Xalq artisti: Seçkilərin azad olunmuş ərazilərdə keçirilməsi məndə böyük qürur hissi yaradır

“30 ildən sonra işğaldan azad olunmuş ərazilərimizdə Milli Məclisə seçkilərin keçirilməsi məndə böyük qürur hissi yaradır. Bu mühüm siyasi prosesin suverenliyimizin tam bərpasından sonra baş verməsi isə tarixi hadisədir”.

Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Xalq artisti, xanəndə Mənsum İbrahimov deyib.

Ağdamlı xanəndə Azərbaycan vətəndaşlarının seçkilərə qalib ölkənin vətəndaşları kimi getməsinə də toxunub: “Qalib ölkənin vətəndaşları, azad olunmuş ərazilərin qürurlu sakinləriyik. Bu gün biz Zəfər hissi yaşamaqla seçkilərə gedirik.

Xankəndidə, Şuşada, Ağdərədə və işğaldan azad olunmuş digər ərazilərdə seçkilərin keçirilməsi bir ilk sayılır. Vətəndaş, sənətkar, qarabağlı kimi bu amilə görə çox sevinirəm. Həqiqətən də sevincimin həddi-hüdudu yoxdur. Bu, həm də bütün dünyaya siyasi bir mesaj olacaq ki, artıq bu torpaqların sahibləri öz yurdlarına qayıdıblar və əbədi olaraq burada yaşayıb öz hüquqlarından istifadə edəcəklər. Xalqımız dədə-baba yurdunda məskunlaşır, seçimlərini də burada edəcək. Azərbaycanımız var olsun, bayrağımız isə hər zaman zirvələrdə dalğalansın!”

14.08.2024 15:44
456