Xankəndidə təlaş başlayıb: Bakının strateji planı reallaşır

Erməni separatçı-terrorçular reinteqrasiya prosesinə müqavimət imkanlarını itirmək üzrədir, indi onlar törətdikləri hərbi cinayətlərin cəzasından yayınmaq üçün “bazarlıq masası” axtarırlar... Rəsmi Bakı isə əvvəlcə Qarabağdakı erməni etnik azlığın Azərbaycan cəmiyyətinə reinteqrasiyasını reallaşdırmaq niyyətindədir, hərbi cinayətkarların taleyi isə yalnız bundan sonra həll ediləcək...

Erməni toplumunda panik durum getndikcə dərinləşir. Rəsmi İrəvanın ardıcıl taktiki və siyasi-diplomatik məğlubiyyətləri erməni toplumunda ümudsizlik yaradıb. İndi erməni radikal-revanşist siyasi dairələrin isterik açıqlamaları da Ermənistanın “geopolitik bataqlıq”da cabaladığını göstərir. Və üstəlik, rəsmi İrəvanın son təxribatlar üzərindən qurmağa çalışdığı beynəlxalq manipulyasiyalar da boşa çıxmaqdadır.

Məsələ ondadır ki, rəsmi İrəvanın bütün gözləntilərinin tam əksinə olaraq, “TIR şousu”na ermənipərəst beynəlxalq siyasi dairələrin dəstəyi Ermənistanın ümid bəslədiyi səviyyədən çox-çox uzaqdır. Belə ki, Ermənistanın “beynəlxalq bacıları” rəsmi İrəvanın geopolitik mövqelərini möhkəmləndirməyə nail olmadılar. Hər halda, Fransanın İrəvandakı səfirinin öz sosial şəbəkə hesabında Ağrı dağının fotosunu yerləşdirməsi Ermənistan üçün elə bir ciddi beynəlxalq uğur sayıla bilməz.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycana beynəlxalq təzyiqlər yaratmağa çalışan Ermənistan özü hazırda rəsmi Bakının əks addımları ilə üzləşib. Yeni problemlərlə baş-başa qalıb. Hər halda,Paşinyan hakimiyyəti indi üzərindən təxribat törətməyə çalışdığı “humanitar yük”ləri yenidən İrəvana qaytarmaq barədə düşünmək məcburiyyətindədir. Və bu, uğursuzluğun etirafı kimi, Ermənistanda daxili etirazlara səbəb ola biləcəyindən, rəsmi İrəvan üçün ciddi problemə çevrilməyə başlayıb.

8c46ee73a41fc84751fbb6dbdf80463e.jpg (36 KB)

Göründüyü kimi, Paşinyan hakimiyyəti Ermənistan üçün növbəti məğlubiyyət məkanı yaradıb. “Laçın dəhlizi” ilə bağlı ənənəvi iddialar birdəfəlik öz əhəmiyyətini itirib. Rəsmi Bakı öz çevik və prinsipial addımları ilə Azərbaycanın mövqelərini daha da möhkəmləndirib. Və rəsmi İrəvanın təxribatını Ermənistanın əleyhinə çevirməyə nail olub.

Eyni zamanda, rəsmi Bakı Ermənistana və Qarabağdakı erməni separatçı-terrorçulara daha bir ağır zərbə vurmaq imkanlarını əldən buraxmayıb. Laçın postunda erməni terrorçunun həbs edilməsi indi Ermənistan üçün real problemdir. Çünki rəsmi İrəvan üçün hər şey bir-birinə qarışıb. Paşinyan hakimiyyəti “TIR şousu” və erməni terrorçunun həbsi aparında qalıb. Və onlardan hansının beynəlxalq səviyyədə dəstəyə yol aça biləcəyini müəyyən etməkdə çətinlik çəkir.

Halbuki, bu iki hadisənin heç birisi rəsmi İrəvana beynəlxalq dəstək vəd etmir. Rəsmi Bakının icazə alınmadığını əsas gətirərək, “humanitar yükləri” Laçın postundan buraxmamaq barədə qərarı beynəlxalq hüquq normalarının müdafiəsi altındadır. Yəni, bu məsələ ilə bağlı Azərbaycana beynəlxalq təzyiqlərin göstərilməsi üçün heç bir hüquqi əsas yoxdur.

