Gəncə Ağır Cinayətlər Məhkəməsində Füzuli rayonunda xalası qızına qarşı dələduzluq və rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən Maral Xəlilovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az xəbər verir ki, hakim Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi apellyasiya şikayətini qismən təmin edib, birinci instansiya məhkəməsinin çıxardığı hökmü təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin (CM) 32.4,312.2-ci (rüşvət verməyə təhrik etmə) maddəsi ilə təqsirli bilindiyi hissədə ləğv olunub və həmin maddə ilə təqsirliliyi sübuta yetmədiyinə görə bəraət verilib.
Təqsirləndirilən şəxsin təqsirli bilindiyi CM-in 178.2.2 (dələduzluq) və 178.2.4-cü maddələri ilə təyin edilmiş 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası 2 ilə endirilib. Onun üzərində qəti olaraq 1 il 4 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb. Maral Xəlilova cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, rəsmi məlumata əsasən, Füzuli rayon sakini Maral Xəlilova öz qohumunun etibarından sui-istifadə edərək ona qarşı dələduzluq edib.
İstintaqla müəyyən edilib ki, Maral Xəlilova xalası qızı Xumar Əbdüləzimovanın etibarından sui-istifadə edərək sonuncunun oğlu Qorxmaz İdriszadə barəsində Füzuli Rayon Polis şöbəsinin İstintaq bölməsində istintaq edilən cinayət işinin Cinayət Məcəlləsinin daha yüngül məsuliyyət nəzərdə tutan maddəsinə tövsif olunmasında köməklik edəcəyi adı ilə ondan ümumilikdə 13 min manat məbləğində pul alıb.
Maral Xəlilovaya Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq) və 32.4, 312.2 (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunub və barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.