Xankəndili terrorçular Ermənistan rəhbərliyinin göstərişini niyə icra edə bilməyiblər?

1991-ci ildə Rostov vilayət Məhkəməsində keçirilən prosesdə mütəşəkkil cinayətkar qrupun törətdiyi qətl hadisəsi sübuta yetirilsə də, hökmün oxunması bir neçə ay gecikdirilib.

Prosesin süni şəkildə uzadılması məqsədli olub. Daha doğrusu, Moskva və İrəvandan göstərilən təzyiqlə cinayəti – erməni terrorunu ört-basdır etmək istəyiblər. Vilayət məhkəməsinin sədr müavini Boris Nikolayev terrorçu ermənilərin qətl hadisəsinə hələ İrəvan şəhərində hazırlaşmalarını, bu məqsədlə Rostovda yaşayan ermənilərlə telefon əlaqələrini, seçdikləri hədəfin ünvanını necə öyrənmələrini, silahların Rostova hansı yolla keçirilməsini, Ermənistan rəsmilərinin bu işdə əli olmasını, terrorçulara nə qədər pulun ödənilməsini konkret faktlarla sübuta yetirdikdən sonra cinayətkar dəstəni xilas etmək mümkün olmayıb...

Hələ 1990-cı illərin əvvəllərində Ermənistan rəhbərliyi 1988-1990-cı illərdə Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi vəziyyət rayonunun ilk komendantı olan general Vladislav Safanov haqqında “qərar” veriblər: “Safanov nəyin bahasına olursa-olsun, məhv edilməlidir...”

SAFANOV.jpg (108 KB)

Generalın Ermənistan rəhbərliyinin “qara siyahı”sına düşməsi də səbəbsiz olmayıb. Belə ki, Safanov dəfələrlə Mərkəzi Komitəyə və SSRİ Daxili İşlər Nazirliyinin rəhbərliyinə ermənilərin vilayətdəki cinayət əməlləri haqqında rəsmi arayışlar ünvanlayıb.

Safanov həqiqəti söylədiyinə, cinayətkar erməniləri ifşa etdiyinə görə Ermənistan üçün arzuolunmaz şəxsə çevrilib. Ermənistan rəhbərliyi bütün vasitələrə əl ataraq onu Dağlıq Qarabağdan uzaqlaşdırmağa cəhd edib. Hadisələr zamanı İrəvanda keçirilən mitinqlərdə general Safanovun qətlə yetirilməsi haqqında açıq-aşkar fikirlər də səsləndirilib. Təbii ki, bütün bunlardan general da xəbərdar olub.

Vladislav Safanovun məhv edilməsi üçün ciddi hazırlıq işləri görülüb. Terror aktını həyata keçirmək Xankəndi şəhərinin sakinləri Akop və Samvel Baqmanyan qardaşlarına, Ermənistan vətəndaşları Armen Antonyan və Kamo Yeqinyana həvalə edilib. Safanov həmin ərəfədə, 1991-ci ildə Rostov şəhərində yaşayıb. Xankəndi şəhərindən və Ermənistandan olan 4 nəfərlik terrorçu qrup həmin ilin aprel ayının 2-də Rostova yollanıblar. Generalın yaşayış və xidmət yerini öyrənmək üçün qrupa daha bir erməni, Rostovda yaşayan Karlen Akopyan da cəlb edilib. Təxminən bir ay öncədən Akopyan bütün məlumatları öyrənib.

SAFAN YENİ.jpeg (88 KB)

“Qətl əməliyyatı”nı həyata keçirmək üçün Ermənistan rəhbərliyi terrorçulara lazımi qədər vəsait ayırıb. Terrorçular bir neçə gün Rostovda qaldıqdan sonra generalın məhv edilməsini aprelin 8-ə planlaşdırıblar. Safanovun səhər işə gedərkən güllələnməsi nəzərdə tutulub.

Səhər saat 7-də terrorçular generalın yaşadığı binanın qarşısında “mövqe” tutublar. Əvvəlcədən əldə etdikləri məlumata görə, general evdən 7-30 - 8-00 arası çıxmalı imiş. Məlumat dəqiq olub. Terrorçular yanılmayıblar. 7-31-də blokun giriş qapısından çıxan Safanov xidməti avtomobilinə minəndə maşın avtomat silahlardan atəşə tutulub.

Hadisə yerindən qaçan cinayətkarlar yalnız bir neçə saatdan sonra televiziya vasitəsi ilə biliblər ki, qətlə yetirdikləri general Safanov deyil, onun mənzil qonşusu, SSRİ Daxili İşlər Nazirliyinin Şimali Qafqaz və Zaqafqaziya üzrə Daxili Qoşunlar İdarəsinin rəis müavini polkovnik Blaxotindir. Terrorçular iki hərbçinin xidməti avtomobillərinin nömrələrini səhv salıblar.

Terrorçular bir müddət Rostovda yaşayan ermənilərin köməyi ilə ayrı-ayrı mənzillərdə gizlənə biliblər. Amma bu yerdəyişmələr uzun çəkməyib. Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkarlar narkotik vasitə aldıqları zaman ələ keçiblər.

Bir neçə ay davam edən istintaq və məhkəmə prosesindən sonra dəstənin başçısı Akop Baqmanyan 15 il, Armen Antonyan 15 il, Samvel Baqmanyan 12 il, Karlen Akopyan 4 il, Kamo Yeqinyan 3 il azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.

SAFAN EN SON.jpg (99 KB)

Hakim Boris Nikolayev sonralar mətbuata verdiyi açıqlamalarda məhkəmə prosesinə olan təzyiqlər haqqında fikirlərini aşağıdakı kimi bölüşüb:

“Çox qarışıq bir dövr idi. Ermənilər bu qarışıqlıqdan bəhrələnə bildilər. Məhkəmə prosesinə Moskvadan təzyiqlər oldu. Əslində bu qətlin sifarişçiləri də məhkəməyə cəlb olunmalı idilər. Cinayətkar qrupa rəhbərlik edən Akop Baqmanyan ən ağır cəzaya məhkum olunmalı idi. Bu cür canilərin yaşaması cəmiyyət üçün olduqca təhlükəlidir. Prosesin ən ağır məqamlarından biri o idi ki, erməni rəsmiləri açıq şəkildə terrorçulara dəstək verirdilər, hətta bizdən cinayətkarları Ermənistana təhvil verməyi də tələb edirdilər...”

Safanov sırf təsadüf nəticəsində erməni terrorunun qurbanına çevrilməyib, terrorçuların generalın qətli ilə bağlı əməliyyatı baş tutmayıb. Polkovnik Blaxotinin qətlə yetirilməsi isə ermənilərin terror gündəliyinin növbəti səhifəsi kimi tarixə düşüb. Sonralar bir neçə dəfə Azərbaycana səfər edən Safanov müsahibələrində ermənilərin məğlubiyyətini qaçılmaz sayıb. Bəli, general yanılmayıb. Dünyanın terrora qarşı mübarizə apardığı bir dövrdə terrorçulara dəstək verən Ermənistan heç vaxt qalib statusunda ola bilməz...

İlham Cəmiloğlu,
Musavat.com

26.02.2024 12:42
2800