Polis general-mayoru Sərdar Səfərov sülhməramlılarla birgə hansı fəaliyyəti həyata keçirir - təhlükəsizlik eksperti və sabiq polis rəisi detalları açıqladı
Xankəndi şəhərinə polis general-mayoru Sərdar Səfərov komendant təyin edilib. “Yeni Müsavat” xatırladır ki, münaqişənin ilk illərində keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi vəziyyət elan olunmuş və ilk komendantı da general-mayor Vladislav Safonov təyin edilmişdi. Biz hələ sentyabrın 19-da bilgili mənbəyə istinadən Xankəndinə komendant təyin edilə biləcəyini yazmışdıq. Bildirilirdi ki, Xankəndi ilə yanaşı, digər ərazilərdə də, xüsusilə Xocalı və Əsgəranda da eyni prinsiplərlə komendaturalar yaradıla bilər.
Qeyd edək ki, Prezident İlham Əliyev MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərlərini Bakıda qəbul edərkən demişdi ki, antiterror tədbirləri 24 saatdan da az davam etdi və bu müddət Ermənistanın qanunsuz hərbi birləşmələrinin tam şəkildə demoralizasiyası və mahiyyət etibarilə, təslim olması üçün kifayət etdi. “Bu gün ərazilərin quldur dəstələrindən təmizlənməsi prosesi gedir. Bizdə olan məlumatlara görə, hələ ərazimizdə gizlənməyə davam edən müəyyən qruplar mövcuddur. Sentyabrın 20-dən sonra Qarabağda hərbi təxribatlar törədildi. Ərazi kifayət qədər böyükdür, dağlıqdır, meşəlikdir, buna görə də bizə ərazini quldur birləşmələrindən tamamilə təmizləmək üçün vaxt lazım olacaq”, - deyə Azərbaycan Prezidenti vurğulamışdı.
Dövlət başçısı ilk dəfə idi ki, belə bir faktın mövcudluğunu MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri ilə görüşdə açıqladı. Ki, bu da təsadüfi deyil. Yəni həm də o anlama gəlir ki, erməni silahlıları regionda gərginlik yaratmağa cəhdlər edə bilər. Məlumata görə, bölgə qaçaq-quldurlardan tam təmizləndikdən sonra Xankəndidə Prezidentin xüsusi nümayəndəliyini yaratmaq variantı var. Bu iş 2021-ci ilin dekabrında Qarabağ iqtisadi rayonuna daxil olan (Şuşa rayonu istisna olmaqla) ərazilərdə Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynova da həvalə edilə bilər. Amma daha ağlabatan variant budur ki, Xankəndi və ətraf rayonlarda Prezidentin xüsusi nümayəndələri olsun. Çünki bu vəzifənin yükü təkcə iqtisadi deyil, hərtərəfli fəaliyyət tələb edir. Komendant xidmətinin təşkil olunmasına gəlincə, şəhər və rayonların müəyyən yerlərində postlar qurulacaq, müəyyən ərazilərdə isə patrul xidməti olacaq. Bu xidmət sülhməramlı kontingentlə birgə təşkil edilməkdədir. Azərbaycanın icra orqanları orada fəaliyyətə başlayandan sonra onların təhlükəsizliyini qorumaq da vacibdir.
Onu da demək lazımdır ki, Xankəndinin komendantı general-mayor Sərdar Səfərov Türkiyənin Jandarma Zabitlər Məktəbini və DİN-in Polis Akademiyasını bitirib. 1996-2005-ci illərdə Daxili Qoşunlarda xüsusi təyinatlı bölüyün komandiri, xüsusi təyinatlı taborun qərargah rəisi kimi xidmət edib. 2019-2022-ci illərdə Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini və həmin İdarənin rəisi olub. Daha sonra BŞBPİ rəisinin xidmət üzrə müavini vəzifəsinə təyin edilib. O, son olaraq bu ilin yanvarında Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi təyin edilmişdi. “Hərbi xidmətlərə görə”, “İgidliyə görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib. Maraqlıdır, Xankəndi komendantına hansı səlahiyyətlər verilib, onun görəvi nələrdən ibarət olacaq? Niyə hərbi deyil, məhz polis sistemi bu iş üçün vəzifələndirilib?
