İranın ali dini lideri, 85 yaşlı Ayətullah Əli Xameneinin səhhətində ciddi problemlər olması onun varisliyi ilə bağlı narahatlıqları artırır.
Musavat.com lent.az-a istinadən bildirir ki, "The New York Times" qəzetinin yazdığına görə, Xamenei ağır xəstəlikdən əziyyət çəkir və İran cəmiyyətində ikinci oğlu, 55 yaşlı Müctəba Xameneinin onun varisi təyin oluna biləcəyi ilə bağlı müzakirələr intensivləşir.
Xameneyinin dörd oğlundan biri olan Müctəba 1969-cu ildə anadan olub və bu illər ərzində İranın hakim sistemində əhəmiyyətli nüfuz qazanıb. O, rejimin ən mühafizəkar qanadı ilə əlaqəlidir və atasının Qərb və İsraillə bağlı sərt xəttini izləyir. Ayətullah Əli Xameneinin vəfatı halında Müctəba ali vəzifəyə mümkün namizədlərdən biri hesab olunur.
Bununla belə, varislik prosesi mürəkkəb ola bilər. İran siyasi sistemində onun təyinatına qarşı çıxa biləcək başqa nüfuzlu qruplar da var. İranın yeni liderinin seçilməsi ilə bağlı vəziyyət ölkənin gələcək siyasətinin, xüsusən də Qərb və regional təhlükəsizliklə bağlı siyasətinin müəyyən edilməsində mühüm rol oynayacaq.