Xankəndi radiosunun əməkdaşı – O, doğma şəhərinə, köhnə iş yerinə dönə bilmədi

Bu gün səhər çağına qədər biz əməkdaşımız İlham Cəmiloğlunun yaşını, səhhətinin durumunu bilmirdik. Heç demə, onun yaşı 60-a çatmayıbmış.

Hamımız onu daha yaşlı bilirdik. Elə görünürdü. Ürəyində problem varmış. Amma o, öz şəxsi problemlərini açıb-ağardan adam deyildi. Kübar, ədəbli, hətta bir az utancaq adam idi.

Redakiyaya həftədə bir dəfə gəlirdi, ya da gəlmirdi. Evdən işləyirdi. Günə bir tarixi oçerk yazırdı. Bu mövzuda əngin biliyi, əlinin altında zəngin mənbələri vardı.

İlham Xudiyev 1965-ci il yanvarın 25-də Xankəndi şəhərində, ziyalı ailəsində doğulub. Onun atası müəllim, anası jurnalist olub, yerli radioda rəhbər vəzifədə işləyib. Elə İlham və qardaşı Hikmət də ailə ənənəsini davam etdirib, jurnalist olublar.

ilcem.jpg (103 KB)

Xankəndi şəhərinin mərkəzində, özü demişkən, “qorkom”un arxasında yaşayan İlham bu şəhərdəki Nizami Gəncəvi adına 4 saylı orta məktəbdə orta təhsil alıb. Sonra Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. Təhsilini başa vurduqdan sonra dogma şəhərinə qayıdıb, əvvəlcə müəllim, daha sonra jurnalist işləyib. Xankəndi radiosunun müxbiri olub.

1991-1998-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyində hərbi jurnalist kimi fəaliyyət göstərib, "Azərbaycan Ordusu" və "Qarabağ" qəzetlərində çalışıb.

Xankəndidə erməni separatizmi və kütləvi aksiyalar tüğyan edəndə o, bu hadisələrin canlı şahidi olub. Hər şey, çılğınlaşmış ermənilərin azərbaycanlılara qarşı törətdiyi təxribatlar, sıxışdırmalar, təhdidlər onun gözünün qarşısında baş verib. Nəticədə İlham Cəmiloğlu ailə üzvləri ilə birlikdə doğma şəhərindən didərgin düşüb.

O, Qarabağ müharibəsinin veteran zabiti idi, amma bunu heç vaxt bayrağa çevirməzdi, özünü “veteran” kimi təqdim etməzdi.

İlham Cəmiloğlu jurnalistlik fəaliyyəti ilə yanaşı, kitablar da yazıb. Onun yazdığı kitabların, demək olar ki, hamısı vətənpərvərlik ruhundadır. Bu, elə o kitabların adından da məlumdur: “Mən Azərbaycan vətəndaşıyam”, “Şuşadan Şəhidlər Xiyabanına”, “Müstəqil Azərbaycan”, “Bizim ziyalılar”, “Qarabağ müharibəsi – faktlar və həqiqətlər”, “Erməni təcavüzünün Qarabağ ünvanı”, Ukrayna dilində “Xocalı – yaddaşlardan silinməyən tarix” və s.

72e1a0411f63f94cd2822bdfb2eb9d1d.jpeg (96 KB)

İ.Cəmiloğlu son 6-7 ildə Musavat.com-un daimi yazarıydı. Onun öz rubrikası vardı və o, hər gün bu rubrikada yeni yazılar yazırdı. İxtisasca tarixçi olduğu üçün onda tarix mövzusunda yazılar yaxşı alınırdı, ona görə də onun yazıları oxucular tərəfindən gerçəkdən də çox sevilirdi. Bəzən bir gün o, hansısa vacib işi ilə əlaqədar yazı verməyəndə, redaksiyaya zəng gəlirdi: “İlhamın yazısı olacaq bu gün?”.

Sovet dövrünün incəliklərini onun qədər bilən adam ölkədə az tapılardı. İlham Cəmiloğlunun Lenin və silahdaşları, Stalin və ətrafı, Xruşov və kadrları, Brejnev və komandası, eləcə də Andropov, Çernenko, Qorbaçov barədə, onlarla işləyən hər kəs haqqında yazıları var. O, hər bir tarixi personaja mütləq ədalət çərçivəsində yanaşır, müxtəlif mənbələrə istinad edərək yaxşı tərəflərini də, pis cəhətlərini də qeyd edir, persona haqqında dolğun təəssürat yaradır, baş vermiş, amma çox adamın bilmədiyi tarixi hadisələrin detallarını yazırdı.

Təəssüf ki, bu istedadlı qələm dostumuz yaşı 60-a çatmadan, ürəktutmasından aramızdan ayrıldı. Bir də ona təəssüf ki, o, çox sevdiyi, ötən ilin sentyabrında rəşadətli ordumuz tərəfindən azad edilmiş Xankəndi şəhərinə yenidən dönə, orada məskunlaşa və öz köhnə iş yerində yeni həvəslə çalışa bilmədi.

Onun xatirəsi bizimlə yaşayacaq. Allah rəhmət eləsin.

“Yeni Müsavat” media qrupu

 

20.08.2024 12:37
1967