Xarici borc azalır, daxili borc çoxalır

Hesablama Palatası: “Profisit fonunda daxili borclanma xərcləri artırır”

Son illər xarici dövlət borcunu azaltmaq siyasəti yürüdən Azərbaycanda daxili dövlət borcunun sürətli artımı diqqəti cəlb edir. Rəsmi məlumata əsasən 2022-ci ildə ilin əvvəli ilə müqayisədə birbaşa daxili dövlət borcunun səviyyəsi 1 milyard 681,1 milyon manat artıb. Həmin il birbaşa xarici dövlət borcunun 1 milyard 190,4 milyon manat azalması nəticəsində Azərbaycanın ümumi dövlət borcu məbləğində 490,7 milyon manat və ya 3,3 faiz artım olub. Yüksək neft-qaz qiymətləri şəraitində ümumi daxili məhsulun dəyərinin artması imkan verib ki, birbaşa dövlət borcunun ÜDM-ə nisbət göstəricisi 16,2 faizdən 11,6 faizə enib.

2022-ci il üzrə dövlət büdcəsi layihəsində daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 1 milyard 100,0 milyon manat məbləğində müəyyən olunub. İl ərzində yeni daxili dövlət borclanması bunun 88,8 faizi - 976,3 manat manat həcmində olub.

Azərbaycan Hesablama Palatasında bildirirlər ki, son illərdə daxili dövlət borcunun həcmində müşahidə edilən ciddi artım əvvəlki və yeni təsdiq edilmiş dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın tələbləri, eyni zamanda birbaşa xarici borcun azalması sahəsində hökümətin son illərdəki apardığı siyasətin dəstəklənməsi məqsədilə xarici dövlət borcunun daxili dövlət borcu ilə əvəzlənməsi nəticəsində meydana çıxan prosesdir.

2022-ci ildə inflyasiyanın daxili və xarici mühitində müşahidə olunan risklərə reaksiya olaraq Mərkəzi Bank antiinflyasiya xarakterli monetar tədbirlər həyata keçirib, nəticədə hesabat ilinin sonuna uçot dərəcəsi 8,25 faizə qaldırılıb. Mərkəzi Bankın baza ssenari üzrə təqdim etdiyi proqnozlara əsasən 2023-cü ildə illik inflyasiyanın 8 faiz ətrafında olacağı gözlənilir. Daxili dövlət borclanması üzrə ilbəil artan tələbat qarşısında mövcud inflyasiya göstəriciləri fonunda investor marağı azala və dövlət qiymətli kağızları üzrə faiz dərəcələri arta, nəticədə faiz xərclərinin artması ilə yekunlaşa bilər.

Palata vurğulayır ki, daxili dövlət borclanması artsa da, bu, ölkənin qiymətli kağızlar bazarında eyni təsir yaratmır:

Azərbaycanda-50-min-manat-qadagasi-cinayət-məsuliyyəti-gəlir.jpg (117 KB)

“Mərkəzi Bankın qiymətli kağızlar bazarının icmal göstəricilərinə əsasən, qiymətli kağızlar bazarı 2022-ci ildə 2021-ci ilə nisbətən azalaraq 15,6 milyard manat təşkil edib ki, bunun da 53,2 faizini və ya 8,3 milyard manatını dövlət qiymətli kağızları, 14,1 faizini və ya 2,2 milyard manatını korporativ qiymətli kağızları, 32,7 faizini və ya 5,1 milyard manatını REPO əməliyyatları təşkil edib. Qiymətli kağızlar bazarının inkişafının əsas göstəriciləri təkrar bazar və REPO əməliyyatları hesabedilir ki, 2022-ci ildə dövlət istiqrazları üzrə təkrar bazar əməliyyatları 2021-ci il göstəricisi olan 955,4 milyon manatdan 657,1 milyon manata, REPO əməliyyatlarının həcmi isə müvafiq olaraq 6 milyard 834,2 milyon manatdan 3 milyard 541,1 milyon manata enib. Bu da müvafiq olaraq 31,2 faiz və 48,2 faiz azalma deməkdir. 2019-2022-ci illər ərzində daxili maliyyə bazarlarında yerləşdirilmiş istiqrazların həcmində təqribən 3,7 dəfə və ya 1 milyard 832,3 milyon manat artım müşahidə edilsə də, bazarın həcmində mütənasib artım müşahidə edilməyib”.

