Bu gün 2023-cü ilin 19 sentyabrında Azərbaycan Ordusunun Qarabağda erməni separatçı rejimini çökdürmək üçün həyata keçirdiyi 23 saatlıq antiterror tədbirlərinin 1-ci ildönümüdür.
Qarabağın böyük hissəsi 2020-ci ilin payızında döyüş yolu ilə, digər ərazilər - Ağdam, Kəlbəcər, Laçın 10 noyabr bəyanatına uyğun olaraq Azərbaycana təhvil verildikdən sonra rəsmi Bakı separatçı rejimin dinc yolla ləğvi üçün böyük çabalar göstərdi. Lakin Ermənistan terrorçu dəstələrini geri çəkmədi, separatçı rejimin “rəhbərləri” isə çağırışlara məhəl qoymadılar. Ötən ilin sentyabrında Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq daha bir zəfər günü yaşandı. 19 sentyabr 2023-cü ildə Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı Ermənistan ordusunun tör-töküntülərinə və separatçılara ağır zərbələr vuruldu. Düşmənin qüdrətli ordumuzun qarşısında 23 saat 43 dəqiqə dayanmağa gücü çatdı. Ağır itkilər verən işğalçılar ağ bayraq qaldıraraq təslim oldular. Ordumuzun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı hərbi qulluqçularımız böyük igidlik və qəhrəmanlıq göstərdilər. 19 sentyabrda uğurla həyata keçirilən bu tədbirlər nəticəsində Qarabağda erməni separatizminə son qoyuldu. Bir sutkadan daha az bir zaman kəsiyində Ermənistan Silahlı Qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinin ağ bayraq qaldırıb silahı yerə qoymaları, döyüş mövqelərindən və hərbi postlardan çıxaraq tam şəkildə tərk-silah olunmaları milli dövlətçilik tariximizdə yeni qəhrəmanlıq salnaməsidir.
Separatçı ermənilərin, xunta rejiminin heç bir çağırışa məhəl qoymaması, bölgədə terror aktlarını davam etdirməsi, Ermənistanın 10 noyabr üçtərəfli bəyanatının tələbini yerinə yetirməkdən yayınması antiterror tədbirini qaçılmaz edirdi.
19 sentyabr antiterror tədbirlərindən öncə Azərbaycan separatizmin əl-qolunu bağlamaq istiqamətində addımlar atmışdı:
- 2023-cü il aprelin 23-də Laçın rayonunun Həkəri körpüsü üzərində - Ermənistanla şərti dövlət sərhədində sərhəd-buraxılış məntəqəsinin qoyulması ilə Azərbaycanın ərazi bütövlüyü praktiki olaraq təmin edildi;
- Azərbaycan torpağında erməni separatizminin nəfəsliyi olan “Laçın dəhlizi” ləğv edildi, bütün Qarabağa və Şərqi Zəngəzura tam nəzarət Azərbaycanın daxili işinə çevrildi;
- Azərbaycan torpağında separatizmin ləğvi və ərazimizdə qalan erməni silahlı dəstələrinin təminatları kəsildi, Ermənistan ərazisindən silah-sursat daşınmasının qarşısı alındı;
- Qarabağın erməni əhalisinin reinteqrasiya prosesi ön plana çıxarıldı, erməni əhalisinin separatçıların və terrorçuların girovluğundan xilas edilməsi istiqamətində praktiki addımlar atıldı.
Lakin separatçı rejim yenə də silahı yerə qoymadı terrorçuluğu davam etdirdi. Xankəndi-Laçın yolundakı 4 aylıq aksiyalardan sonra müəyyən ərazilərə və koridora nəzarət ölkəmizə keçsə də, təxribatlar səngimədi. Belə ki, 2023-cü ilin 19 sentyabr tarixində Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdi. Erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid oldu və yaralandı. Bununla yanaşı, ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutuldu. Nəticədə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralandı. Həmin gün Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin növbəti terror aktı nəticəsində Ağdam və Şuşa şəhərlərində müvafiq olaraq iki mülki əməkdaş həlak oldu. Qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərini gücləndirməsi və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirməsi Azərbaycan Ordusunun bölmələri tərəfindən təsbit edildi. Bütün bu təxribatların qarşısının alınması, üçtərəfli bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı.
Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı.
Sentyabrın 28-də Qarabağın separatçı rejiminin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı. Beləliklə, 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərk-silah edilərək, ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi və Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Azərbaycanın Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşdı.
Faktiki olaraq Azərbaycan separatizmi antiterrorla sonlandırdı, suverenliyini tam bərpa etdi. Bu gün isə Xankəndidə firavan bir həyat var.
Azərbaycanın bu effektiv taktikası tarixi bir proses kimi qiymətləndirilir.
Aydın Hüseynov
6-cı çağırış Milli Məclisin deputatı Aydın Hüseynov “Yeni Müsavat” şərhində bildirdi ki, Azərbaycan 44 günlük müharibədə zəfərdən sonra Ermənistanla münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh müqaviləsi imzalamaq, ölkəmizin Qarabağ regionundakı etnik ermənilərin Azərbaycan vətəndaşları kimi reinteqrasiyası və onların bütün hüquq və azadlıqlarının təmin olunması üçün çox səylər göstərdi: "Azərbaycan dəfələrlə baş verən erməni təxribatlarına baxmayaraq, onlara bölgədə dinc və təhlükəsiz yaşamaq şərtlərini təklif etdi. Azərbaycan Qarabağ regionundakı erməni sakinlərə Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından eyni anda istifadə etməklə Beynəlxalq Qızıl Xaç Komitəsinin yük avtomobilləri ilə malların çatdırılmasını təmin etdi. Ancaq onlar bunu başa düşmədilər, Azərbaycana tabe olmayacaqlarını bəyan etdilər və təxribat, terror hərəkətlərini genişləndirdilər. Azərbaycan başqa yolun qalmadığına tam əmin olduqdan sonra antiterror tədbirlərini başlatdı və öz istəyinə nail oldu.
Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan Silahlı Qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri zərərsizləşdirildi, onlar döyüş mövqelərindən və hərbi postlardan çıxaraq tam şəkildə tərk-silah oldular. Müzəffər Ali Baş Komandan İlham Əliyevin və yenilməz Ordumuzun başlatdığı antiterror tədbirləri müddətinə və bir nəfər də olsun mülki sakinin və mülki obyektin zərər görməməsi faktına görə dünya hərb tarixinə düşdü. Bu tarix 44 günlük müharibədəki zəfərdən sonra Azərbaycanın növbəti qələbəsi oldu. Azərbaycan bununla da öz konstitusiya hüquqları çərçivəsində atdığı addımlara uyğun olaraq dincliyi və sabitliyi pozan, insanların həyatına qəsd edən terrorçuları zərərsizləşdirərək bölgədə sülhün və dayanıqlı təhlükəsizliyin əbədiliyini də təmin etmiş oldu".
A.Hüseynov qeyd etdi ki, 44 günlük Zəfər yürüşündə BMT-nin 4 qətnaməsini təkbaşına icra edən dövlətimiz, yenə təkbaşına 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın icra olunmamış maddəsinin icrasını təmin etməyi bacardı, 28 sentyabrda Qarabağdakı separatçı rejim “rəsmi olaraq” özünü buraxdı və bununla da 2020-ci ilin 27 sentyabrında başlayan, Azərbaycanın 200 illik məğlubiyyət tarixini dəyişdirən, bölgədə tamamilə yeni reallıqlar yaradan Vətən müharibəsində əldə edilmiş zəfər tamamlandı: “19 sentyabr qələbəsinin nəticəsi olaraq 2023-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev müqəddəs Azərbaycan Bayrağını Ağdərədə, Xocalıda və Xankəndidə qaldıraraq xalqımıza 30 ildən çox səbirlə gözlənilən ən böyük müjdəni - tam qələbə xəbərini verdi. 32 il ərzində Xankəndidə separatizm, terrorçuluq, türk düşmənçiliyi təbliğatının yuvasına çevrilmiş binanın üzərinə Azərbaycan Respublikasının gerbini vurdurdu, önündə müqəddəs Azərbaycan Bayrağı qaldıraraq revanşizm çağırışları edənlərə də son xəbərdarlığını etdi. Sözü imzası qədər keçərli, siyasi iradəsi, prinsipiallığı, uzaqgörənliyi ilə ən yeni Azərbaycan tarixinə öz möhürünü vurmuş və gələcək nəsillərə parlaq inkişaf yolu açmış lider İlham Əliyev Azərbaycan ərazisində erməni separatizminə son qoydu, Azərbaycanın müstəqilliyini, hər bir qarış torpağı üzərində suveren hüququnu tam bərpa etdi. Xankəndi zəfəri ilə Azərbaycan özünün keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil oldu. Bu gün Xankəndidə həyat qaynayır. Qarabağ Universiteti fəaliyyətə başlayıb. Bütün bölgə inkişaf dövrünə qədəm qoyub. Bölgədə təhlükəsiz və dinc həyat ritmi təmin olunub".
Yusif Bağırzadə
Politoloq Yusif Bağırzadə isə bildirdi ki, antiterror əməliyyatının regionda yeni reallıqlar yaratdığı danılmaz faktdır: "Ermənistanın üzərinə düşən öhdəlikləri icra etməkdən boyun qaçırması, öz silahlı hərbi birləşmələrini ərazilərimizdən çıxarmaması və bu azmış kimi, separatçı rejimə silah-sursat tədarükü edərək onları yeni təxribatları ruhlandırması antiterror əməliyyatını vacib edirdi və bu da baş verdi. “Fərrux”, “Qisas” və bu kimi digər hərbi əməliyyatlardan dərs çıxarmayan düşmən və onu hər vəchlə himayə edən qüvvələr yenə də humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolunun imkanlarından öz çirkin məqsədləri naminə yararlanaraq silah-sursatların daşınmasını davam etdiridilər. Erməni təxribatlarının qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı.
19 sentyabr 2023-cü ildə Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı Ermənistan ordusunun tör-töküntülərinə və separatçılara ağır zərbələr vuruldu və bu şübhəsiz ki, tariximizin qürur duyulası səhifəsidir. Azərbaycan Ordusu qarşısında cəmi 23 saat 43 dəqiqə ərzində dayanmağa güc tapan düşmən ağır itkilər verərək təslim olmağa məcbur edildi. Bununla da Qarabağda erməni separatizminə son qoyuldu.
İndi üzərindən bir il keçdikdən sonra antiterror tədbirlərinin nəticələrinə baxdıqda daha aydın şəkildə görmək olur ki, bu əməliyyatlar faktiki olaraq son 200 ilə yaxın müddət ərzində regionda mövcud olmuş terrorizmə, separatizmə son qoydu. Həmçinin Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə barışa bilməyən, radikal separatçı qruplar üzərindən regiona müdaxilə etmək imkanlarını qoruyub saxlamağa çalışan xarici dairələrin çoxillik ssenariləri tamamilə sıradan çıxmış oldu.
Ən önəmlisi isə təkcə separatçı rejimin ləğvi deyil, həm də Azərbaycanla Ermənistan arasında danışıqlarda əsas maneə olan Qarabağın erməni əhalisinin hüquq və təhlükəsizliyi ilə bağlı məsələ birdəfəlik olaraq gündəlikdən çıxarıldı".
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”