Vüqar Qurbanov: "Rəqəmsal xidmətlərin artırılması..."

 

"Bu gün bütün dünyada səhiyyə sahəsində rəqəmsallaşma, elektron səhiyyə, tibdə innovativ texnologiyalar, süni intellektlə çalışan avadanlıqların tətbiqi olduqca aktualdır. Səhiyyənin rəqəmsallaşdırılması, informasiya texnologiyaları və idarəetmə sistemlərinin təmin olunması prioritet hesab edilən ölkəmizdə bütün sahələrin avtomatlaşdırılması Prezident İlham Əliyev tərəfindən vətəndaşların həyat keyfiyyətinin yüksəlməsinə, eləcə də ölkənin sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasına təsir edən amil kimi qeyd olunub"

Musavat.com xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Yeni Klinikanın HIMSS-in EMRAM modulu üzrə VI səviyyə sertifikatını əldə etməsinə həsr olunan tədbirdə deyib. V. Qurbanov qeyd edib ki, informasiya-texnologiyaları yolu ilə “daha yaxşı səhiyyə” sistemini hədəfləyən idarəetmə sisteminin qurulması TƏBİB olaraq bizim əsas hədəflərimizdəndir: " Bu məqsədlə həyata keçirilən ilkin işlərdən biri kimi tibb müəssisələrinə internet xətləri çəkilib, daxili kabelləşmə işləri aparılıb, tibb müəssisələri kompüter avadanlıqları ilə təchiz olunub. Artıq iki ilə yaxındır ki, Amerika Birləşmiş Ştatlarının Xəstəxana İdarəetmə Sistemləri Cəmiyyəti - HIMSS ilə intensiv danışıqlar, müzakirələr və qiymətləndirmə aparılır.

Məlumat üçün bildirim ki, HIMSS 1961-ci ildə təsis edilib. Təşkilatın fəaliyyət istiqamətlərindən biri də Cəmiyyətə məxsus 7 mərhələli yetkinlik modulları üzrə standartları tətbiq etmiş tibb müəssisələrinə beynəlxalq sertifikatların təqdim edilməsidir.

Aparılan əməkdaşlıq çərçivəsində HIMSS-in EMRAM modulu üzrə tələblər öyrənilib, həmin tələblər TƏBİB-in tabeliyində olan Yeni Klinikada tətbiq edilib.

Qürurla bildirirəm ki, Azərbaycanda, eləcə də Cənubi Qafqazda ilk dəfə olaraq Yeni Klinikanın timsalında bir tibb müəssisəsi bu təşkilata məxsus beynəlxalq dərəcəli sertifikat əldə edib".

V.Qurbanov vurğulayıb ki, bu, informasiya texnologiyaları və idarəetmə sistemlərindən effektiv istifadə etməklə səhiyyə xidmətinin keyfiyyətli, təhlükəsiz və səmərəli formada daim təkmilləşdirilməsinə görə təqdim olunan beynəlxalq sertifikatdır:

"Beynəlxalq tibbi yenilikləri mütəmadi olaraq izləyən və tətbiq edən Yeni Klinikada rəqəmsal xidmətlərin artırılması istiqamətində layihələrin həyata keçirilməsi təqdirəlayiqdir. Bu istiqamətdə işlərin digər tibb müəssisələrimizdə də davam etdirilməsini stimullaşdıracağıq. TƏBİB olaraq tibb müəssisələrimizdə həm səhiyyə işçilərinə, həm də vətəndaşlara göstərilən xidmətin vаhid formada, çevik və şəffaf həyata keçirilməsini təmin etmək başlıca hədəflərimizdəndir".

 

Nigar HƏSƏNLİ,
Musavat.com

17.04.2024 16:14
1008