Xalq artisti: “Oturduğum yerdə əsirəm, dəqiq diaqnozum bilinmir” - AÇIQLAMA

Xalq artisti Ənvər Həsənovun vəziyyəti stabil olaraq qalır.

Bu barədə Oxu.Az-a Xalq artistinin özü məlumat verib.

Xatırladaq ki, Xalq artisti Ənvər Həsənov ötən il səhhətində yaranan problem səbəbindən xəstəxanaya yerləşdirilib. Bir müddət müalicə aldıqdan sonra öz istəyi ilə evə buraxılıb.

Onun sözlərinə görə, havaların dəyişkən keçməsi səhhətinə ciddi təsir edir:

“Havalar dəyişkən keçir. Bu, mənə çox pis təsir edir. Yuxum yoxdur. Yata bilmirəm. Gün ərzində 4-5 dəfə dərman içirəm. Ay yarım xəstəxanada müalicə aldım. Hazırda evdəyəm. Gah başım gicəllənir, gah da tir-tir əsirəm. Baş gicəllənməyə görə, bir dəfə yıxıldım. Başımdan zədə də aldım. Dəqiq diaqnozum bilinmir. Mikro infarkt və insult da keçirmişəm”.

Ə.Həsənov bədənində “D” vitamininin çatışmadığını qeyd edib:

“Həkimə nadir hallarda müraciət edirəm. Baş gicəllənmə yenə də var. Oturduğum yerdə titrəyirəm. Deyilənə görə, bədənimdə “D” vitamini çatışmır. Hələlik evdə dərmanlar qəbul edirəm. Özümə gələndən sonra yenidən həkimə gedəcəyəm”.

Xalq artisti sonda onunla maraqlananlara təşəkkürünü bildirib:

“Məni unutmayıb, diqqətinizdə saxladığınız üçün təşəkkür edirəm”.

Qeyd edək ki, Ənvər Həsənov Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın Əməkdar artisti, 1 avqust 2018-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. 6 may 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

05.07.2023 19:36
833