“Xalid dayının camaatı”na qoşulan salyanlıya Sumqayıtda hökm oxundu- Suriyadan cənnətə getmək istəyirmiş

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nurəddin Hüseynlinin sədrliyi ilə 41 yaşlı Kamran Zülfüqarovun cinayət işi üzrə məhkəmə araşdırmaları sona çatıb.

Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində terror cinayətlərində iştirak etmiş  Kamran Azər oğlu Zülfüqarov ötən il qeyri-leqal yolla Azərbaycan ərazisinə keçərkən yaxalanıb.

Musavat.com xəbər verir ki,  Kamran Zülfüqarov 2018-ci ildə məhkəmə qərarı ilə Azərbaycan vətəndaşlığından çıxarılıb. Onun Suriyadakı cinayətkar fəaliyyəti isə 2013-cü ili əhatə edib.

Sonradan əməllərindən peşman olaraq, gizli yolla Azərbaycana gələn Kamran Zülfüqarov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməliyyatçıları tərəfindən müəyyən edilərək tutulub. Ona qarşı Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə) maddəsi ilə yekun ittiham elan edilib.

Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü təqsirli bilsə də, məhkəmədə fərqli ifadə verib.

İstintaq vaxtı ifadəsində deyib ki, Suriyada təlimlərdə iştirak edib. Həmin ölkənin Haritan şəhərində “Xalid dayı” dini ləqəbli  Rövşən Kitab oğlu Bədəlovun rəhbərlik etdiyi “Xalid dayının camaatı” adlı qanunsuz silahlı qruplaşmanın üzvü olub. Amma sonradan Xalid dayı ilə arası pisləşdiyi üçün sonuncu onu İŞİD-ə həbs etdirib. 2 ay sonra o, həbsdən buraxılaraq gizli yollarla Türkiyəyə qaçıb. Kamran bir neçə il Türkiyədə yaşadıqdan sonra yük maşınının altında gizlənməklə qanunsuz yolla Azərbaycana keçib.

Məlum olub ki, Kamran Zülfüqarov Suriyaya həyat yoldaşı və uşaqlarını da aparıbmış. Kamrandan fərqli olaraq məhkəmədə həyat yoldaşı başlarına gələnləri ətraflı danışıb: “Kamranla əvvəl Xırdalanda yaşayırdıq. Həmişə dinə bağlı insan olub. Deyirdi ki, Suriyada döyüşüb şəhid olmaq istəyir. Sonra istəyini reallaşdırmaq qərarına gəldi. Mən əvvəl qorxsam da, sonra razılaşdım. Əvvəl Türkiyəyə, oradan da Suriyaya getdik. Orada bizi “Xalid dayının camaatı”nın rəhbəri kimi tanınan Xalid dayı qarşıladı. Bundan sonra Kamran camaatla birgə postlara çıxmağa başladı. Yadıma gəlir, "Kalaşnikov" markalı silahı var idi. Bir müddət sonra Kamran yoxa çıxdı. Xalid dayı onun öldürüldüyünü dedi. Amma 2 ay sonra Kamran evə qayıtdı. Bundan sonra Türkiyəyə qaçdıq. Bir neçə il orada yaşadıq. Günlərin birində təcili-tibbi yardım çağırdıqdan sonra ölkədə qanunsuz yaşadığımız aşkar edildi. Bundan sonra mən uşaqlarımla birgə deport edilərək Azərbaycana qayıtsaq da, Kamran deport edilməkdən yayınaraq orada qaldı. Bir müddət orada tək yaşadıqdan sonra o da Azərbaycana qayıtdı”

Təqsirləndirilən şəxsin anası da şahid qismində ifadə verib. Şahid oğlunun İŞİD-ə qoşulduğunu bilmədiyini deyib. Valideyn deyib ki, oğlu Suriyaya köçüb, oradan cənnətə gedəcəyinə inanıb. Şahid oğlunun cihad üçün getdiyini, lakin sonradan peşman olduğunu söyləyib.

Məhkəmə Kamran Zülfüqarova verilmiş ittihamla təqsirli bilib.

Qeyd edilib ki, təqsirləndirilən şəxsin əməli Suriya Ərəb Respublikasında da cinayət hesab edilib.

Hökmə əsasən Kamran Zülfüqarova 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkəcək.

Qeyd edək ki, Kamran Zülfüqarov DTX tərəfindən saxlanıldıqdan sonra istintaq dövründə etiraf videosu yayılmışdı. 1983-cü ildə Salyanda anadan olmuş Kamran Zülfüqarov  qanunsuz silahlı qruplaşmaya  qoşulmağından və törətdiyi əməllərdən peşman olduğunu bildirib.

 

E.Məmmədəliyev,
Musavat.com

29.05.2024 18:51
856