Xankəndidə keçmiş separatçıların qondarma “meri” David Sarkisyan Ermənistanda həbs edilib.
Musavat.com-un Publika.az-a istinadən xəbərinə görə, Sarkisyanla bağlı 20 sutka həbs qərarı verilib.
Ermənistan hüquq-mühafizə orqanları Sarkisyanın evində axtarış aparıb. O və daha üç nəfər dələduzluqda, eləcə də 4 avtomobilin mənimsənilməsində ittiham edilir.
Qeyd edək ki, separatçıların keçmiş “merləri”nin həbs dalğası başlayıb. Mayın 23-də Əsgəranın qondarma keçmiş “meri” Hayk Şamiryan, mayın 25-də isə Ağdərənin qondarma keçmiş “meri” Mişa Qyurjyan həbs edilib. Qondarma “merlər” külli miqdarda əmlakı mənimsəməkdə ittiham edilirlər.
Ermənistanın müxalif mediası isə bu həbslərə görə hakimiyyəti tənqid edir. Hətta qondarma “merlər”in Azərbaycana təhvil verilməsini də istisna etmirlər. Çünki bu şəxslər Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz olaraq fəaliyyət göstərib. Ötən ilin 20 sentyabrında anti-terror tədbirləri zamanı Qarabağdan Ermənistana qaçıblar.
“Hraparak” nəşri yazır ki, “merlərə” qarşı ittihamlar əsassızdır.
“Məqsəd “Qarabağ erməniləri”nin gözünü qorxutmaq və Baqrat Qalstyanın rəhbərlik etdiyi hərəkata qoşulmalarının qarşısını almaqdır. Ermənistan hakimiyyəti lazım olarsa, həbs edilənləri Azərbaycana da təhvil verər, çünki əsas məqsədləri öz vəzifələrini qoruyub saxlamaqdır və bunun üçün hər şeyi edirlər”, - nəşr iddia edir.