Alp Arslan İmamqulu
Təhlükəsizlik eksperti Alp Arslan İmamqulu “Yeni Müsavat”a bildirdi ki, daxili təhlükəsizlik məsələlərinə Daxili İşlər Nazirliyi cavabdehdir. Onun sözlərinə görə, bunun Türkiyə praktikası da var. Təhlükəsizlik eksperti vurğuladı ki, zamanında türk jandarması Müdafiə Nazirliyinə tabe idi, sonra Daxili İşlər Nazirliyinə verildi: “Daxildəki təhlükəsizliyi təmin etmək daxili işlər orqanlarının vəzifəsidir. Ona görə də bu iş bölgüsü aparılıb. Bu gün yollara, strateji obyektlərə və s. mühüm nöqtələrə nəzarət Daxili İşlər Nazirliyinə tapşırılıb. Müdafiə Nazirliyi o zaman işə qarışır ki, sərhəddən böyük təhlükəyə daxili işlər orqanlarının gücü çatmayanda dəstək verir. Ona görə də daxildə olan obyektlərin qorunmasına polis cavabdehdir”. Həmsöhbətimiz deyir ki, polis ya sülhməramlıları əvəz etməlidir, ya da onlara təhlükəsizliyin qorunmasında dəstək verməlidir. Komendant sisteminin tətbiqi qaydalarına gəlincə, ekspert dedi ki, bu məsələ qanunvericiliklə tənzimlənir: “Qaydalara riayət olunmalıdır. İstisna hallarda komendantlığa müəyyən sərbəstlik verilir ki, xidmət çərçivəsində qaydalar tətbiq etsinlər. Bura şəhərə giriş-çıxış saatları, marşrutlardan kənara çıxılmaması və digər məsələləri aid etmək olar. Amma şəhərdə hansı saatda hərəkət sərbəstliyinin olub-olmaması prezidentin səlahiyyətində olan məsələdir”.
Mahmud Hacıyev
Sabiq polis rəisi Mahmud Hacıyev isə söylədi ki, komendantlığın polisə tapşırılması qanunauyğun qərardır. M.Hacıyev hüquq-mühafizə orqanının Xankəndi şəhərinin daxili təhlükəsizliyinə cavabdeh olacağını açıqladı: “Məqsədəuyğun bir addım atılıb. Çünki ermənilər milçəkdən fil düzəldən millətdir. Sabah uyduracaqlar ki, guya hərbçi onlara zor tətbiq edir. Amma polis birbaşa şəhərin daxili təhlükəsizliyinə cavabdeh olmalıdır, əlavə bəhanələr gətirə bilməzlər. Əslində keçmişdə də komendantlıq olub. Komendantın səlahiyyət dairəsi yüksək olur. Hətta İkinci Dünya müharibəsindən sonra rayonlarda hərbi komendantlar var idi. Onların səlahiyyəti hər şeydən üstün idi”.
Sabiq polis rəisi hansısa qaydaların tətbiqini istisna etmədi, lakin hazırda Xankəndidə sakitlik olduğunu qeyd etdi: “Hələ ki komendant saatı tətbiq edilməyib. Erməni milləti elədir ki, qayıtmaq istəyən ola bilər. Ona görə də polis komendantı düzgün qərardır. O da təhlil aparacaq, əməliyyat şəraitinə baxılacaq, sonra təklif edə bilər ki, komendant saatı tətbiq edilsin, ya yox. Hələ ki sakitlikdir, hər kəs öz işini görür. Bundan başqa, sülhməramlılarla birgə işin təşkili yaxşıdır. Ermənilərin əlində hansısa bəhanə olmasın, deməsinlər ki, sülhməramlılar yoxdur, ay aman, bizi qırırlar, nə bilim guya incidirlər. Bu kimi yalan təbliğat aparmasınlar, sülhməramlıların varlığı ermənilərin əlindəki saxta arqumentləri dəfn edir”.
“Xocavənddə də, Xocalıda da, Xankəndidə də bu idarəetmə forma və üsulları tətbiq olunacaq. Bu, Prezidentin səlahiyyətlərinə aid məsələdir. Cənab Prezident nəyi, nə zaman edəcəyini çox yaxşı bilir. Sözsüz ki, hansısa dəqiqləşdirilmiş, səmərəli və gələcək inkişafa hesablanmış bir yol seçilməlidir. Çünki orada müəyyən problemlər var. Antiterror tədbirləri ilə azad edilən ərazilərdə vaxtilə yaşamış ermənilər geri qayıdacaq. Belə bir vaxtda orada yeni idarəetmə formasının tətbiq edilməsi şübhəsizdir. Bu məsələni cənab Prezident öz səlahiyyətləri çərçivəsində həll edəcək”. Bunu isə Modern.az-a Milli Məclisin deputatı Tahir Rzayev deyib.
Siyavuş Novruzov
Milli Məclisin digər deputatı Siyavuş Novruzov ehtiyac olacağı təqdirdə Prezidentin xüsusi nümayəndəliklərinin yaradılacağını bildirib: “Zərurət yaranacaqsa, Xocalıya da xüsusi nümayəndəlik təyin olunacaq. Bu, cənab Prezidentin səlahiyyətində olan məsələdir. Qalan ərazilər Qarabağ iqtisadi rayonuna və Şərqi Zəngəzura aiddir. Ancaq yenə deyirəm ki, əgər zərurət olacaqsa, bununla bağlı qərar qəbul ediləcək. Nə Milli Məclisin, nə də başqa strukturun buna aidiyyəti var. Bu, tamamilə cənab Prezidentin səlahiyyətində və ixtiyarında olan məsələdir”.
Emil SALAMOĞLU
“Yeni Müsavat”