Vulkan lavasını durdurmaq...- Azərbaycan HƏMAS-ın avantürası, İsrailin qəzəbi qarşısında nə etsin?

BMT Baş Assambleyasının əlindən qətnamə qəbul etməkdən başqa bir iş gəlmir. Nə etsin, NATO kimi hərbi struktur deyil ki, sərəncamında hər qoşun növündən olan silahlı birləşmələri siyasi qərarla harasa göndərsin.

BMT siyasi-diplomatik-humanitar təşkilatdır və müxtəlif münaqişələrə dair qətnamələr qəbul edir. İndi bu təşkilat Qəzzada davam edən böhranla bağlı “Mülki əhalinin müdafiəsi, hüquqi və humanitar öhdəliklərə riayət edilməsi haqqında” qətnamə qəbul edib.

Bu qətnaməyə kim riayət edəcək, onun effektliyi nə dərəcədə olacaq, bir işə yarayacaqmı? Demək çətindir. Biz yalnız onu xatırlaya bilərik ki, BMT 1992-93-cü illərdə Azərbaycanın işğal olunan ərazilərinə dair 4 qətnamə qəbul etmişdi. Ermənistan isə 2020-ci ilin sentyabr-noyabr aylarına qədər həmin qətnamələrin bir müddəasına belə əməl etmədi, işğal etdiyi torpaqlardan çəkilmədi. Onu oradan yalnız Azərbaycan əsgərinin gücü çıxardı.

BEEMTE.jpg (14 KB)

Bu baxımdan BMT-nin Qəzza sektorunda mülki əhalinin müdafiəsinə dair qəbul etdiyi qətnamənin tələblərinə əməl edilməsi yenə İsrail tərəfinin insafına, 7 oktyabrda aldığı sarsıdıcı zərbəyə görə dolduğu qəzəb hissinin nə dərəcədə səngiməsinə bağlıdır. Bu isə ölçüyəgəlməz haldadır. Bu dövlət düşməninə aşırı güc tətbiq edir, daş atana raketlə cavab verir.

Yeri gəlmişkən, 7 oktyabr hücumunun İsraili necə hiddətləndirəcəyini, görəsən, HƏMAS hökuməti və ona fitva verən xarixi siyasi dairələr bilmirdimi?

O necə dövlət və təşkilatdır ki, İsrailin hansı modern, kütləvi qırğın törədə biləcək silahlara malik olduğunu bilmir? Burada sirr yox idi axı. İsrail nüvə silahına malik olduğunu gizlədərək, rəsmən etiraf etməsə də, başqa effektiv silahlar ixtira və istehsal etdiyini gizlətmir, hətta başqa ölkələrə silah satır.

111107120231_barak_netanyahu_304x171_bbc.jpg (30 KB)

Üstəlik, bu dövlətin keçmiş və hazırkı rəhbərlərinin ölkəyə hücum anında necə toplaşdıqları, “baş nazirlər klubu”nda müzakirələrə başladıqları, yaranmış böhrandan çıxış yolu aradıqları, bu zaman həmişə qətiyyətli, radikal addımların tərəfdarı olduqları Yaxın Şərqlə maraqlanan heç kəsə sirr deyil.

İndi bütün müsəlman ölkələrindən, eləcə də dünyadan yardım gözləyən, İsrailin durdurulmasını istəyən HƏMAS oktyabrın 6-da özünə yaxın dövlətlərlə, dindaş ölkələrlə öz niyyəti barədə məşvərət etsəydi, 100 faiz onu bu avantüradan çəkindirər, düşməni ilə özünün gücünü ölçüb-biçməsini məsləhət görərdilər. Yox, əgər həmin dövlətlər “qorxmayın, biz sizinləyik” desələr, o zaman HƏMAS-ın indi onlardan kömək istəməyə dili uzun olardı. Yoxsa HƏMAS heç kəslə məsləhətləşmədən özünü vulkan lavasının önünə atıb, indi də dünyaya yalvarır ki, onlar özlərini təhlekəyə ataraq onu alov selinin ağzından alsınlar.

