Xalq artisti Tünzalə Ağayeva Azad Azərbaycan (ATV) televiziyasında yayımlanan “Günaylı gün” verilişinin qonağı olub.
Musavat.com bildirir ki, pop star Zaur Baxşəliyevin “Elə bir arzunuz olub ki, onun həyata keçməsini çox istəmisiniz, amma gerçəkləşməyib” sualına belə cavab verib.
“Bəli, hələ də var. Ən böyük arzularımdan biri böyük və maraqlı layihə ilə qərb coğrafiyasına çıxmaqdır. Yəni xəyallarım da sırf işimlə əlaqəlidir, şəxsi məsələmlə deyil. Şəxsi həyatımda özümü xoşbəxt insan hesab edirəm. Heç vaxt filan ölkəyə gedib, orada xoşbəxt olmaq kimi bir arzum olmayıb. Özüm-özümdən qaçmıram. Əsasən, insan özü-özündən qaçır, amma məndə belə hal olmayıb. Özün-özünü həll etməsən, sənə hər yer narahat olacaq. Mən xoşbəxtəm, amma sənət baxımından istərdim ki, daha da böyük və geniş layihələrim olsun. Arzularımdan biri odur ki, musiqili tamaşam olsun. Bu dram janrında da ola bilər və yaxud da şəxsi hekayəmdən bəhs edə bilər. Amma onu da deyim ki, həmin tamaşada depressiya, xoşbəxt olmadığım dövrü çox əks etdirmərəm”.
Daha sonra isə Xalq artisti gitara ifaçısı Rəhman Məmmədlinin ifasının təsiri altında kövrəlib: “Əsl sənət, peşəkarlıq budur. Səni haldan-hala salır, içindəki duyğuları oyadır. Bu, bir möcüzədir. Sənətkarın əsl uğuru, Allahın ona bəxş etdiyi lütfdür. İnanın, ifaya heyranlığımdan kövrəldim. O an kədər, depressiya yox məhz heyranlıq məni ağlatdı. 5 yaşımda operanı, Üzeyir Hacıbəylini, “Şəbi Hicran kapellasını, Füzuli kontatasını hıçqıra-hıçqıra dinləyirdim. Başa düşmürdüm, amma dinlədikçə kövrəlirdim. Yəni, mənim təməlim belə qoyulub”.
Musavat.com