunmuş "Böyük Qayıdış" dövlət proqramına görə 2026-cı ilə qədər 66 min Qarabağ sakininin öz yurdlarına qaytarılması planlaşdırılır. 2026-cı ilin sonuna kimi Ağdamda 12 kənd, 5 yaşayış yeri inşa olunacaq. Eyni zamanda Ağdam Muğam Mərkəzi inşa olunacaq və tutumu 637 nəfər olacaq. Həmçinin 22,5 hektar ərazidə İşğal və Zəfər muzeyləri salınacaq.
Qeyd olunub ki, hazırda 960 şagirdlik Ağdam şəhər 1 saylı tam orta məktəbində də işlər həyata keçirilir. Bundan başqa, artıq Ağdam-Füzuli yolunun inşasına başlanılıb.