Xameneinin o sözləri ARANI QATDI - Zəngəzur dəhlizi hikkəsi...

İran İslam Respublikasının ali rəhbəri Ayətullah Seyid Əli Xamenei iyunun 30-da İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana gələn Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edib.

İran KİV-ləri məlumat yayıb ki, Ayətullah Xamenei Ermənistanın ərazi bütövlüyünün qorunmasının vacibliyini vurğulayıb. O, “İran İslam Respublikası Zəngəzur dəhlizini Ermənistanın zərərinə görür və bu münasibətdə qətiyyətlidir” deyib. Xameneinin bu fikrini Nikol Paşinyan dəstəkləyib.

Ölkələrin qonşuları ilə əlaqələrinə məhdudiyyətlər qoymamasının vacibliyini vurğulayan Xamenei əcnəbiləri nəzərdə tutaraq, “ölkələrin təhlükəsizliyini və rifahını təmin edən şey özlərinə və yaxınlarına güvənməkdir. Başqaları ölkənin işlərinə qarışsa, bu, onların ziyanına olar” deyib.

Göründüyü kimi, Xamenei yenə də əvvəlki “hikkəli” mövqeyindədir. Zəngəzur dəhlizi qlobal bir məsələdir və hər kəsin, o cümlədən Ermənistanın xeyrinədir. Ancaq İran hansısa maraqları naminə buna görə Azərbaycana qarşı anormal siyasət aparır. Azərbaycan tərəfi münasibətlərin normallaşması üçün bütün imkanlarını səfərbər edir, ancaq görünən budur ki, molla rejimi zərərli və ziyanlı mövqeyində qalmaqda israrlıdır. Münasibətlərin kövrək vaxtında Xamenei niyə belə edir? Səbəb nədir?

Deputat Azər Badamov cənub qonşumuzun Zəngəzur siyasətinin dəyişmədiyini söylədi: “Pezeşkianın prezidentliyi dövründə İranın apardığı regional siyasətində dəyişikliklərin ola biləcəyini demək sadəlövhlükdür. Çünki Pezeşkian prezident olaraq bir fiqurdur və ali dini lider, ayətullah Xameneinin müəyyənləşdirdiyi siyasi kursunu davam etdirməlidir. Bu baxımdan İranın Zəngəzur dəhlizi ilə bağlı baxışları dəyişilməz qalır.

Azər Badamov: "Davosda keçirilən görüşlər bir daha göstərdi ki, ölkəmizə  böyük maraq var"

 Azər Badamov 

Paşinyanın İrana səfəri zamanı Pezeşkian və ali dini lider tərəfindən qəbul olunması və Xameneinin “İran İslam Respublikası Zəngəzur dəhlizini Ermənistanın zərərinə görür və bu münasibətdə qətiyyətlidir” ifadəsini işlətməsi İranın Zəngəzur dəhlizi ilə bağlı baxışlarının dəyişilmədiyini göstərir. Pezeşkian Paşinyanla görüşü zamanı məsafə saxlaya və öpüşməyə bilər. Amma İran-Ermənistan münasibətləri ilə bağlı isə Xameneinin müəyyənləşdirdiyi kursu davam etdirməyə məcburdur.  İran istəyir ki, Zəngəzur dəhlizi açılmasın və Azərbaycanın Naxçıvanla əlaqəsi Araz çayının sol sahili ilə qurulsun. Amma Zəngəzur dəhlizinin açılması 10 noyabr 2020-ci il bəyanatının tərkib hissəsidir və Ermənistan bu dəhlizin açılması ilə bağlı öhdəlik götürüb. Digər tərəfdən, Zəngəzur dəhlizi artıq regional kontekstdən çıxaraq beynəlxalq əhəmiyyətli məsələyə çevrilib. Belə ki, Zəngəzur dəhlizi Orta dəhlizin tərkib hissəsi olmalıdır. Bu baxımdan, bu dəhlizin açılmasına Asiya və Avropa ölkələrinin marağı günü-gündən artmaqdadır. Düzdür, Zəngəzur dəhlizinin açılması gecikməkdədir. Amma bu məsələ gec-tez reallaşacaqdır. Bu məsələnin reallaşmasının güc yolu ilə baş tutmasını dəstəkləmirik. Hesab edirəm ki, Ermənistanın özü Zəngəzur dəhlizinin əhəmiyyətini düzgün dəyərləndirəcək və tezliklə açılması üçün hərəkətə keçəcəkdir. Çünki Zəngəzur dəhlizinin açılması hamıdan çox Ermənistanın özü üçün vacibdir. Amma Azərbaycan Zəngəzur dəhlizinin açılmasını uzun illər gözləmək niyyətində deyil. Ona görə də İran ərazisindən alternativ yolun tikintisini davam etdirir. İran üçün maraqlısı da öz ərazisində belə bir beynəlxalq bağlantının yaradılmasıdır. Çünki nəqliyyat kommunikasiyaları kimin əlindədirsə, regional vəziyyətə nəzarətdə onun rolu da artır. Bu baxımdan İran Zəngəzur dəhlizinin açılmasını dəstəkləməklə belə bir fürsəti əlindən buraxmaq niyyətində deyil".

