Xankəndidə Zəfər paradı, Movsesin məhv olan təqvimi

Üç il öncə Şuşa işğaldan azad olundu.

Şuşanın işğaldan azad olunmasından üç il sonra Azərbaycan Silahlı Qüvvələri Xankəndidə hərbi parad keçirdi.

Paradı Azərbaycan Silahlı Qüvvələrini Ali Baş Komandanı İlham Əliyev qəbul etdi.

Gerçəkləşən, İlham Əliyev tərəfindən gerçəkləşdirilən milli hədəfin doğurduğu bir yeni təqvim var.

Bu təqvim Qriqori sisteminin günlərinin yenidən şəkillənməsidir.

Zamanı bölmək insanların köhnə vərdişidir.

Qədim misirlilər üçün yeni iln başlaması üçün Nil daşmalı idi.

Nil də durduğu yerdə daşmazdı.

Daşmazdan öncə təxminən 70 gün boyunca Misir səmasında gözə dəyməyən Sirius ulduzu bərq vurar, Günəşin doğuşundan bir an öncə alışıb yanardı.
Çağdaş dünyanın təqvimi Günəşlə hesablanır. Bir ilin keçməsi üçün planetimiz Günəş ətrafındakı dövrəsini tamamlamalıdır. Bu, ekinoks ilinə ən yaxın zaman bölgüsüdür.

Yüz civarında təqvim içindən mütərəqqi dünya olaraq üzərində dayandığımız bu bölgü papa Qriqori tərəfindən təsbit olunduğu üçün onun adını daşısa da, mərkəzində İsus Xristus dayanır. Xristian inancına görə, Xilaskarın doğuluşu birinci il hesab olunur.

Təqvimlər tarixində illərin başlanğıcı müxtəlif olaylara bağlıdır. Romalılar üçün təqvim paytaxtlarının salınmasından, yunanlar üçün olimpiadaların keçirilməsindən, ərəblər üçün islam peyğəmbərinin Məkkədən Mədinəyə hicrətindən başlayırdı.

Yəqin ki, sözümü qəribçiliyə salmazsınız, biz bir xalq olaraq Şuşada keçirilən "Xarı bülbül" festivallarına ölkəmizdə baş tutan qalan bütün kütləvi tədbirlərdən daha çox sevinirik.

Əgər diqqət edirsinizsə, biz son vaxtlar paytaxtın dəyişməsindən, baş şəhərimizin Bakıdan Ağdama, Xankəndiyə köçürülməsindən danışırıq.
Bütün bunlar həm də bizim yeni təqvim arayışlarımızdır.

Yox, mən nə çağdaş dünyanın rəsmi təqvimindən imtina etməyin tərəfdarıyam, nə də məlum millət vəkili kimi ayların adını dəyişdirməyin.



Zira, bu artıq fərqində olmalı olduğumuz gerçəklikdir ki, azərbaycanlı şüurunda zamanın artıq ZƏFƏRDƏN ÖNCƏKİ və ZƏFƏRDƏN SONRAKI bölgüsü var.

ZƏFƏRDƏN ÖNCƏKİ AZƏRBAYCAN çox əsrlik apatiya içindədir, üç-beş xoş gününü belə sonacan sevinclə yaşaya bilməyən qəmküsardır, ZAMAN qarşısında məyus və diligödəkdir.

ZƏFƏRDƏN SONRAKI AZƏRBAYCAN güvənli, cəsarətli, qürurlu, sevdasına qovuşmuş aşiq kimi bəxtiyardır.

Nilə bənzətsək, bizim səbr kasamızın daşması üçün milli bəxtimizin Sirius ulduzu, necə deyərlər, küsüb gözə görünməməli idi. Bu Siriussuz günlərdə -30 ilə yaxın bir müddətdə- Azərbaycanın bətnindən TORPAQLARIN XİLASKARI doğulmalı idi. O lider Şuşanı azad edərək 8 noyabrı yeni eranın ilk gününə çevirməli idi.

