Son 5 ayda Ermənistanı 13 min Qarabağ ermənisi tərk edib; siyasi oyunların qurbanları İrəvanda heç kimə lazım deyil, Paşinyan komandası isə xarici qrantlara görə onların gedişini istəmir
Azərbaycan Ordusunun sentyabrın 19-20-də Qarabağ iqtisadi rayonunun bütün ərazisində dövlət suverenliyini bərqərar etmək məqsədilə beynəlxalq hüquqa uyğun olaraq keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra erməni əhali könüllü şəkildə Ermənistana köç etdi. Lakin onlar orada da dayanmırlar, gözlənildiyi kimi, üçüncü ölkələrə üz tuturlar.
“Yeni Müsavat” erməni mətbuatına istinadla xəbər verir ki, son 5 ay ərzində Ermənistanı Qarabağda yaşamış 13.619 nəfər tərk edib. Bu barədə Ermənistan hökumətinin mətbuat orqanlarının yazılı sorğusuna cavabında deyilir. Qeyd olunur ki, Ermənistanı tərk edəndən sonra qayıtmayanların sayı 7825 nəfərdir. Köç prosesi isə davam edir. Onların sayı hər gün artır. Bildirilir ki, Qarabağ ermənilərinin əknsəriyyəti Rusiyanın cənubuna, Qara dəniz bölgəsinə köçüb gedəcək. Əslində Qarabağda yaşayan ermənilərin xeyli hissəsi Rusiya və digər ölkələrin vətəndaşları idi. Onların Ermənistanı tərk edəcəyi əvvəlcədən gözlənilirdi. Amma rəsmi İrəvan Qarabağı könüllü tərk edən ermənilər üçün xarici dövlətlər və beynəlxalq təşkilatlardan gələn yardımların dayanmasını istəmir. Ona görə də ölkəni tərk edən ermənilərin yarısının geri qayıtdığı haqda dezinformasiya yayırlar.
Qarabağ ermənilərinin əksəriyyəti çox yaxşı başa düşür ki, Ermənistanda onların Azərbaycandakı kimi yaşamaları mümkün olmayacaq. Çünki Ermənistan kiçik ölkədir, onun öz problemləri də var. Qarabağ erməniləri siyasi oyunlarda qurban kimi Ermənistanda heç kimə lazım deyillər. 1990-cı illərdə də Azərbaycandan köç edən ermənilərin əksəriyyəti Ermənistanda qalmadı, üçüncü ölkələrə getdilər. Həmin aqıbət də Qarabağ erməniləri üçün hazırlanıb. Qarabağdan könüllü köçən ermənilərin uşaqları Ermənistanda məktəblərdə kütləvi şəkildə psixoloji basqıya məruz qalırlar. Ermənistannın sabiq ombudsmanı Larisa Alaverdnyan bir müddət əvvəl “Sputnik Ermənistan”a deyib ki, Qarabağdan köçmüş uşaqlara qarşı zorakılığın səbəblərindən biri də dövlətin siyasi mövqeyi və ölkə vətəndaşlarının ailələrində formalaşmış stereotiplərdir. Ermənilərin yenidən Qarabağa qayıdışı isə tez-tez yada salınır. Hərçənd bunu özlərinin istədiyi hiss olunmur. Hətta Paşinyan administrasiyası da geri dönüşlə bağlı çağırış etməyib. Lakin bugünlərdə Rusiya rəsmiləri onlara dəstək ola biləcəklərini dilə gətiriblər. XİN nümayəndəsi Zaxarova açıq surətdə mesaj verdi ki, əgər ermənilər qayıtmaq istəsələr, Moskva kömək edə bilər. Sözsüz ki, onların Xankəndi və ətraf ərazilərə gəlməsi sülhməramlı kontingentin qalması üçün bəhanə ola bilər. Amma Bakının da konkret tələbləri var - Azərbaycan vətəndaşlığı və Zəngəzura qərbi azərbaycanlıların qayıdışının təmin olunması.