Eyni zamanda, Laçın postunda erməni terrorçunun həbsi isə həm rəsmi İrəvanı, həm də beynəlxalq ermənipərəstləri çıxılmaz vəziyyətə salıb. Paşinyan hakimiyyətinin erməni terrorçunun azad edilməsinə dəstək çağırışları beynəlxalq məkanda qarşılıq tapmır. Çünki beynəlxalq siyasi dairələr hərbi cinayətləri faktlarla sübuta yetirilmiş erməni terrorçunu müdafiə etməklə, öz reputasiyalarını ləkələmək istəmirlər.

553ca3cd-f6e8-4b12-8e68-cdd0639acd79.jpg (258 KB)

Ona görə də, rəsmi Bakını bu qarşıdurma mərhələsinin mütləq qalibi hesab etmək olar. Xüsusilə də, erməni terrorçunun vaxtilə törətdiyi hərbi cinayətlərə görə həbs olunması erməni separatçı-terrorçular apasında panik durumu dərinləşdirib. Bu hərbi cinayətkarlar onsuz da onları cəza gözlədiyini artıq bilirdilər. Hətta onlardan bəziləri Azərbaycanın Qarabağ regionundan diqqəti çəkmədən qaçmağın yollarını axtarırdılar.

Ancaq indi erməni separatçı-terrorçular Azərbaycanın rəsmi dairələrinin heç nəyi unutmadığına tam əmin oldular. Üstəlik, rəsmi Bakının onlara qaçıb, törətdikləri hərbi cinayətlərin cəzasından xilas olmaq şansı tanımayacağını da anladılar. Bəzi məlumatlara görə, hətta erməni separatçı-terrorçular öz gələcək taleləri barədə qərar verəcək rəsmi Bakı ilə birbaşa təmas variantları axtarırlar. Və Azərbaycanın rəsmi dairələri ilə “bazarlıq” şansını sınaqdan çıxartmağa çalışırlar.

Halbuki, indi rəsmi Bakını ilk növbədə Qarabağın etnik erməni azlığının reinteqrasiya prosesinin inkişafı maraqlandırır. Ona görə də, erməni separatçı-terrorçular amnistiya şansı barədə düşünürlərsə, bu prosesə əngəl törətmək cəhdlərindən dərhal imtina etməlidirlər. Əks halda, çox zəif olan amnistiya ehtimalını da tamamilə unutmalı olacaqlar.

Onu da qeyd edək ki, erməni separatçı-terrorçular son vaxtlar reinteqrasiya prosesinə müqavimət imkanlarını da itirmək üzrədir. Bu barədə sızan məlumatlara görə, hazırda Qarabağda yaşayan erməni etnik azlığının Azərbaycanın mərkəzi hakimiyyət təmsilçiləri ilə görüşünün təşkili üzərində işlər başlayıb. Həmin məlumatlara görə, bu görüşün hər hansı üçüncü tərəfinə iştirakı olmadan, Yevlax şəhərində keçirilməsi planlaşdırılır.

1528745391_4e61f958d4a76fb410b67ebb35ebd14c.jpg (420 KB)

Təbii ki, birbaşa təmas formatı rəsmi Bakının prinsipial mövqeyinmdən qaynaqlanır. Rəsmi İrəvanın və erməni separatçı-terrorçuların bütün cəhdlərinə baxmayaraq, Azərbaycan öz ayrılmaz tərkib hissəsi olan Qarabağın erməni azlığı ilə hansısa vasitəçilərin iştirakı ilə müzakirələr aparmaq niyyətində deyil. Rəsmi Bakı bu məsələni birmənalı şəkildə Azərbaycanın daxili işi hesab etdiyindən “beynəlxalq vasitəçi” istəyini qətiyyətlə bloklayır.

Ancaq bəzi məlumatlara görə, erməni separatçı-terrorçular planlaşdırılan görüşün qarşısını almaq üçün prosesi sabotaj etməyə cəhd göstərirlər. Bu hərbi cinayətkarlar anlayırlar ki, reinteqrasiya prosesi son nəticədə onların cəzalandırılmasına münbit şərait yarada bilər. Və ona görə də, bu prosesin mümkün qədər əngəllənərək, uzadılmasına çalışırlar.

Eyni zamanda, erməni radikal-revanşistlərə bağlı Ermənistan mətbuatında da artıq reintqerasiya görüşünə qarşı əks təbliğat materialları dərc olunmağa başlayıb. Halbuki, bu prosesin əvvəl-axır reallaşacağı qətiyyən şübhə doğurmur. Çünki, erməni toplumunun beynəlxalq qurumlara bəslədiyi ümidlər tamamilə yersizdir. Cənubi Qafqazın və Qarabağdakı erməni etnik azlığının problemlərini yalnız Azərbaycan həll edə bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

01.08.2023 19:01
7241