Böyük Quruluş Partiyasının (BQP) başqanı, altıncı çağırış Milli Məclisin deputatı Fazil Mustafa Azpost.info-nun sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı suallarını cavablandırıb.
Musavat.com həmin müsahibəni təqdim edir:
-Rəhbəri olduğunuz BQP növbədənkənar parlament seçkiləri prosesində hansı formada iştirak edir?
-Partiyamız seçkilərdə bütün dairələrdə müşahidəçi ilə iştirak edir. BQP-nin həm dairə seçki komissiyalarında, həm də məntəqə seçki komissiyalarında üzvləri var. Namizəd olaraq təkcə mənim namizədliyim irəli sürülüb. Digər namizədlərimizi də müəyyənləşdirmişdik, amma onlar real vəziyyəti qiymətləndirdilər, qalib gəlmək ehtimalı az olduğuna görə namizəd olmadılar. Mənim isə namizədliyim 26 saylı Birinci Sabunçu Seçki Dairəsindən irəli sürülüb və qeydə alınıb. Biz bir yerə namizəd irəli sürməklə BQP-nin parlamentdə təmsil olunması uğrunda mübarizə aparırıq. Başqa bir iddiamız yoxdur. Biz təbii ki, zəif partiyayıq, imkanlarımız da o qədər böyük deyil. İmkanlarımıza görə Milli Məclisdə bir mandat qazanmaq partiyamız üçün böyük uğur olacaq.
-Bu seçkilərin necə keçiriləcəyini düşünürsünüz? Belə fikirlər var ki, əvvəlki seçkilərdən yaxşı mənada fərqli bir seçkilərin baş tutacağı gözlənilir. Təbii ki, bunun əksini söyləyənlər də az deyil…
-Bu seçkilər ərazilərimizin işğaldan azad edilməsindən, suverenliyimizin bərpa olunmasından sonra keçirilən ilk parlament seçkiləridir. Əsas da odur ki, artıq azad olunmuş ərazilərimizdə də seçkilər baş tutur. Hesab edirəm ki, seçkilərin keçirilməsində hansısa şəkildə qanunun aliliyinin pozulması mümkün deyil. Düşünürəm ki, normal, demokratik şəraitdə də seçkilər keçiriləcək.
Növbədənkənar parlament seçkilərinin əvvəlki seçkilərdən fərqli olub-olmayacağını nəticələr göstərəcək. Buna seçkilər başa çatdıqdan sonra qiymət vermək daha doğru olardı. Amma indiyədək namizədliyini irəli sürən şəxslərə maneələr yaradılması müşahidə edilmir. Hər kəs sərbəst şəkildə namizədliyini irəli sürə bilir. İndidən seçkilərin nəticələri haqqında danışmaq çətindir. Amma indiki proseslər, proseslərin istiqaməti onu göstərir ki, seçkilər tam demokratik əsaslarda baş tutacaq.
-Bəziləri ötən çağırış Milli Məclisin fəaliyyətini tənqid edir, ölkədəki siyasi islahatlara adekvat olmadığını bildirir və yeni formalaşacaq parlamentin tərkibinin dəyişdirilməsinin zəruri olduğunu söyləyirlər. Bu ittihamlarla razılaşırsınızmı?
-Fikrimcə, altıncı çağırış Milli Məclis ən uğurlu parlament kimi tarixdə qalacaq. Bunu iki amillə əsaslandırmaq olar. Birincisi, koronavirus pandemiyası dövründə parlament çox fədakarcasına çalışdı və öz funksiyasını yüksək səviyyədə yerinə yetirdi. Bu dövrdə qanunvericilik fəaliyyəti dayandırılmadı, ən çətin şərtlərdə dövlətin bu qanadı kifayət qədər peşəkar işlədi. İkincisi, bu dövrdə 44 günlük Vətən müharibəsi başladı, torpaqlarımızın azad edilməsi prosesi getdi. Bu prosesə də Milli Məclisin çox önəmli dəstəyi oldu. Bütün məsələlərdə, həm şəhidlərin, həm qazilərin, həm də veteranların məsələləri ilə bağlı parlament ciddi addımlar atdı, qanunlar qəbul edildi. Bunların hamısı məhz altıncı çağırış Milli Məclisin dövrünə təsadüf etdi. Ona görə də ötən çağırış parlamentin uğurlu fəaliyyət göstərdiyini rahatlıqla söyləyə bilərəm.
-Tərkib demişkən, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bizə müsahibəsində bildirdi ki, qeyri-peşə sahiblərinin, məsələn, jurnalistlərin, müğənnilərin, yaradıcı şəxslərin parlamentdə olması düzgün deyil. Bu fikirlə razısınızmı?
-Parlamentin hansı tərkibdə olmasını xalq müəyyən edir. İstənilən peşə adamı Milli Məclisdə təmsil oluna bilər. İnsanlara hansısa şəkildə məhdudiyyət qoyula bilməz. Əksinə, məsələn, elə səviyyəli jurnalistlərimiz var ki, onların parlamentdə təmsil olunması müsbət olardı. Eyni zamanda, elə sənət adamları, yaradıcı adamlar var ki, parlamentin işinə müsbət töhfə verərdi. Ona görə də mən bu bölgünün aparılmasını doğru hesab etmirəm. Əslində bu kateqoriyadan olan insanların sayı əvvəlki çağırış Milli Məclisdə çox deyildi. Hesablasaq, onların sayı 6-7 nəfəri keçməz. Onların sayının çox olması parlamentin fəaliyyətinda canlanma yarada bilər. Ona görə də, məncə, bu məsələdə önyarğılı davranış doğru deyil.