Lİder dəyərlər və gözləntilər sistemində üzə çıxaraq bir təşkilatı uğura aparan, yaxud uğursuzluğa düçar edən faktoral kimlikdir. Dövlət də bir təşkilatdır, xalqın ən ciddi strukturlaşmış sistemidir.

Biz əsrlərdir ermənilərə- və təkcə ermənilərə yox- ona görə torpaq "bəxş" edə-edə gəlirdik ki, xalqın strukturlaşmış sistemi ya yox idi, ya zəif idi, ya da önünə düşən isimlər liderlik funksiyalarını həyata keçirmək potensialına tam malik deyildilər. Ulu öndər Heydər Əliyevdən başqa xalqın önünə düşənlərin heç biri Azərbaycana Azərbaycanın fövqündən baxmağı- Nil (tarixin daxili axın) və Sirius (sistemdənkənar sistem) arasındakı bağlantını görməyi bacarmamışdı. Azərbaycanın yeni dövlət təşkilatı məhz Heydər Əliyevin tarixi şüurumuzu və milli potensialımızı strateji planlara yönəldə bilmək bacarığı sayəsində quruldu. Ata vəsiyyəti olaraq bioloji və siyasi varisinə həvalə edilmiş bu strateji planlar prezident İlham Əliyev tərəfindən ilk növbədə ona görə uğurla həyata keçirildi ki, 44 günlük savaşın müzəffər sərkərdəsinin keçmişində və karyerasında məğlubiyyət kompleksi yox idi. İlham Əliyevi bir siyasi lider kimi formalaşdıran amillər, onun dövlət başçısı olaraq yürütdüyü siyasətin kökü, idarəçilikdə üzləşdiyi ən kritik məsələlərin həllində nümayiş etdirdiyi davranışların əxlaqi və ideoloji əsasları Heydər Əliyevin timsalında dünya çaplı bir siyasət dahisinin zəngin təcrübəsinə istinad edirdi.

İlham Əliyev bir lider olaraq bürokratik sovet sistemindən də, meydan hərəkatının romantik-populist stixiyasından da kənarda formalaşdığından Azərbaycanın problemlərinə, o cümlədən asılı olduğumuz tarixin paradiqmalarına son dərəcə aydın və rasional baxa bilir. Onun məhz gələcəyə sistemli baxışları, güvən aşılayan liderlik üslubu və baş ideoloq olaraq azərbaycançılıq fəlsəfəsinə inancı möhkəmləndirməsi Azərbaycana tarixi bir şans yaratdı. Biz ilk dəfə olaraq qlobal təlatümlər öncəsi sistemləşərək dünya düzənin pozulmasına da, yenidən formalaşmasına da hazır idik, öz gücümüzə arxalanardıq. Bu, azərbaycanlılar üçün yeni sosial keyfiyyət olmaqla yanaşı, həm də qarşı təşkilatı- süni Ermənistan Respublikasını ortaya çıxaran və ayaqda saxlayan faktorların iflasa məhkum edilməsi idi.
Ermənilər həm də məxsusi təqvimləri olan bir dini icmadır.

Bu dini icmanın hazırda 1472-ci il olan təqvimində 10-cu ay "murts", yəni "zəfər" adlanırdı.

Ərəb kökənli "təqvim" kəlməsinin bir anlamı da ayağa qalxmaq, düzlənməkdir.

Bu gün Xankəndidə Ali Baş Komandan qarşısından keçəcək Azərbaycan ordusuna "düzlən" komandası verildi.

Bu həmin ordudur ki, İlham Əliyevin Ali Baş Komandanlığı ilə Movsesin təqvimindəki "zəfər ayı"nı qara aya çevirib.

1472 illik erməni təqvimini puç edərək Azərbaycana yeni düşüncə sistemi yaratmaq- budur İlham Əliyevin tarixi nailiyyəti!

 

Taleh ŞAHSUVARLI

08.11.2023 22:17
1395