Bu günlərdə İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei Həcc ziyarəti ilə bağlı qurultay ərəfəsində rəsmilər və Beytullah əl-Həramdan olan bir qrup zəvvar ilə görüşüb.
O, çıxışı zamanı Həccin fəzilətindən danışmaqla yanaşı İsrailin düşmən olduğunu və ona qarşı Məkkədə belə birlikdə mübarizə aparmağı tövsiyə edib: “Harada olmasından asılı olmayaraq, iranlı, yaxud qeyri-iranlı zəvvarlar Qurani-Kərim məntiqini bütün İslam dünyasına çatdırmalıdır. İndi Fələstinin buna ehtiyacı var”.
İranın ali rəhbəri Əli Xameneyinin builki Həcc ziyarəti haqda çıxışı və iranlı zəvvarları Məkkə və Mədinədə siyasi fəallığa çağırışı geniş etirazlara yol açıb. Bununla bağlı sosial mediada çoxsaylı paylaşımlar edilir.
Aralarında məşhur ruhanilərin də olduğu minlərlə iranlı Səudiyyə Ərəbistanına müraciət göndəriblər. Onlar Xameneyinin çağırışını “təxribata dəvət” adlandıraraq, İran hökumətinin dini mərasimdən siyasi məqsədlər üçün istifadə etməyə çalışdığını yazıblar.
Müraciətçilər Ər-Riyaddan müsəlmanların müqəddəs məkan və alimlərini aksiya üçün istifadə cəhdlərinə icazə verməməyə çağıriblar. Onlar Tehranın əməllərinin İslama və müsəlmanlara utanc gətirdiyini deyib, iranlıların Səudiyyə Ərəbistanına səfərlərinə qadağa qoyulmasını istəyiblər.
O, bu çağırışı ilə Səudiyyə Ərəbistanında Məkkə ziyarətinin din adı altında İsrailə qarşı savaş meydanına çevrilməsini istəyib.
Bu, tərəflər arasında münasibətlərin yenidən pozulmasına səbəb ola bilər. Çünki Tehran hakimiyyəti 1979-cu il fevral inqilabından sonra Məkkə və Mədinənin Qurban bayramında ziyarətindən İsrail və ABŞ-ə qarşı siyasi dəyənək olaraq istifadə etməyə çalışır.
1979-cu il noyabrın 20-də bir qrup yaraqlı əl-Haram məscidini ələ keçirmişdi. Onda Səudiyyə Ərəbistanı polisi ilə silahlılar arasında atışma nəticəsində hər iki tərəfdən 255 nəfər ölmüşdü. Bu qruplaşma İrandakı islam inqilabının krallıqda da reallaşmasına cəhd göstərmişdi. Onda Ər-Riyad bu hadisəyə görə Tehranı ittiham etmişdi. Sonrakı dövrdə krallıq İslam Respublikasını ölkəsinin daxili işlərinə müdaxilə etməkdə qınayıb, Tehran isə Səudiyyə Ərəbistanında şiələrin hüquqlarının müdafiəçisi kimi çıxış edib. Sonrakı dövrdə həmin təriqətin nümayəndələri krallıq hakimiyyətində ABŞ-yə neft ixracını dayandırmağı tələb etmişdi. Növbəti ildə iranyönlü aksiyaların sayının 60-a çatdığı bildirilirdi. Tehran hakimiyyəti isə bir qayda olaraq bu aksiyalarla bağlılığının olmadığını açıqlayırdı.
İran hakimiyyətində iddia olunurdu ki, Həcc ziyarəti müsəlmanlar arasında dialoq üçün ən yaxşı platformadır.
Məkkədə polislə növbəti qarşıdurma 1987-ci il iyulun 31-də baş verib. Onda 375-i iranlı olmaqla 402 nəfər ölmüşdü. Ona görə də növbəti il İrandan olan zəvvarların kvotası 55 min nəfər müəyyən edilmişdi. Tehran isə 150 min yer tələb edirdi. Ona görə də İran hakimiyyəti həmin ildən Həcc ziyarətini boykot yolunu seçdi. Aparılan danışıqlar nəticəsində ikitərəfli münasibətlər 1991-ci ildə bərpa olundu və İrana 105 min yer ayrıldı.
Sonrakı dövrdə münasibətlərdə irəliləyiş oldu. Şiələrin Kərbəla hadisəsi ilə bağlı mərasimlər keçirməsinə şərait yaradıldı, hətta bələdiyyə seçkilərində onların nümayəndəsi deputat olmuşdu. 2016-cı ildə bu təriqətin lideri Nimr ən-Nimri və onun 46 tərəfdarının edam edilməsi tərəflər arasında münasibətlərin yenidən pozulmasına səbəb oldu. İranda krallığın konsulluğu və səfirliyin binası yandırıldı.
2015-ci ilin oktyabrında Həcc ziyarəti zamanı izdihamda 464 iranlının öldüyü bildirilirdi. Həmin hadisə ilə bağlı Xamənei və İranın başqa rəsmləri Səudiyyə Ərəbistanını ittiham etmişdi. Onların sayının 769 -1000 nəfər olduğu da iddia edilir.
Səudiyyə Ərəbistanı hakimiyyəti İrana Məkkə və Mədinədə siyasi şüarlar altında aksiyalar keçirməməyi şərt olaraq irəli sürüb. Çünki Tehran ziyarətə gələnlərin çoxluğundan və müxtəlifliyindən öz siyasi məqsədləri üçün istifadə edir. Həmin aksiyalarda “İsrailə ölüm!”, “Amerikaya ölüm!” şüarları səslənir. Bu şüarların deyilməsi isə krallığın siyasi, regional maraqlarına uyğun gəlmir.
