Xəbər verdiyimiz kimi, Yasamal Rayon Məhkəməsində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırım törətməkdə ittiham olunanlardan biri - Xaçatryan Vaqif Çerkezoviçin məhkəmə prosesi keçirilir.
Musavat.com xəbər verir ki, məhkəmədə Xocalıda azərbaycanlılara qarşı qətliam törədən Vaqif Xaçatryanın amansız işgəncələri açıqlanıb.
V.Xaçatryanın ittiham aktında göstərilib ki, o, 1988-ci ilin noyabr ayının sonlarında sürücülük məktəbini bitirmələri ilə əlaqədar imtahan vermək məqsədilə Xankəndi şəhərinə gəlmiş və Xankəndi şəhər polis (keçmiş milis) idarəsinə salınaraq orada saxlanılmış Xocalı rayonunun Meşəli kənd sakinləri Kazımov Məmməd İslam oğlu və Novruzov Zakir Novruz oğlunun saxlanıldıqları otağa qanunsuz silahlı hərbi birləşmələrin istintaqa məlum olmayan digər 5 üzvü ilə birlikdə daxil olub, onları erməni dilində nalayiq sözlərlə təhqir edərək azərbaycanlıların kökünü kəsmək lazım olduğunu bildirib. O, bu məqsədlə həmin şəxslərə yumruq və təpiklə üz, baş və bədənin digər nahiyələrinə çoxsaylı zərbələr vurub döymüş, daha sonra Qarabağın kimə məxsus olduğunu soruşaraq cavab almadığına görə onları döyməyə davam etmiş və üzərində olan bıçağı nümayiş etdirərək "sizin hər birinizin orasını kəsmək lazımdır ki, artıb törəyə bilməyəsiniz" sözlərini işlədib. Məmməd Kazımovun xaya nahiyəsinə bıçaqla bir zərbə vurmuş, zərbənin təsirindən yerə yıxılan Məmməd Kazımov erməni dilində Vaqif Xaçatryanın ünvanına nalayiq sözlər işlətdiyinə görə, o, əlindəki bıçaqla hər iki ayağının üzərində kəsiklər etməklə ona sağlamlığa yüngül zərərvurmaya aid "xayalığın, sol və sağ aşıq-baldır oynağ proyeksiyasının və sağ ayaq pəncəsinin arxa səthinin kəsilmiş yaraları, sağ qaşın sol gicgah nahiyəsinin və sağ əlin birinci barmağının küt yarası" xəsarətlərini yetirib, "qoy it kimi canın çıxanadək qanın axsın" sözlərini işlədib.
Xalidə Gəray
Musavat.com