Xammal bazarlarında qiymətlər düşəcək - BƏDBİN GÖSTƏRİCİLƏR

Dünyanın ən böyük istehlakçısı olan Çindən xammal bazarları üçün arzuolunmaz məlumat açıqlanıb.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, Çin Statistika Bürosu 2023-cü ilin birinci yarımili üzrə ölkədə qeydə alınan iqtisadi artım göstəricisini açıqlayıb. Rəsmi məlumatdan aydın olur ki, birinci yarımildə Çində 5,5 faizlik iqtisadi artım qeydə alınıb.

Cari ilin ikinci rübündə iqtisadi artım illik ifadədə 6,3 faiz olub. İqtisadi analitiklər minimum 7,3 faizlik artım proqnozlaşdırmışdılar. İkinci rübdə Çin iqtisadiyyatı birinci rüblə müqayisədə cəmi 0.8 faiz artıb. Halbuki birinci rübdə ötən ilin dördüncü rüblə müqayisədə 2,2 faizlik artım qeydə alınmışdı.

İyun ayının göstəriciləri xüsusilə neqativ qiymətləndirilib. Belə ki, ötən ay Çində pərakəndə ticarətdə 3,1 faizlik artım baş verib, bu isə proqnozlardan aşağıdır.

Rəsmi qeydə alınan ümumi işsizlik 5,3 faiz olsa da, 16-24 yaşlı gənclər arasında bu göstərici 21,3 faizə çatır.

Qeyd edək ki, Çin Aktivlərin İdarə Olunması üzrə Fond Tənzimləyiciləri Assosiasiyası (AMAC) bir sıra iri investorları işgüzar görüşə dəvət edərək onları Çin iqtisadiyyatına investisiyaları artırmağa stimullaşdırmağa çalışıb.

Çində pandemiyadan sonrakı bərpa prosesi gözləntilərdən çox aşağı sürətlə gedir. Hökumətin daxili tələbatı stimullaşdırmaq cəhdləri əhalinin xərclərini artırmamaq istəyinə görə gözlənilən nəticəni verməyib. Nəticədə ölkə 2009-cu ildən bəri ilk dəfə davamlı deflyasiya təhlükəsi ilə üzləşib. Bu zaman sıfır inflyasiya istehsalçı qiymətləri indeksinin azalması, ABŞ və Avropaya ixracın düşməsi ilə müşayiət olunur. Analitiklərə görə, Çin dövləti müdaxilə etməsə, iqtisadiyyatda problemlər daha da dərinləşəcək.

Musavat.com

17.07.2023 12:05
756