24 oktyabr 2023-cü il tarixindən etibarən “WhatsApp” “Android” 4.4 və bu nəsil əməliyyat sisteminin (ƏS) daha köhnə versiyaları ilə işləyən smartfonlarda dəstəklənməyəcək. Bu məhdudiyyəti aradan qaldırmaq yollarından biri kənar tərtibatçılardan qeyri-rəsmi mesencer proqramını quraşdırmaqdır, lakin bu üsul insanların ödəniş və digər şəxsi məlumatlarını itirməsi ilə nəticələnə bilər.
Bu barədə informasiya təhlükəsizliyi üzrə ixtisaslaşmış rusiyalı mütəxəssis Pavel Kuznetsov məlumat verib.
“Əlbəttə, ən yaxşısı köhnəlmiş smartfondan tamamilə istifadə etməməkdir. Ancaq bu mümkün deyilsə, o zaman sizə iki tövsiyə verə bilərəm. Birincisi, qorunma vasitələrindən, məsələn, mobil antiviruslardan istifadə etməkdir. İkincisi, “rəqəmsal gigiyena” qaydalarına riayət etməkdir. Əməliyyat sisteminin köhnəlməsi kontekstində bu tövsiyə ilk növbədə rəsmi proqramların istifadəsinə aiddir. İstər “WhatsApp” olsun, istərsə də digər onlayn xidmətlər”, - deyə ekspert əlavə edib.
Bir insanın yeni smartfonu olmasa belə, yəqin ki, kompüteri var. Kuznetsov hesab edir ki, “WhatsApp”ın brauzer versiyasını işlətmək naməlum mənbədən yüklənilən proqramdan daha təhlükəsizdir. (Oxu.az)