Ötən il daxili dövlət borcuna xidmət xərcləri əvvəlki illə müqayisədə artımla icra edilib. Bu artıma səbəb faiz borclarına xidmət xərclərinin əvvəlki illə müqayisədə 40,5 faiz artıq olmasıdır. Belə ki, 2022-ci ildə daxili dövlət borcuna xidmət xərcləri 232 milyon manat təyinata qarşı 208,9 milyon manat icra olunub. Bunun cəmi 6,9 milyon manatı əsas borcun, 202,0 milyon manatı isə faiz borcunun qarşılanmasına yönəldilib. Qalan 23,1 milyon manat isə qənaət kimi Təminat Fonduna köçürülüb. Maliyyə Nazirliyinin bu xərclə bağlı məlumatında proqnozla nəzərdə tutulan məbləğin 100 faiz icra edildiyi bildirilir.
Ümumiyyətlə, birbaşa daxili dövlət borcunun həcmi ilə bərabər ona xidmət xərcləri də artır. Belə ki, 2019-cu ildə faktiki faiz xərci 91,4 milyon manat olduğu halda 2022-ci ildə faiz xərcinin həcmi 2,2 dəfə artaraq 202,0 milyon manat təşkil edib. Hesabat ilində birbaşa daxili dövlət borcunun həcmi 1 milyard 681,1 milyon manat artıb.

2022-ci il ərzində istiqrazlar üzrə ödənilmiş faiz və diskont məbləği 202,0 milyon manat təşkil edib. 2023-cü il 01 yanvar tarixinə dövriyyədə olan dövlət istiqrazlarının müddətlər üzrə bölgüsündə yüksək payı ortamüddətli (54,6 faiz) və qısamüddətli (26,1 faiz) istiqrazlar təşkil edib ki, bu da dövlət istiqrazlarının orta ödəniş müddətinin (ATM) aşağı həddə, yəni məqbul həddə olmadığını deməyə əsas verir. Belə ki, hesabat ilində qısamüddətli yerləşdirmələrin ümumi portfeldə payı 6,0 faizdən 26,1 faizə yüksəlib.

Maliyyə Nazirliyinin rəsmi məlumatına əsasən 2023-cü ilin 01 iyul tarixinə xarici dövlət borcu 6576,9 milyon ABŞ dolları təşkil edib. Bu isə ilin sonunadək onun 195,9 milyon dollar azaldılacağı deməkdir. Hesabat dövrünə daxili dövlət borcu 4 milyard 970,3 milyon manat təşkil edib.

643d535138d6c643d535138d6d1681740625643d535138d67643d535138d69.jpg (205 KB)

Daxili dövlət borcunu daxili maliyyə bazarında yerləşdirilən dövlət qiymətli kağızları üzrə qalıq borc təşkil edib. Hesabat tarixinə daxili dövlət borcunun 27,5 faizi 1 illik, 52,1 faizi 2 və 3 illik, 20,4 faizi isə 5 il və daha artıq müddətli dövlət qiymətli kağızlarının payına düşür.

2023-cü il büdcəsində edilmiş dəyişikliklə cari ildə dövlət borcuna xidmətlə bağlı xərclərə ümumi xərclərin 3,2 faizi həcmində və ya 1 milyard 182,5 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 177,5 milyon manat və ya 17,7 faiz çox) vəsait yönəldiləcək. 2023-cü ilin yanvar-iyun aylarında dövlət borcuna xidmət edilməsi ilə bağlı xərclər 430,8 milyon manat təşkil edərək dövlət büdcəsinin həmin dövr üzrə ümumi xərclərinin 3,1 faizinə bərabər olub. Sözügedən vəsaitin 352,7 milyon manat həcmində hissəsi xarici dövlət borcuna xidmət xərclərinin, o cümlədən 201,1 milyon manatı hökumət tərəfindən cəlb olunmuş xarici dövlət borcu üzrə faiz ödənişlərinin, 78,1 milyon manatı isə daxili dövlət borcuna xidmət xərclərinin (faiz ödənişləri) təmin edilməsinə yönəldilib.

