Azərbaycan tarixinin ən şanlı və səhifələri yazılmaqdadır. Rəsmi Bakı 30 illik "erməni rəzilliyi"ni cəmisi 24 saat ərzində bitirdi. Daha təkrarı olmayacaq, bu, mümkün deyil. Bütün dünya ermənipərəstləri bir yerə yığışsa belə, Azərbaycan ərazisində erməni terrorçuların onilliklər boyu hərbi cinayətlər törətdiyi "boz zona"nı yenidən bərpa etmək qeyri-mümkündür. Və indi hər kəs, elə dünya ermənipərəstləri də bu reallığı qəbul etmək məcburiyyətində qalıb.
Halbuki mövcud situasiya ilə barışmaq istəməyənlər hələ də mövcuddur. ABŞ Konqresinin 96 üzvü Azərbaycana qarşı sanksiya tələbi ilə Bayden adminstrasiyasına müraciət edib. Ağ Ev isə Qarabağın erməni azlığının humanitar hüquqlarının müşahidə edilməsi üçün beynəlxalq missiya yaradılmasını təklif edir. Və bu, müasir dünyanın riyakarlığını nümayiş etdirən ən qabarıq örnəkdir.
Vaxtilə, yəni 30 il əvvəl Azərbaycanın Qarabağ bölgəsindən erməni terrorçular 800 min Azərbaycanlını zorakıllqla didərgin salmışdılar. Bölgədə Azərbaycanlılara qarşı soyqırımlar törətmişdilər, etnik təmizləmə aparmışdılar. O vaxt bütün dünya, o cümlədən də, ABŞ Konqresindəki "humanistlər", indi müşahidə missiyası təklif edən ABŞ susurdu. Ermənilərin törətdiyi bəşəri cinayətləri görmək belə, istəmirdilər.
İndisə, Azərbaycan öz ərazisində erməni terrorçulara qarşı lokal antiterror tədbirləri sayəsində suveren hüquqlarını bərpa edib. Beynəlxalq ermənipərəstlər dərhal əl-ayağa düşüblər, "humanizm şneli"nə bürünüb, riyakarlıq edirlər. Halbuki, erməni terrorçuların 30 il əvvəl törətdiyi hərbi cinayətlərdən fərqli olaraq, indi kimsənin "humanizm"inə ehtiyac yaradacaq bir hadisə baş verməyib.
Məsələ ondadır ki, rəsmi Bakı Qarabağın erməni azlığının hüquq və təhlükəsizliyinin Azərbaycan Konstitusiyası çərçivəsində qorunacağını bəyan edib. Eyni zamanda, Azərbaycanın Xarici İşlər Nazirliyi Qarabağın erməni azlığını öz yaşayış yerlərini tərk etməməyə çağırıb. Və onlar üçün bütün yaşayış şəraitinin yaradılacağını bildirib.
Bütün bunlar o deməkdir ki, rəsmi Bakı Qarabağda yaşayan ermənilərin Azərbaycanı tərk etməsinə hər hansı cəhd göstərmir. Əksinə, onların bölgədə qalıb, yaşamasında israr edir. Ancaq Azərbaycanı tərk edən bəzi ermənilərin iddialarına görə, onların bölgəni tərk etməsində separatçı-terrorçuların təzyiqləri xüsusi rol oynayır. Bir çox ermənilər isə könüllü şəkildə Azərbaycan ərazisini tərk edirlər. Rəsmi Bakı isə buna əngəl törətmir. Çünki getmək istəyəni zorla saxlamaq da olmaz.
Ancaq Qarabağ erməniləri xəbər verir ki, Ermənistan erməniləri onlara yemək, su və dərman vermirlər. Hətta onlara Ermənistanda kifayət qədər ciddi təzyiqlərin göstərildiyi barədə də məlumatlar yayılmaqdadır. Yəni, Ermənistanda Qarabağdan gələn erməniləri qətiyyən məmnuniyyətlə qarşılamırlar. Bu baxımdan, indi onların hüquq və təhlükəsizliyini məhz Ermənistanda qorumağa ehtiyac yaranmış kimi görünür.
