Növbədənkənar parlament seçkilərindən sonra bu postlarda dəyişikliklər gözlənilir; qanunvericiliyə və Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, vitse-spikerlər belə seçilir...
Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərindən sonra Milli Məclisin rəhbərliyində ciddi dəyişikliklər olacaq. Spiker Sahibə Qafarova istisna olmaqla, vitse-spikerlərin yenilənəcəyi bildirilir.
Yenisabah.az bununla bağlı məlumatlar əldə edib. YAP-çı deputatlardan biri sayta deyib ki, hazırda Milli Məclisdə müxalifəti təmsil edən vitse-spiker başqa siyasi partiyanın nümayəndəsi ilə əvəzlənəcək. Onun sözlərinə görə, 2020-ci ildə Vətəndaş Həmrəyliyi Partiyasının seçilmiş nümayəndəsi olaraq, parlament rəhbərliyində təmsilçilik hüququ qazanan Fəzail İbrahimli bu dəfə yerini müxalifətdən olan başqa həmkarına verəcək.
Mənbə deyib ki, Adil Əliyevin boşaltdığı postu da bitərəflərin nümayəndəsi tutacaq. Birinci vitse-spiker vəzifəsinə isə YAP-ın aparıcı fiqurlarından birinin seçilməsi gözlənilir. Həmin şəxsin, hakim partiya tərəfindən deputatlığı irəli sürülmüş, baş nazirin müavini Əli Əhmədov olacağı da istisna edilmir. Başqa bir iddiada isə deyilir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadənin növbəti dəfə deputat olarsa, parlamentin vitse-spikeri vəzifəsinə seçiləcəyi gözləniləndir. Onun Suraxanı rayonunun icra başçısı vəzifəsinə təyin edilən Adil Əliyevin yerinə Milli Məclis sədrinin bitərəfləri təmsil edən müavini postunu tutacağı iddia olunur.
Məlumatlı şəxs müxalifəti təmsil edəcək vitse-spikerin kimliyini də açıqlayıb. Onun sözlərinə görə, 2020-ci ildə REAL Partiyasından deputat seçilmiş hüquqşünas Erkin Qədirlinin bu posta sahib olmaq şansı digər müxalif həmkarları ilə müqayisədə xeyli böyükdür. Mənbənin iddiasına görə, bu dəfə VHP-nin ana müxalifət olmaq şansı aşağıdır. REAl-ın 2 nümayəndəsinin - İlqar Məmmədovun və Erkin Qədirlinin deputat seçilmək şansı yüksək qiymətləndirilir. Seçki marafonuna Yevlaxdan qoşulan Rəsul Cəfərov isə REAl-a 3-cü mandatı qazandıra bilər. Bu partiya növbədənkənar parlament seçkilərindən sonra Milli Məclisdə hətta iki deputatla təmsil olunsa belə, müxalifət üçün nəzərdə tutulan vitse-spiker postu REAl-ın nümayəndəsinə veriləcək. Yeni vitse-spikerin hazırks deputat Erkin Qədirli olacağı istisna edilmir.
Qeyd edək ki, Milli Məclisin sədri deputatlar sırasından gizli (elektron sistemindən istifadə etməklə) səsvermə yolu ilə seçilir. Elektron sistemindən istifadə zamanı nasazlıq yarandıqda gizli səsvermə bülletenlər vasitəsilə keçirilir. Milli Məclisin sədri vəzifəsinə namizədliyi deputatlar irəli sürə bilərlər. Hər deputat yalnız bir namizəd göstərə bilər. Öz namizədliyinə etiraz müzakirəsiz və səsvermə keçirilmədən qəbul edilir.
Səsverməyə azı 10 deputatın tərəfdar çıxdığı namizədlər buraxılır. Namizədlər çıxış edə və deputatların suallarına cavab verə bilərlər. Namizədlər üzrə müzakirələr keçirilir. Milli Məclisin sədrliyinə hər namizəd Hesablayıcı Komissiyanın tərkibinə əlavə bir deputat daxil edə bilər. Gizli səsvermə nəticəsində azı 63 deputatın səsini almış namizəd Milli Məclisin sədri seçilir. Namizədlərin heç biri azı 63 səs almadıqda, Milli Məclisin Daxili Nizamnaməsinin 27-ci maddəsində nəzərdə tutulmuş qaydada səsvermənin ikinci dövrəsi keçirilir. İkinci dövrədə də heç bir namizəd 63 səs ala bilməzsə, Milli Məclis sədrinin birinci müavininin seçkiləri keçirilir. Milli Məclis sədrinin seçilməsi parlamentin qərarı ilə rəsmiləşdirilir. Bu qərarı Milli Məclisin iclasına sədrlik edən imzalayır.
Milli Məclis sədrinin müavinləri isə Milli Məclisin deputatları sırasından açıq səsvermə yolu ilə seçilir. Vitse-spiker vəzifəsinə namizədliyi ilk növbədə Milli Məclisin sədri, sonra isə deputatlar irəli sürə bilərlər. Milli Məclisin sədri və hər deputat parlament sədrinin birinci müavini və müavini vəzifələrinin hər birinə yalnız bir namizəd göstərə bilərlər.
Öz namizədliyinə etiraz müzakirəsiz və səsvermə keçirilmədən qəbul edilir. Səsverməyə azı 7 deputatın tərəfdar çıxdığı namizədlər buraxılır. Namizədlər çıxış edə və deputatların suallarına cavab verə bilərlər. Namizədlər üzrə müzakirələr keçirilir. Açıq səsvermə nəticəsində azı 63 deputatın səsini almış namizəd Milli Məclis sədrinin müavini seçilir. Namizədlərin heç biri azı 63 səs almadıqda, Daxili Nizamnamənin 27-ci maddəsində nəzərdə tutulmuş qaydada səsvermənin ikinci dövrəsi keçirilir. İkinci dövrədə də heç bir namizəd 63 səs ala bilməzsə, başqa namizədlər göstərilməklə yeni seçkilər keçirilir. Spikerin müavinlərinin seçilməsi Milli Məclisin qərarı ilə rəsmiləşdirilir.
Natiq Cəfərli
REAl Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli “Yeni Müsavat”a qeyd etdi ki, qanunvericiliyə görə və parlamentin Daxili Nizamnaməsinə əsasən, seçkilərdə ikinci yeri tutan partiya vitse-spikerliyə iddia edə bilər: “Biz 13 namizədlə seçkilərdə iştirak edirik və məqsədimiz elə ikinci yeri tutmaqdır. Əgər elə bir nəticə əldə etsək, yəni ikinci olsaq, o zaman Milli Məclisin Daxili Nizamnaməsinə istinad edərək, parlamentə seçilmiş üzvümüzün birinin vitse-spiker vəzifəsinə irəli sürülməsi mümkündür”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”