Xarici dövlət borcu üzrə imzalanmış müqavilələr çərçivəsində cari ilin ilk altı ayı ərzində 113,3 milyon manat istifadə edilib.
Nazirliyin hesablamasına əsasən 2024-cü ilin 01 yanvar tarixinə Azərbaycanın xarici dövlət borcunun 6 milyard 381,0 milyon ABŞ dolları (10 milyard 847,0 milyon manat), daxili dövlət borcunun isə 6 milyard 688,0 milyon manat olmaqla ümumi dövlət borcunun17 milyard 536,0 milyon manat təşkil etməsi gözlənilir.

Həmin dövrə xarici dövlət borcunun 49,0 faizi 5 ilədək, 42,6 faizi 5-10 il ərzində, 8,4 faizi isə 10 ildən artıq müddətə kreditorlara ödənilməli olacaq. Xarici dövlət borcu üzrə yeni cəlb olunacaq borc öhdəliklərinin 10 ilədək müddətə müvafiq istinad dərəcəsi üstəgəl 0,65 faiz dərəcəsi ilə, 10-20 illik müvafiq istinad dərəcəsi üstəgəl 0,8 faiz dərəcəsi ilə, 20 ildən artıq müddətə isə müvafiq istinad dərəcəsi üstəgəl 0,9 faiz dərəcəsi ilə cəlb olunacağı nəzərdə tutulur.

2024-cü ilin 01 yanvar tarixinə daxili dövlət borcunun 40,5 faizini daxili maliyyə bazarlarında emissiya olunmuş dövlət istiqrazları təşkil edəcək. İlin sonuna dövriyyədə olan dövlət istiqrazlarının 13,0 faizi 1 illik, 66,1 faizi 2-3 illik, 20,9 faizi isə 5-7 illik istiqrazların payına düşəcək. Daxili dövlət borcuna xidmət xərcləri 265,0 milyon təşkil edəcək.

2023-cü ilin birinci yarısında daxili maliyyə bazarında yerləşdirilən dövlət istiqrazları üzrə dövlət büdcəsinə 1 milyard 15,0 milyon manat məbləğində vəsait daxil olub. Bu vəsaitin 724,1 milyon manatı xarici və daxili dövlət borcu üzrə vaxtı çatan əsas borc ödənişlərinin yenidən maliyyələşdirilməsinə, 290,9 milyon manat həcmində hissəsi isə dövlət büdcəsi xərclərinin maliyyələşdirilməsinə yönəldilib.

Hesablama Palatasına görə, profisitin olması fonunda dövlət borclanmasının həyata keçirilməsi bir tərəfdən il sonuna doğru artan xərclərin gəlirlə qarşılana bilinməyən hissəsinin maliyyələşdirilməsinə xidmət etsə də, digər tərəfdən gələcək büdcələr üçün borca xidmətlə bağlı əlavə faiz xərclərinin formalaşmasına səbəb olur: “Cari ildən başlayaraq xarici borc üzrə əsas borc ödənişlərinin dövlət büdcəsi xərclərindən çıxarılaraq yenidən maliyyələşmə hesabına təmin edilməsi nəzərdə tutulub ki, bunun da strategiyanın tələbləri də nəzərə alınmaqla daxili bazarda yeni dövlət istiqrazlarının emissiyası hesabına maliyyələşdiriləcəyini demək olar. Dövlətin maliyyə öhdəliklərini qarşılamaq məqsədilə növbəti illərdə böyük həcmli dövlət istiqrazlarının daxili bazarda yerləşdirilməsi tələb edilir ki, bu da mövcud makroiqtisadi mühit və daxili bazarın vəziyyəti nəzərə alındıqda növbəti illərdə təkrar maliyyələşmə və faiz dərəcələrinin artması riskinin olmasını deməyə əsas verir”.

Dünya SAKİT,
“Yeni Müsavat”

07.08.2023 20:33
1203