Onu da qeyd etmək lazımdır ki, hazırda rəsmi Bakını yalnız erməni separatçı-terrorçuların hərəkət istiqaməti daha çox düşündürür. Çünki bu cinayətkarlar Azərbaycan ərazisində bir çox bəşəri cinayətlər törədiblər. Onların bu cinayətlərə görə Azərbaycan qanunları qarşısında cavab verməsi vacibdir. Və erməni terrorizminin əsas sponsorlarından olan Ruben Vardanyanın 4 aylıq həbs edilməsi, ona qarşı ittihamın rəsmən elan edilməsi buna örnəkdir.
Digər erməni separatçı-terrorçu David Babayan isə könüllü olaraq, Azərbaycan dövlətinə təslim olub. Onun özünün iddiaslna görə, Azərbaycanın hüquqi-mühafizə orqanları David Babayandan müvafiq istintaq araşdırmalarının aparılması üçün Bakıya gəlməsini tələb edib. Ruben Vardanyanın həbsindən sonra onsuz da qaça bilməyəcəyini anlayan David Babayan isə Şuşaya gedərək, təslim olmaq məcburiyyətində qalıb.
Ancaq istintaqa cəlb olunacaq erməni separatçı-terrorçuların sırasına digərlərinin də qatılacağı qətiyyən istisna deyil. Çünki Ermənistanın “Hraparak” nəşrinin məlumatına görə, hazırda Qarabağda hələ də “dövlət məmurları” və hərbçilər qalmaqda davam edirlər. Onların sırasına qondarma rejimin keçmiş rəhbərləri Bako Saakyan, Arkadi Qukasyan və Araik Arutyunyan da daxildir. Bundan başqa, separatçı-terrorçu silahlı qruplaşmanın bir çox üzvləri, “deputatlar”, separatçıların indiki rəhbəri Samvel Şahramanyan və qondarma “hökumət"in əksər təmsilçiləri də Qarabağda qalıblar.
Digər tərəfdən, 30 il Azərbaycan ərazisində "boz zona" yaradaraq, cinayətlər törətmiş qondarma rejim artıq özünü buraxdığını elan edib. Bu, rəsmi Bakının əsas şərt-tələblərindən biri idi və erməni separatçı-terrorçular onu yerinə yetirmək məcburiyyətində qaldılar. Çünki bundan sonra müqavimətin göstərilməsi onların özləri üçün daha ciddi nəticələr verə bilərdi. Və rəsmi Bakı cinayətkarlara qarşı güzəştsiz mövqeyi ilə artıq "miatsium" oyununun birdəfəlik bitdiyini hər kəsə anlatmağa nail olub.
Bəzi məlumatlara görə, Azərbaycan polisi də artıq Xankəndiyə daxil olub. Bu barədə şəhərin erməni sakinləri sosial şəbəkələrdə paylaşım edərək, məlumat veriblər. Yəni, Azərbaycan qanunları artıq tədricən bütün Qarabağ bölgəsinə geri qayıdır. Və bu bölgədə qanunları bundan sonra Azərbaycan polisi təmin edəcək.
Bütün bunlar o deməkdir ki, XAN kəndinə geri dönüb, bəzi beynəlxalq dairələrin 30 illik "erməni layihəsi" uğursuz nəticələndi və həmişəlik ləğv olundu. İndi onlar yeni "erməni layihəsi" üçün başqa məkan tapmalıdırlar. Məsələn, bunun üçün Fransada Marsel, Rusiyada Soçi və Krasnodar, ABŞ-da Texas kimi bölgələr tamamilə uyğun ola bilər. Və Azərbaycan dövləti buna heç vaxt etiraz etməz.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu