Xaçaturovun general oğlu yenidən həbs edilə BİLƏR

Ermənistan prokurorluğu silahlı qüvvələrin üçüncü ordu korpusunun keçmiş komandiri, general-mayor Qriqori Xaçaturovun yenidən həbsini tələb edir.

Bizim.Media "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Arevik Xaçatryan məlumat verib.

Məlumata əsasən, Ermənistan Baş Prokurorluğu general-mayor Qriqori Xaçaturovun həbs edilməsi tələbi ilə Kassasiya Məhkəməsinə müraciət edib.

Qeyd edək ki, Qriqori Xaçaturov Ermənistan Silahlı Qüvvələrinin sabiq Baş qərargah rəisi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş Baş katibi, general-polkovnik Yuri Xaçaturovun oğludur. Sabiq korpus komandiri külli miqdarda korrupsiya əməlində ittiham olunub.

Xatırladaq ki, ötən ayın əvvəlində Ermənistan Müdafiə Nazirliyinin sabiq korpus komandiri barəsində qətimkan tədbiri dəyişilib. Məhkəmə general-mayor Qriqori Xaçaturov barəsində girov və inzibati nəzarət qətimkan tədbiri seçib.

08.01.2024 20:04
592