-Ötən çağırış Milli Məclisdə təmsil olunan müxalifət partiyalarına iradlar səsləndirilir ki, onlar müxalif mövqelərini göstərmirlər, bəzən iqtidarı hakim partiyanın deputatlarından daha radikal müdafiə edirlər. Milli Məclisdə təmsil olunmuş müxalif partiyalardan birinin sədri kimi, bu ittihamlara yanaşmanız necədir?
-Bizim prinsipial yanaşmamız budur ki, müxalifətçilik ümumilikdə konstruktivlik mahiyyəti daşımalıdır. Bəli, bizim iqtidarı müdafiə etdiyimiz olub, amma baxır hansı məsələdə. Məsələn, Qarabağın işğaldan azad olunması məsələsində iqtidarı müdafiə etmişik. Müdafiə etməməli idik? Deməliydik ki, biz müxalifətik, ona görə də iqtidarı dəstəkləmirik? Görün ki, bu nə qədər axmaqlıqdır. Müxalifətin funksiyası nəisə inkar etmək deyil axı… Bizim kifayət qədər tənqidi mövqeyimiz var, məsələlərə baxışımız fərqlidir. Öz müxalif baxışlarımızı da zaman-zaman səsləndiririk. Amma hansı məsələdə iqtidar ümummilli məsələlərdə milli maraqlara uyğun addım atırsa, onu dəstəkləyirik. Burada təəccüblü heç nə yoxdur. Sabah iqtidar tərəfindən Azərbaycanın strateji maraqlarına uyğun addım atılacaqsa, BQP olaraq onu dəstəkləyəcəyik, hansı milli maraqlara tərs addım olacaqsa, onu da tənqid edəcəyik. Bu məsələ bəsitdir. Əlbəttə, ittihamlar səsləndirilə bilər, bu da subyektiv fikirlərdir. Amma bizim baxış bucağımız əslində Azərbaycanda sağlam müxalifətçilik prinsiplərinə tamamilə uyğundur.
–ADP sədri daha bir iddia ilə çıxış etdi, onda seçkilərdə mandat qazanacaq şəxslərin siyahısının olduğunu bildirdi. Bir neçə müxalifətçi siyasi xadimin mandat qazanacağını iddia etdi və hətta sizin adınızı çəkərək bildirdi ki, Milli Məclisin iki vitse-spiker postundan biri sizə veriləcək. Bu məlumatı necə qiymətləndirirsiniz?
-Ümumiyyətlə, seçkiqabağı belə proqnozlar tez-tez qarşımıza çıxır. Amma biz bu məsələlərlə məşğul deyilik. Namizədliyim irəli sürülüb və qaydalara uyğun şəkildə proseslə məşğuluq. Əsas birinci hədəf seçkilərdə qalib gəlməkdir. Mən deputat seçilsəm də, Milli Məclisdə BQP-nin çoxluğu olmayacaq. Ona görə də sonrakı məsələlər hakim partiyanın baxışından asılı olacaq. İndidən bunu hansısa formada söyləmək doğru deyil. Biz öz işimizə baxırıq və seçkini qazanmaqdan başqa hədəfimiz yoxdur. Sonrakı mərhələdə nə baş verəcəksə, bu barədə o zaman danışmaq lazımdır. İndidən peyğəmbərlik etməyə ehtiyac yoxdur. Gedişatda hər şey ortaya çıxacaq. Vitse-spiker postu parlamentdəki çoxluğun həll etməli olduğu məsələdir. Ona görə də bizim bu barədə nəsə deməyimiz doğru deyil.
–Hakim Yeni Azərbaycan Partiyası (YAP) bütün seçki dairələri üzrə namizəd irəli sürüb. Görünən odur ki, YAP 125 dairənin hamısına iddialıdır. Rəqib partiyanın namizədlərini necə dəyərləndirirsiniz?
-Hakim partiya bütün dairələrdən namizəd irəli sürüb və bu potensial YAP-da var. Lakin əvvəlki illərin təcrübəsi göstərir ki, YAP-ın da bütün dairələrdən qalib gələcək namizədlər seçməsi çətindir. Çünki kifayət qədər nüfuzlu partiya sədrləri var, bitərəf namizədlər var ki, onlar seçicilərin dəstəyini qazanırlar. Hakim partiyada belə şəxslərlə rəqabət apara bilməyəcək şəxslər var. YAP-ın namizədlərinin bütün dairələrdən qalib gələcəyini düşünmək doğru deyil. Hakim partiyanın bütün dairələrdən namizəd verməsi təbiidir. Seçki prosesində kim daha hazırlıqlıdırsa, daha çox uğur qazana biləcək.
-Cəmiyyətdə müzakirə olunan, bir qədər qızıc və lağlağıya səbəb olan məsələlərdən biri də keçmiş deputatların, məmurların övladlarının deputatlıq iddialarıdır. Eyni zamanda, müxalif AĞ Partiyanın başqanı Tural Abbaslının özünün, xanımının, qardaşının və qayınatasının namizədliyinə də cəmiyyətdə eyni münasibət göstərildi. Ümumiyyətlə, bu yanaşmaya münasibətiniz necədir?
-Bu cür məsələlərə sırf hüquq və qanunvericilik prizmasından yanaşıram. Qanunvericilik isə bunu qadağan etmir. İndi hər kəs özünə cavabdehdir. Hansısa partiyanın namizədini müəyyənləşdirməsinə, yaxud da kiminsə övladının namizəd olmasına başqası qarşışa bilməz. Namizəd olur, xalq səs verər-verməz, artıq bu başqa məsələdir. Amma hüquqi baxımdan kiminsə namizədliyini irəli sürməsinə qadağa yoxdur. İstənilən şəxs atasının, anasının keçmişdə hansı vəzifə tutmasından asılı olmayaraq, namizədliyini verə bilər. Hüququ pozmayan hər hansı davranışın şərhi yoxdur.