140729150956_512x288.jpg (39 KB)

Azərbaycan Qəzzanın amansızcasına bombalanması məsəsləsinə təpki verərək, İslam həmrəyliyinə sadiqliyini nümayiş etdirib, öz hərbi müttəfiqinin – İsrailin mülki insanları hədəf almasını qınayıb, Fələstinə dəstək ifadə edib, maddi yardım etmək üçün də qolunu çırmalayıb.

Əslində, bu, ölkəmizə qarşı qarayaxma kampaniyası aparanlara layiqli cavab idi, onların əsas arqumentlərini əllərindən almışdı. 3 ildir rəsmi Bakını “sionist rejimlə əməkdaşlıq”da qınayanlar da bundan artıq bir şey etmirlər, eləcə dəstək ifadə edir, humanitar yardım göstərirlər, amma onlar hələ də kiriməyiblər və İsrail-Qəzza münaqişəsinin həlli Azərbaycandan asılı imiş kimi qərəzli mövqe sərgiləyirlər.

Belə çıxır ki, bəzi dövlətlər özü, bəzilərinin isə içindəki radikal təşkilatlar Azərbaycandan Qəzzaya hərbi yardım və ya döyüşçülər göndərməyi umurlar. Azərbaycan özündən qat-qat zəngin və güclü ərəb-müsəlman ölkələrinin başı üzərindən belə bir addım atsa, bu, avantüra, bundan da betəri, namərdlik olmazmı?

az-5.jpg (108 KB)

Azərbaycanın dar günündə ona həm siyasi, həm diplomatik, həm də hərbi planda dəstək verən 3 ölkədən biri məhz İsrail olub. O zaman ərəb ölkələri, hazırda təcavüzə məruz qalan Fələstin, livan, Suriya kimi ərəb-müsəlman ölkələri düşmənimizin dostu kimi çıxış edirdilər.

Amma indi biz onların düşməninin dostu statusundan imtina etməliyik, düşməninin düşməni olmalıyıq, bu zaman öz dostumuzu düşmənimizə çevirməliyik. Demək, İsrail dar günümüzdə bizə yardım əli uzadacaq, biz isə İsrailin dar günündə ona təpik vuracağıq? Belə şey ola bilərmi? Olsa belə, bu, bizim dövlət və milli maraqlarımıza nə qədər uyğun olar? Bu günün sabahı da var.

Ona görə də biz dövlət olaraq HƏMAS-ın ölçü-biçisiz avantürasına siyasi dəstək verməməliyik, amma Fələstinin məzlum xalqının acınacaqlı durumuna biganə qalmamalı, humantitar fəlakətlə üzləşən bu toplumun yaralarını sarımalıyıq. Bu zaman heç onu da yada salmamalıyıq ki, Fələstin muxtariyyatı vaxtilə Ermənistanla ciddi əlaqələr qurub, erməni terrorçularının öz ərazisində təlim keçməsinə şərait yaradıb, ermənilərə rəğbəti ifadə edən poçt markasının buraxılmasını təşkil edib. Biz bu detallara ona görə önəm verməməliyik ki, bunu edən, demək olar ki, müstəqillik əldə etmiş muxtariyyatın siyasilərinin işidir, sadə xalq buna cavabdeh deyil. Hazırda isə müharibədə əziyyət çəkən sadə xalqdır, böyüklər təhlükəsiz bunkerlərdədir.

luppa.JPG (26 KB)

Ümumiyyətlə, başqa bir dövləti Yer üzündən silmək (zatən, qlobusda lupa ilə güclə seçilən, kiçik bir yerdir), mövcudluğuna son qoymaq, milyonlarla əhalisini haralarasa qovmaq kimi pis niyyətlərdən və bunu ifadə edən ritorikadan əl çəkmək lazımdır. Məhz o niyyətlərin hiddətlə ifadə olunması İsrailin aqressiyaya lazım olduğundan daha sərt reaksiya verməsinə səbəb olur.

Heç bir dövlətin də başqa bir dövlətin mövcudluğuna son qoymaq kimi əlahiddə və eksklüziv hüququ yoxdur. Əgər hansı dövlət özünü belə bir haqqa malik hesab edirsə, o zaman qarşısında daha amansız düşmən görəcək.

Araz Altaylı, Musavat.com

29.10.2023 10:30
3167