TƏBİB-in tabeli tibb müəssisələrinin idarəedilməsinin təkmilləşdirilməsi, kadr potesialının gücləndirilməsi prosesi davam etdirilir.
Qurumdan Musavat.com-a verilən məlumata görə, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb müəssisələrinə yeni direktorlar təyin olunub.
Belə ki, Ağstafa, Salyan, Qobustan və Şamaxı rayon mərkəzi xəstəxanalarına təyinatlar həyata keçirilib. Yeni direktorlar kollektivə təqdim olunub, vəzifələrinin icrasına başlayıblar.
Ağstafa Rayon Mərkəzi Xəstəxanasına Səyyad Yusifov direktor vəzifəsinə təyinat alıb. O, 2006-cı ildən indiyədək Tovuz Rayon Mərkəzi Xəstəxanasında müxtəlif vəzifələrdə çalışıb. Səyyad Yusifov ixtisasca həkim-infeksionistdir.
Salyan Rayon Mərkəzi Xəstəxanasına Şirin Səmədova direktor təyin olunub. 2008-2012-ci illər ərzində Şirvan Şəhər Mərkəzi Xəstəxanasının nəzdində olan Uşaq poliklinikasının şöbə müdiri, həkim-pediatr, 2012-2021-ci illər ərzində Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi vəzifələrində fəaliyyət göstərib. 2021-2023-cü illər ərzində TƏBİB-in Koordinasiya departamentinin Cənub ərazi bölgəsi üzrə koordinatoru, 2023-cü ildən indiki təyinatınadək isə Daxili nəzarət və monitorinq departamentinin Monitorinq şöbəsinin böyük məsləhətçisi vəzifəsində çalışıb.
Şamaxı Rayon Mərkəzi Xəstəxanasına direktor təyin olunan İmran Qurbanov ixtisasca cərrahdır. O, 1997-2021-ci illər ərzində Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında şöbə müdiri, baş həkimin cərrahiyyə işləri üzrə müavini kimi fəaliyyət göstərib. 2021-2023-cü illərdə TƏBİB-in Tibbi xidmətlərin təşkili departamentinin Tibbi koordinasiya şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb. İmran Qurbanov bu təyinatadək Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışıb.
Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktor vəzifəsinə isə Günay Muradova təyinat alıb.
2004-2005-ci illərdə Respublika Klinik Uşaq Xəstəxanasında həkim-pediatr kimi işləyib.
2007-2020-ci illərdə 4 saylı Birləşmiş Uşaq Xəstəxanasında, 2015-2019-cu illərdə müxtəlif özəl tibb müəssisələrində həkim-pediatr işləyib. 2020-ci ildən bu təyinatadək TƏBİB-in Tibbi sığorta departamentinin Tibbi göndərişlər şöbəsinin baş məsləhətçi vəzifəsində çalışıb.