Yəni ermənilər Xankəndinə qeyd-şərtsiz qayıda bilməzlər və onları daha əvvəlki xunta rejimi idarə etməyəcək. Ona görə də bunu anlayıb regionu tərk etdilər. Novruz bayramı münasibətilə xalqa təbrikində isə Prezident İlham Əliyev Xankəndinin Azərbaycan torpağı olması ilə bağlı bir sıra faktları açıqlayıb. Dövlət başçısı Xankəndinin qədim Azərbaycan torpağı olduğunu, Pənahəli xan tərəfindən salındığını bildirib. Həmçinin vurğulayıb ki, Xankəndi sovet dövründə də Azərbaycan büdcəsi hesabına, Azərbaycan memarları və inşaatçıları tərəfindən inşa edilib. Prezident qeyd edib ki, Xankəndidəki Vilayət Partiya Komitəsinin binasının müəllifi Həsən Məcidov, Vilayət İcraiyyə Komitəsinin binasının müəllifi, Nəsrullah Kəngərli, mehmanxana binasının müəllifi isə Ənvər Qasımzadə olub. Xankəndinin mərkəzi meydanına da Zəfər meydanı adı verilib. “Fevralın 26-da mən Xocalıda xocalılılarla birlikdə Xocalı memorial kompleksinin təməlini qoydum. Burada yerləşmiş, qanunsuz inşa edilmiş şeytan yuvası - dırnaqarası parlament binası və onun yanındakı terror təşkilatının binası fevralın 26-da sökülməyə başladı və yerlə-yeksan edildi. Separatçıların izi-tozu da qalmadı. Novruz tonqalı da son təmizləmə işlərini görür", - Azərbaycan Prezidenti təbrikində deyib.
Akif Nağı
“Yeni Müsavat”a danışan Azad Vətən Partiyasının sədri Akif Nağı qeyd etdi ki, onlar öz qərarını veriblər: “Ermənilərin Qarabağdan çıxmasını təşviq edənlər çalışdılar ki, bu faktdan istifadə edərək Azərbaycana təzyiq göstərsinlər. Burada ABŞ, Rusiya, Fransa da maraqlı ola bilərdi. Onlar getdilər, qalmaq istəmədilər, kimsə də qovmadı. İndi də guya Ermənistan hökuməti onların sosial şəraitini yaxşılaşdırır, qayğısına qalır, amma yalandır. Odur ki, başqa ölkələrə getmələrə üstünlük verirlər. Həmin ölkələr də Qarabağdan köç etmiş erməniləri qarşılamağa maraqlıdırlar, bundan istifadə etmək niyyətindədirlər”. A.Nağı istisna etmir ki, hətta Qarabağ ermənilərin beynəlxalq status verməyə cəhd oluna bilər: “Türkiyə və Azərbaycan əleyhinə iş aparmaq arzusunda olan qüvvələr bu ssenarini işə salırlar. O baxımdan onların bir həftə içində Qarabağdan getməsində maraqlı olan dairələrin də məqsədi bu idi ki, Bakını ittiham etsinlər”.
Xəzər Teyyublu
Hüquq müdafiəçisi Xəzər Teyyublunun sözlərinə görə, Qarabağdan öz xoşu ilə gedənlər əsasən Zəngəzur bölgəsinə yerləşdirilib. X.Teyyublu İrəvanda az sayda Qarabağ ermənisi yaşadığını bildirir. Onun fikrincə, hökumət məqsədli şəkildə bu narazı elektoratı parçaladı və mərkəzdən uzaq tutdu: “Paşinyan bəyan edir ki, onların bir hissəsi ictimai mənzillərlə, yataqxanalarla təmin olunublar. Onsuz da Qarabağda da günü bir gün olmayan bu adamlar xunta rejiminin tapdağı altında səfalət içində yaşayırdılar. İndi də Ermənistanda onları bir xoş gün gözləmir. Amma onların səsi bərk çıxmır. Görünür ki, geri qayıtmaq istəmirlər deyə razılaşıblar. Hərçənd Azərbaycan vətəndaşı kimi çox rahat həyat sürə bilərdilər”. X.Teyyublu xatırladır ki, Qarabağ ermənilərinin çoxu ya Rusiya, ya Ermənistan pasportuna sahibdir: “Qayıtmaqdan danışanlar özlərinə sual verməlidirlər ki, hansı Xankəndi, yaxud Ağdərə ermənisi Rusiya və ya Ermənistan pasportunu yandırıb bura qayıtmaq, Azərbaycan vətəndaşı kimi yaşamaq istəyər? Onlar bizə nifrət edirlər və düşmən kimi baxırlar. İkincisi, onların Laçın postu ilə gedib-gələrkən görürdük ki, əksəriyyəti Rusiyaya ticarətə gedənlərdir. Deməli, Qarabağı itirsələr də, başqa bir var. Amma biz bütün xoşagəlməz ssenarilərə hazır olmalı və qabaqlamalıyıq ki, hansısa qüvvələr yenidən regionda oyunlara başlamasınlar".
Emil SALAMOĞLU
“Yeni Müsavat”