Vüqar Rəhimzadə: “Abşeron” yatağında hasilata başlanması ölkəmizin iqtisadi potensialının gücləndirilməsinə mühüm töhfədir

Azərbaycan tarixən neft ölkəsi kimi tanınıb. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev neft sənayesini iqtisadiyyatın onurğa sütunu kimi dəyərləndirərək ölkəmizin bu sahədə malik olduğu imkanlardan səmərəli istifadəsini, dünya iqtisadi sisteminə inteqrasiyasını təmin etmək məqsədilə 1994-cü il 20 sentyabr tarixində “Əsrin müqaviləsi” kimi tarixə yazılan neft sazişini imzaladı. Bununla da ölkəmizin iqtisadi və siyasi mövqeyinin möhkəmləndirilməsi üçün böyük imkanlar yarandı. Ulu Öndər dünya təcrübəsinə istinadən bu çağırışı edirdi ki, heç bir ölkə təcrübə mübadiləsi olmadan, səylər birləşdirilmədən  təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. Əməkdaşlığın bu gün regional çərçivədən çıxaraq beynəlxalq miqyas alması, Azərbaycanın  neft ölkəsi olmaqla yanaşı, qaz, elektrik enerjisi ixracatçısı kimi nüfuz qazanması da  iqtisadiyyatın düzgün əsaslar üzərində qurulmasına əsaslanır. “Əsrin müqaviləsi” Azərbaycanın hazırda  beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi nüfuz qazanmasında öz sözünü dedi. Məhz  2017-ci ildə “Əsrin  müqaviləsi”nin davamı olaraq “Yeni əsrin müqaviləsi”nin imzalanması, həmçinin bundan öncə 2014-cü ildə çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizi layihəsinin təməlinin qoyulması  görülən işlərin zirvəsində dayanır. Azərbaycan hədəflərə zamanında nail olmaqla yeni  layihələrin gündəmə gətirilməsində iştirakçı və təşəbbüsçü  tərəf kimi çıxış edir. 2018-ci ildə  Cənub  Qaz Dəhlizinin rəsmi açılışı,  həmin ilin iyun ayında TANAP-ın, 2020-ci ilin sonunda, dekabrın 31-də TAP-ın istifadəyə verilməsi Azərbaycanın enerji diplomatiyasının  uğurlarıdır. Hər bir layihənin uğurla başa çatmasında ölkəmizin  malik olduğu  potensial əhəmiyyətli rol oynayır. Bu fikir beynəlxalq səviyyədə də qeyd edilir ki, Azərbaycan təşəbbüsləri gerçəkliyə çevirən, etibarlı  və arzuolunan tərəfdaşdır. Cənub Qaz Dəhlizi layihəsində iştirak edən  ölkələrin coğrafiyasının genişləndirilməsi məsələsinin gunümüzün əsas müzakirə mövzuları sırasında olması da Azərbaycana olan inamın və etimadın göstəricisidir.

Musavat.com xəbər verir ki, bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə diqqəti  avqustun 31-də  Azərbaycan üçün tarixi əhəmiyyətə malik olan  tədbir - "Abşeron" qaz-kondensat yatağından ilk qazın verilməsi mərasiminin keçirilməsinə yönəldərək vurğulayıb   ki, yatağın fəaliyyəti ölkəmizin enerji potensialının reallaşdırılmasına, Azərbaycan qazının beynəlxalq bazarlara çatdırılmasına və ölkəmizin iqtisadi potensialının gücləndirilməsinə mühüm töhfələr verəcək. Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında rolu artır. Mərasimdə SOCAR-ın Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağında hasilata başlanılmasının ölkəmiz və layihədə iştirak edən şirkətlər üçün mühüm əhəmiyyət kəsb etdiyini xüsusi vurğuladı.

