VTB ABŞ bankına qarşı 155 milyonluq iddia qaldırıb

VTB ABŞ bankına qarşı 155 milyonluq iddia qaldırıb Rusiyanın VTB bankı Sankt-Peterburq və Leninqrad vilayətinin Arbitraj Məhkəməsinə ABŞ-ın JPMorgan bankının strukturlarına qarşı ümumi məbləği 155,8 milyon dollar olan itkilərin ödənilməsi barədə iki iddia qaldırıb.

Musavat.com İnterfaks-a istinadən xəbər verir ki, iddianın biri 81,3 milyon dollar, ikincisi isə 74,5 milyon dollar tələbi əks etdirir. Eyni zamanda VTB iddiaların məbləği daxilində müvəqqəti tədbirlərin görülməsi barədə vəsatət qaldırıb. İki məhkəmə prosesində bank Morgan Securities, JPMorgan Chase Bank, JPMorgan Chase & Co, J.P. Morgan Capital Holdings Limited, J.P. Morgan Limited, J.P. Morgan International Finance Limited, JPMorgan Emerging Europe, Middle East & Africa Securities PLC-nin bank hesablarında istənilən valyutada olan vəsaitlərə həbs qoymağa çalışıb (“C” tipli hesablardakı vəsaitlərin ələ keçirilməsi istisna olmaqla).

Bundan əlavə, bank Rusiya bankı J.P.Morgan Bank International-ın hesablarına həbs qoyulmasını, aralıq tədbirlərin görüldüyü zaman balans dəyərinin 5 faizindən çox dəyəri olan əmlakın özgəninkiləşdirilməsini, yüklənməsini, ona verilməsini və ya başqa üsullarla sərəncam verməsini qadağan etməyi tələb edib.

VTB-nin iddiası qismən təmin edilib. Məhkəmə JPMorgan Chase Bank N.A-nın adına açılmış “C” tipli hesablardakı vəsaitlərə iddialar məbləği daxilində həbs qoyulması istisna olmaqla, bütün bank hesablarında, o cümlədən müxbir və digər hesablardakı kredit təşkilatlarında istənilən valyutada 155,8 milyon dollar ekvivalentində olan vəsaitlərə həbs qoyub. 81,3 milyon dollarlıq iddia üzrə ilkin dinləmə noyabrın 27-nə, 74,5 milyon dollarlıq iddia üzrə isə noyabrın 8-nə təyin edilib.

Qeyd edək ki, VTB ABŞ Maliyyə Nazirliyi tərəfindən sanksiya siyahısına salınıb, onun ABŞ-dakı aktivləri dondurulub. Bank buna cavab olaraq məhkəmədə ABŞ-ın özəl bankı olan JPMorgan-a qarşı iddialar qaldırıb.

Musavat.com

11.10.2024 18:30
577