Dünya bazarlarında xammal qiymətlərində müşahidə olunan artım investorların uzunmüddətli iqtisadi artıma və ehtimal olunan inflyasiyanın artmasına inandığını göstərir.
Musavat.com xəbər verir ki, bu, “The Wall Street Journal”ın nüfuzlu analitik mərkəzlərin hesabatlarına istinadən hazırladığı materialda əksini tapıb.
Qəzet yazır ki, S&P GSCI əmtəə indeksi 2024-cü ilin əvvəlindən bəri 12 faiz, S&P 500 fond indeksi isə 9,1 faiz artıb. Mis və neftin qiymətində artım müvafiq olaraq 10 faiz və 17 faizdən çoxdur. Qızıl bu il 13 faiz bahalaşaraq rekord qırıb.
İqtisadçıların fikrincə, bu yüksəliş iqtisadi canlanmanın ABŞ və Çində əmtəə tələbini dəstəkləyəcəyi gözləntilərindən irəli gəlir. Ötən həftə dərc olunan ABŞ və Çində sənaye fəaliyyətinin artımı ilə bağlı məlumatlar xammal alışında yeni dalğaya səbəb olub.
Bir çox ekspertlər hazırkı tendensiyanın bir müddət davam edə biləcəyini gözləyir. Artan real gəlirlər istehlak mallarına tələbin yenidən qlobal artımına töhfə verib və bu, çox güman ki, əmtəə qiymətlərinin daha da artmasına səbəb olacaq, Macquarie Group-un əmtəə üzrə ekspertlər komandası bildirib.
WSJ yazır ki, bu vəziyyət Federal Ehtiyat Sisteminin inflyasiya ilə mübarizə vəzifəsini çətinləşdirə bilər.
Bank of America-nın əmtəə və derivativlər üzrə analitiki Francisco Blanche bildirib ki, "xammal sektorundakı vəziyyət potensial olaraq FED-in dərəcələri azaltmasına mane ola bilər".
Cari neft bazarı dinamikası göstərir ki, artan qlobal tələb digər amillərin təsiri altında canlanmanı necə dəstəkləyir.
Brent markalı neftin qiyməti ötən həftədən Yaxın Şərqdəki münaqişə və Rusiya neftayırma zavodlarına pilotsuz təyyarə hücumları fonunda 90 dollar/barel həddinin üstündə qalır. Neftin qiymətini dəstəkləyən əlavə amil qlobal iqtisadi proqnozların və tələb proqnozlarının yaxşılaşmasıdır. Xüsusilə Beynəlxalq Enerji Agentliyi (IEA) cari il üçün tələbatın artması ilə bağlı proqnozunu artırıb.
WSJ qeyd edir ki, oxşar tendensiyalar, tikinti sektorunda və elektronika istehsalında istifadə edildiyi üçün iqtisadiyyatın məşhur barometri olan misin qiymətlərini artırır.
Mis fyuçersləri son iki ayda 16 faizdən çox artaraq 2022-ci ilin iyunundan bəri ən yüksək qiymətə 4,28 dollar/funta çatıb.
Goldman Sachs-a görə, qlobal tələbatın yarısından çoxunu təşkil edən Çindən tələb bu il əvvəlki illə müqayisədə 12 faiz çoxdur.
Musavat.com