Ümumiyyətlə Tehranla Ər-Riyad münasibətləri normallaşmadan uzaqdır. Bunun üzdə olan bəzi səbəblərini qeyd etmək olar - İran və Səudiyyə Ərəbistanı neft və təbii qaz ölkələri olduğundan enerjidaşıyıcıları bazarında bir-birinə rəqibdirlər - İran hakimiyyəti dünya müsəlmanlarına liderlik etmək istəyir.
Tehran buna alternativ olaraq İraqdakı ziyarətgahları təbliğ etməyə çalışır. Bununla da zəvvarlar bazarında rəqabət var - hər ikisi bir-birini qəbul etməyən təriqət mərkəzi rolunda çıxış edirlər - krallıq ABŞ-nin regional müttəfiqi, tərəfkeşidir. “Amerikaya ölüm!” şüarı isə İranın siyasi-ideoloji təməl prinsiplərindəndir - panfarsizm ideologiyası Sasani imperiyasının çökməsində ərəbləri əsas günahkar sayır. Odur ki, etnik baxımdan da ziddiyyət var - tərəflər Fələstin dövlətinin mövcudluğu ilə bağlı məsələyə fərqli yanaşır. İran HƏMAS və başqa silahlı qruplaşmalar vasitəsi ilə İsrailə qarşı savaşır. Krallıq isə daha çox məsələnin danışıqlar və başqa dinc yollarla həlinə çalışır - Tehran Səudiyyə Ərəbistanı, Yəmən, Bəhreyn və başqa ərəb ölkələrindəki qüvvələri ilə krallıqdakı hakimiyyət üçün problem yaradır - hər ikisi regional güc olmaq uğrunda mübarizə aparır və s.
Ötən il İran Prezidenti İbrahim Rəisi qonşular və müsəlman dövlətləri ilə düşmənçilikdən imtina edib, iqtisadi əlaqələrə önəm verəcəkləri siyasəti həyata keçirəcəklərini açıqladı.
Bu kontekstdə Çinin vasitəçiliyi ilə İranla Səudiyyə Ərəbistanın arasında pozulmuş siyasi-diplomatik əlaqə bərpa olundu.
Ötən il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu Tehran-Ər-Riyad münasibətlərinə yenə kölgə salmağa başlayıb.
Tehranın bu müharibədə birmənalı olaraq “İsrailin məhv edilməsi” iddiası ilə çıxış etməsi başqa məsələlərə də təsirsiz ötüşmür.
İran hakimiyyəti Məkkə və Mədinədə anti-İsrail və anti-ABŞ aksiyaları keçirməklə həm də krallığın təhlükəsizliyinə zərbə vurur, onun sabitliyini pozur, Səudiyyə Ərəbistanını riskli ölkə kimi təqdim etməklə iqtisadiyyatına zərbə vurmağa çalışır.
Xaməneinin zəvvarlara çağırışı daha çox siyasi hikkənin göstəricisi sayıla bilər. İsraili “sionist” və “düşmən” adlandırmaq, onu məhv etməyə çağırış İran hakimiyyətinin 45 illik ənənəsidir. Onun təmsilçiləri təkcə Məkkədə deyil, bunu dünyanın başqa dövlətlərində də həyat keçirməyə çalışırlar. HƏMAS-İsrail müharibəsi zamanı Tehran qonşu müsəlman dövlətlərə qarşı çıxışlarına ara verməyib.
Avropa Ravvinləri Konqresinin nümayəndəsi ravvin Gedi Qroniç Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində bildirib ki, Bakıda istənilən dinin nümayəndəsi özünü təhlükəsiz hiss edə bilər: “Bakı dünyada nadir yerlərdən biridir ki, mən küçədə sakitcə, heç nə düşünmədən, qorxmadan gedə bilirəm”.
İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) təbliğat vasitəsi isə yəhudiləri hədələyərək bildirib: “Sionistlər əmin olmalıdır ki, təkcə Azərbaycan deyil, dünyanın heç bir yerində sizə sığınacaq olmayacaq”.
Bu bir daha Tehranın İsrailə qarşı savaşının siyasi olduğunu təsdiqləyir. Onun İsrailə qarşı açıq savaşa girməyə cəsarəti çatmadığından Fələstində HƏMAS-ın, Yəməndə husilərin, Livanda “Hizbullah”ın, İraqda Həşdi-Şəbinin, Suriyada “Zenəbiyyun”un və s. qrupların arxasında gizlənir, Məkkə ziyarətini siyasi savaş meydanına çevirməyə çalışır. Bununla islam dünyasına qarşı beynəlxalq aləmdə kin-nifrət hissinin yayılmasına əsas verir. Ancaq Hindistanın Baş naziri Narendra Modinin anti-islam, müsəlmanlara qarşı fəaliyyətinə göz yumur. Halbuki onun çağırışları 200 milyondan çox müsəlmanın taleyinə təsir edir.
İraqla müharibədə ayətullah Ruhullah Xomeyni Məkkəni də ələ keçirərək onu “kafirlərdən” (səudiyyələr onları belə adlandırır) azad edəcəklərini vəd edirdi. Xaməneinin də çağırışı bu iddianın davamıdır. Bu, Tehranın özünü dünya müsəlmanlarının lideri, mərkəzi görmək xülyasından irəli gəlir.
Sədrəddin İsmayılov
Report.az