Musavat.com xəbər verir ki, İranın İsrailə birbaşa cavab verib-verməyəcəyi ilə bağlı müzakirələr davam edərkən, ABŞ artıq mümkün İran cavabına hazırlıq görməyə başlayıb.
Vaşinqton, Həsən Nəsrullahın öldürülməsindən sonra hadisələrin necə inkişaf edəcəyini təxmin etməkdə çətinlik çəkdiyi halda, ABŞ prezidenti Co Bayden bu gün verdiyi açıqlamada Hizbullah liderinin öldürülməsini “ədalət ölçüsü” kimi qiymətləndirib.
"Washington Post" qəzetinin yazdığına görə, son hücumlar ABŞ ilə onun yaxın müttəfiqi İsrail arasında əlaqənin zəiflədiyinə dair sualları artırıb.
İsrail ard-arda keçirdiyi hücumların detalları barədə ABŞ-a məlumat verməyib. ABŞ-ın 21 günlük atəşkəs təklifi isə İsrailin Baş naziri Benyamin Netanyahu tərəfindən rədd edilib. Atəşkəs hər keçən gün daha əlçatmaz bir seçimə çevrilir.
Yüksək səviyyəli idarə rəsmilərindən biri qəzetə verdiyi açıqlamada, ABŞ-ın İran və onun dəstəklədiyi qruplardan gələcək hücumlara cavab verməyə hazır olduğunu bildirib.
Musavat.com