Xəbər verdiyimiz kimi, Yasamal Rayon Məhkəməsinin inzibati binasında Xocalı rayonunun Meşəli kəndində soyqırım törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin daha bir məhkəmə prosesi keçirilir.
Musavat.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər dindirilib.
Meşəli kənd sakini Alışov Alış Musa oğlu Meşəli hadisəsində Xaçatryan və onun dəstəsinin törətdiyi vəhşiliklərdən danışıb:
"Xaçatryanı Meşəli hadisələrində səhər saat 7-də gördüm. Biz elə bildik ki, Badara kəndi hamısı tökülüb gəlir.
Vaqif Xaçatryan, Armais, Qurgen Xaçatryan və digər ermənilər rəhmətlik Qəniməti başından balta ilə vurdular. Vaqif və qardaşı Qəniməti balta ilə öldürəndən sonra onu güllələdilər. Ermənilərin hamısını qırsalar da, heyfimi çıxa bilməz. Onlar məni o qədər yandırıblar. Qəniməti Sadayın qapısında öldürdülər. Bütün Badara orda idi, Xaçatryanın başında gəlmişdilər. 78 yaşlı anamı snayperlə vurub öldürdülər".
Zərərçəkmiş bildirib ki, səhər saat 7-də ermənilər Alazan raketi ilə kəndi vurublar: "Təcili yardım maşınını güllələyib xəstəni öldürdülər. Dekabrın 23-də səhər saatlarında güllə yağışına tutdular bizi. Tək bir çıxış yolumuz qalmışdı, kəndin 3 çıxışını bağlamışdılar. Günorta saat 1-ə qədər atəşə tutdular. 25 nəfər şəhid oldu. Şəhidlərin əksəriyyətinin meyitini yandırdılar. Bu cür dəhşətli faciəni mən tarixdə görməmişəm. Qənimətin evində 5 nəfəri öldürdülər. Möhtərəm hakim, sizdən xahiş edirəm, Vaqif Xaçatryana ən ağır cəza verilsin. Beynəlxalq qurumlara baxmayın, nə deyirlər desinlər. Bunlar ən ağır işgəncə veriblər, dəhşət yaşadıblar".
Vaqif Xaçatryan isə bütün olanları təkzib edib:
"Mən yazıq adam olmuşam, əlimdə silah olmayıb. Heç bir silahlı hücumda iştirak etməmişəm. Mən nəinki Meşəli kəndindəki hadisədə, heç bir hadisədə iştirak etməmişəm. Meşəli hadisələri barədə bizim Badara kəndi bilməyib. Bizə sonradan dedilər ki, Meşəlikdə ermənilər iki nəfəri öldürüb. Biz Məlik kəndinin sakinləri ilə ailəvi gediş-gəlişimiz var idi. Xeyir-şərində iştirak etmişik. Ay qardaşlar, xahiş edirəm, mən orda olmamışam. Mənim xəbərim yoxdur".
V.Xaçatryan məhkəmədə yenidən ağlayıb: "Həmin vaxt mən 6,8 və 1 yaşlı qızlarımın yanında olmuşam".
Xalidə Gəray
Foto və video müəllifindir
Musavat.com