Müxalifətdən Prezidentə və dövlətə dəstək – partiya sədrlərindən mövqe

Rəşad Bayramov

AMİP liderinin köməkçisi, politoloq Rəşad Bayramov hesab edir ki, əslinə baxanda İranın Ali dini liderinin dediklərində yeni bir şey yoxdur: “İndiyə qədər İranın ayrı-ayrı rəsmi şəxsləri dəfələrlə öz bəyanatlarında Zəngəzur dəhlizinin əleyhinə olduqlarına dair bəyanatlarla çıxış ediblər. İranın rəsmi mövqeyi ondan ibarətdir ki, Zəngəzur dəhlizinin açılması guya ki, mövcud sərhədlərdə hansısa dəyişikliklərə səbəb ola bilər. Başqa sözlə desək, İran öz mövqeyini reallıqdan uzaq arqumentlərlə müdafiə etməyə çalışır, sanki Zəngəzur dəhlizi İranla Ermənistan arasında quru əlaqəyə mane olacaq və s. Ancaq xəritəyə sadəcə göz atmaq kifayətdir ki, bunun açıq yalan olduğu aşkarlansın. Əslində İran rəsmiləri özləri də kifayət qədər yaxşı bilirlər ki, söhbət hər hansı sərhəd dəyişikliyindən getmir. İranın Zəngəzur dəhlizi ilə bağlı narahatlığının səbəbləri tamam başqadır. Rəsmi Tehran başa düşür ki, Zəngəzur dəhlizinin çox böyük regional və beynəlxalq əhəmiyyəti var. Belə ki, nəzərdə tutulan kommunikasiyalar açılandan sonra Qafqazın iqtisadi mənzərəsi və geosiyasi konfiqurasiyası dəyişəcək. İran qorxur ki, Zəngəzur dəhlizi açıq olarsa, İran öz ərazisindən malların tranzitindən əldə etdiyi gəliri itirəcək. Digər səbəb isə İranın daşınan mallar üzərində müəyyən nəzarəti və Azərbaycana təsir rıçaqlarını itirmək qorxusudur. Digər tərəfdən, isə, Zəngəzur dəhlizinin açılması ilə bölgədə Azərbaycan və Türkiyənin mövqeyi daha da möhkəmlənəcək ki, bundan da təkcə regional deyil, qeyri-regional güclər də ciddi narahatlıq keçirirlər. Tehran əslində bu şəkildə davranışları ilə Ermənistanın Mehri rayonun 40 kilometrlik ərazisindən keçərək Türk dünyasını birləşdirəcək yola qarşı olduğunu, yəni Türk dünyasının birliyinə qarşı olduğunu nümayiş etdirmiş olur. İran rəsmiləri Zəngəzur dəhlizinin nəticə etibarilə Türk dövlətləri arasında əlaqələrinin inkişafından, Türkiyənin Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Türkmənistan kimi ölkələrlə əlaqələri genişləndirmə imkanı əldə etməsindən narahatdırlar. 

İran Ali dini liderinin “Zəngəzur dəhlizi Ermənistanın ziyanınadır” mövqeyi də heç bir məntiqə əsaslanmayan mövqedir. Belə ki, Zəngəzur dəhlizi Cənubi Qafqazda yox, bütün Avrasiyada böyük əhəmiyyətə malik yeni kommunikasiya xətti olacaq. Rusiya üçün bu, Cənub istiqamətində və Türkiyə ilə logistika imkanlarıdır, eyni zamanda Şərq-Qərb dəhlizinin Türkiyə istiqaməti üzrə yeni qolunun açılmasını təmin edir. Hər şeydən öncə isə bu dəhliz Ermənistanın dalan dövlətdən qurtulması və nəqliyyat blokadasından çıxmasını şərtləndirəcək yeni imkan deməkdir. Odur ki, İran rəsmilərinin nə deməsindən asılı olmayaraq Zəngəzur dəhlizinin açılması mütləq şəkildə baş verəcək. İranın bununla bağlı Ermənistana təzyiqlərinin nəticə verəcəyini düşünmürəm".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

01.08.2024 08:52
6251