Deputat Elman Məmmədov Xocalı və Xankəndi sakinlərinin doğma yurdlarına qayıdacağı tarixi açıqladı
Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin (“Qaçqınkom”) Repatriasiya Departamenti tərəfindən keçirilən tender müsabiqələrinin nəticəsi məlum olub.
“Qaçqınkom”un tender müsabiqsinin qalibi “166 Global Logistics” MMC (VÖEN - 1403530841) olub.
“166 Global Logistics” MMC “Qaçqınkom”un sifarişi ilə Şuşa şəhəri Malıbəyli kəndinə 50, Xankəndi şəhəri Kərkicahan qəsəbəsinə 50, Xocalı rayonuna 50 və Kəlbəcər rayonuna 150 məcburi köçkün ailəsini köçürəcək.
“Qaçqınkom” ümumilikdə 300 köçkün ailəsinin köçürülməsi üçün “166 Global Logistics” MMC -yə 272 min manat ödəyəcək.
Rəqəmlərdən də göründüyü kimi, 1 məcburi köçkün ailəsinin köçürülməsi xərci orta hesabla 907 manat təşkil edəcək.
Köçürüləcək ailələrin 39-u Gəncə, digərləri isə Bakı, Sumqayıt, Abşeron ərazilərində məskunlaşıblar.
Bu xəbərdə diqqətçəkən məqam Xankəndinə köçürüləcək 50 ailə ilə bağlıdır. Bu 50 ailə üçün yeni evlər tikiləcək, yoxsa onlar vaxtilə işğal olunmuş dədə-baba mülklərinə qayıdacaq? Əgər ermənilər də Xankəndinə qayıdarsa, birgəyaşayış üçün proqramların icrası nəzərdə tutulurmu?
Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən “Yeni Müsavat”a verilən açıqlamada bildirilib:
“Xankəndi şəhərinin Kərkicahan qəsəbə sakinləri işğaldan əvvəl yaşadıqları və işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında aparılan təmir-bərpa işləri nəticəsində tamamilə yenilənmiş və zəruri yaşayış şəraitinin yaradıldığı evlərdə məskunlaşacaqlar.
Dövlət Komitəsi ərazisi işğaldan azad olunmuş ərazilərdə, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində, bərpa edilən və yenidən tikilən yaşayış məntəqələrinə məcburi köçkünlərin köçürülməsi prosesi ilə məşğul olur. Bu zaman məcburi köçkünlər yalnız qeydiyyatda olduqları şəhər, rayon, kənd və qəsəbə üzrə daimi yaşayış sahəsi ilə təmin edilirlər. Buna uyğun olaraq, Xankəndi şəhərinə də həmin ərazidən olan məcburi köçkünlərin köçürülməsi nəzərdə tutulur".
Əslən Xocalıdan olan millət vəkili Elman Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirib: “Məlumat üçün bildirim ki, yanvarın 29-da Xankəndi ictimaiyyəti ilə çox geniş bir görüş keçirdik. Görüşdə Xankəndi ziyalıları, ictimaiyyət nümayəndələri, fəalları ilə fikir mübadiləsi apardıq.
Məlum olduğu kimi, Xankəndi düşməndən azad olunduqdan sonra bütün yaşayış məntəqələrində olduğu kimi orada da Azərbaycanın bir neçə müvafiq qurumu, o cümədən İqtisadiyyat Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Fövqəladə Hallar Nazirliyi çox ciddi qeydiyyat apardılar. Beləliklə, Xankəndidə olan evlərin vəziyyəti qeydə alındı, təbii ki, bu proses Xankəndidən olan azərbaycanlıların məlumatları əsasında həyata keçirildi. Kimlərin ki evləri hazırda yaşamağa yarayırsa, erməni dağıtmayıbsa, həmin evlərin sakinləri köçürüləcək. Əlbəttə ki, başqa variantlar da olacaq.
Xankəndidə olan evlərin demək olar ki, 80-90 faizi salamat qalıb, yəni ermənilər orada yaşayıb, sonra tərk ediblər. Həmin evlərdə müəyyən bərpa, təmir işləri artıq xeyli vaxtdır ki, görülür və insanların qayıdışı üçün lazımi vəziyyətə gətirilir.
Lakin qeyd etdiyim kimi, yəqin ki, gələcəkdə başqa variantlar da olacaq. Çünki Xankəndinə getmək arzusunda olan insanların sayı həddindən artıq çoxdur. Təkcə xankəndlilər deyil, Azərbaycanın çox sayda vətəndaşları bununla bağlı arzusunu bildirirlər. Təbii ki, bu da insanların haqqıdır ki, harada yaşamaq istəyirlərsə, orada yaşaya bilərlər, bunu heç kim qadağan etməyəcək.
Siyahıda kimlərin olmasına gəldikdə, ilkin şərt budur ki, ilk olaraq xankəndililər köçürüləcək. İlkin siyahıda Köçürüləcək insanların siyahısı “Qaçkınkom”dadır. “Qaçkınkom”da siyahını özündən yuxarı qurumla razılaşdırıb.
Elman Məmmədov
O ki qaldı 50 ailənin Kərkicahan qəsəbəsinə köçürülməsi məsələsinə, bildirim ki, Kərkicahan qəsəbəsi elə Xankəndinə bitişik qəsəbədir. Yəni aralarında məsafə yoxdur. Sovet dövründə hadisələr başlayana qədər Kərkicahan Xankəndinin ərazisi, qəsəbəsi hesab olunurdu. Bəli, ilk olaraq kərkicahanlıların köçürülməsi planlaşdırılır. Qeyd edim ki, kərkicahanlıların və xankəndililərin siyahısı tamam başqadır".
Elman Məmmədov Qarabağ köçün nə dərəcədə sürətli aparılmasından da danışıb: “Bizim arzumuz, istəyimiz budur ki, köçürülən insanlarımızın sayı daha çox olsun, yəni Böyük Qayıdış məsələsində bir qədər sürətlənmə olsun. Lakin başqa məsələlər də var. Məsələn, köçürülmək üçün hazır evlər çoxdur. Lakin köçürülən insanların uşaqlarının təhsil alması üçün məktəb, həmçinin onlara tibbi xidmət göstərilməsi üçün müvafiq qurumlar lazımdır, köçürülənlərin iş təminatı məsələsi təmin olunmalıdır. Yəni söhbət təkcə köçüb, gedib orada evə yığışmaqdan getmir, gedən adamın məşğulluğu, şəraiti olmalıdır. Bütün bunların hamısı nəzərə alınır. Ona görə də köçürülmələr vaxt aparır. Birdən-birə 1000-2000 ailəni ora köçürsək, onların iş təminatı, sosial məsələləri ilə bağlı problemlər ortaya çıxa bilər. Ona görə də hesab edirəm ki, vaxtaşırı köçürülmələrə üstünlük veriləcək”.
Millət vəkili Xankəndinə, Xocalıya köçün nə zaman həyata keçiriləcəyi haqqında isə qeyd edib: “Xankəndinə, Kərkicahana, Xocalıya, Xocavəndə Ağdərənin müəyyən hissəsinə ilk köç 2024-cü ilin birinci rübündə baş tutacaq. Yəqin ki, bu, Novruz bayramı ərəfəsində olacaq. İnşallah, mən də Xocalıya ilk köçənlərdən olacam”.
Xalidə GƏRAY,
“Yeni Müsavat”