Baş redaktor onu da bildirib ki, Azərbaycan öz neft-qaz strategiyasında önəmli hadisəyə  imza atır. Bu mühüm hadisələr Azərbaycanın hansı potensiala  malik olduğunu dünyaya nümayiş etdirir. Bu mühüm məqam da xüsusi qeyd edilir ki,  ilk dəfə “Abşeron” qaz yatağı üzrə xarici tərəfdaşlarla kontrakt hələ 1990-cı illərin sonlarında imzalanmışdır. Bu yataqla bağlı  böyük ümidlər olub. “Abşeron” yatağı üzrə kontrakt “Şahdəniz” qaz-kondensat yatağı üzrə kontraktdan sonra imzalanıb. Bu,  Azərbaycanın  artıq neft ölkəsindən qaz ölkəsinə keçidinin təsdiqidir. “Abşeron” yatağında  350-360 milyard kubmetr qaz ehtiyatı vardır. Prezident İlham Əliyev bu ehtiyatın daha çox ola biləcəyini, Azərbaycanın bundan sonra da etibarlı qaz təchizatçısı kimi nüfuz qazanacağını   bildirmişdir. Ümumilikdə ölkəmizin aparıcı dünya dövlətləri ilə ikitərəfli, eyni zamanda, çoxtərəfli əməkdaşlığında enerji əsas faktordur. Azərbaycan təbii qazını dünya bazarlarına çıxarır. Həcm artır, coğrafiya genişlənir. Azərbaycanın qaz gəlirlərinin neft gəlirlərini üstələməsi artıq  reallıqdır.

Vüqar Rəhimzadə ölkəmizin enerji sektorunda  baş verən bu mühüm hadisənin “Heydər Əliyev İli” çərçivəsində tədbirlərin  geniş miqyas aldığı bir dövrə təsadüf etməsindən böyük qürur hissi keçirdiyini önə çəkərək qeyd edib ki,  Ümummilli Liderin müəllifi olduğu neft strategiyası Azərbaycana davamlı uğurlar qazandırır. Bu gün ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri dünyanın enerji xəritəsinin yenidən tərtib olunmasında əhəmiyyətli rol oynayır. Vaxtilə  çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin davamı olaraq reallığa çevrilən TANAP, TAP layihələri, ümumilikdə Cənub Qaz Dəhlizinin tam tərkibdə istifadəyə verilməsi bu ümumiləşdirməni aparmağa əsas verir ki, “Əsrin müqaviləsi” olmasaydı, bu gün ölkəmizin  iqtisadi sahədə, eyni zamanda, beynəlxalq münasibətlər sistemində  vəziyyətini düşünmək çətin deyildi. Bu saziş Azərbanycana böyük inam yaratdı.

Baş redaktor neft strategiyasının reallığa çevrilməsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) öz payı olduğunu önə çəkərək onu da bildirib ki, enerji diplomatiyamızın uğurları SOCAR-ın da artan nüfuzuna  işıq salır. Tədbirdə  SOCAR-ın Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanın enerji sahəsində uğurlu əməkdaşlıq əlaqələrinin ölkəmizi beynəlxalq miqyasda etibarlı tərəfdaşa çevirdiyini xüsusi vurğulayaraq, bu ilin avqustun 4-də SOCAR, “TotalEnergies” və ADNOC şirkətləri arasında “Abşeron” qaz-kondensat yatağında 30 faiz  iştirak payının satışı ilə bağlı imzalanan sənədin Azərbaycanda yaradılan əlverişli investisiya mühitinin növbəti təzahürü olduğunu bildirdi. SOCAR-ın prezidenti Rövşən Nəcəf “Abşeron” qaz-kondensat yatağının ölkəmizin hasilat potensialının artırılmasına və beynəlxalq mövqelərinin gücləndirilməsinə dəyərli töhfə verəcəyinə əminliyini ifadə etdi.

Vüqar Rəhimzadə belə bir ümumiləşdirməni  aparıb ki, enerji sektorunda qazanılan uğurlar həm ölkəmizin, həm də SOCAR-ın qarşısında geniş imkanlar açır.

01.09.2023 16:22
564