"Valideynlərim ayrılmışdılar, mən o vaxt körpə idim. Anam atamın eşqindən xəstələndi, onu 20 il gözlədi. Atam ona xəyanət etmişdi. Yəqin ki, münasibətlərdə gərginlik olmuşdu. Atam məhkəməyə müraciət etmişdi, amma anam ayrılmaq istəmirdi. Sonra atam başqa qadınla ailə qurdu. Dilindən düşmürdü, mən də əsəbiləşirdim. Deyirdim ki, o səninlə heç vaxt barışmayacaq".
Bu sözləri Xalq artisti Naibə Allahverdiyeva "Həftənin qonağı" verilişində deyib.
Sənətçi 12 yaşına qədər anasını tanımadığını bildirib:
"Anamın yanına 12 yaşımda gəldim. O vaxta kimi bibimin yanında idim. Anam xəstə idi, məni atama vermişdi, o da bibimin yanına göndərdi. Bibim bir az sərt, bir az da ciddi insan idi. Allah ona rəhmət etsin, məni o böyüdüb. Hərdən incidirdi, amma məni çox istəyirdi. Məni musiqiyə, pianoya qoymuşdu. Bibimin bir qızı var idi, bizi seçmirdi. Ev işləri mənim boynumda idi, amma o da edirdi. Məndən böyük idi. O da artıq rəhmətə gedib.
Bir gün tətilə getmişdik, bibim məni atamın yanında qoydu. Bilmirdim atamdır, elə bilirdim dayımdır. Bibimə də ana deyridim. Çünki bir yaşımdan gözümü açıb onu görmüşdüm. Bacımı da dayım qızı bilirdim. Onu çox istəyirdim. Bir gecə yatanda mənə dedi ki, “Sən bilirsən ki, həqiqətən mənim bacımsan? Sənin atan odur...”. Mənə hər şeyi danışdı. Soruşdu ki, "Ananı görmək istəyirsən?". Dedim ki, "Hə". Anamı ildə bir dəfə görürdüm, elə bilirdim ki, hansısa xaladır, qohumdur. Bacım dedi ki, "Sənin yanına gələn Bilqeyis adlı qadın qohum yox, sənin anandır". (Axşam.az)