Amerikalılar vitse-prezidentliyə namizədlər - respublikaçı Jey Di Vens və demokrat Tim Vols arasında keçirilən debada heç birinə açıq üstünlük verməyiblər.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bununla belə, bu, Vensin xeyrinə bərabərlikdir. Donald Trampın komandasının “iki nömrəsi” özünü “bir nömrə” olmağa qadir biri kimi göstərib. Onun debatdakı çıxışında Amerika mediası növbəti prezident seçkilərində iştirak üçün iddia görüb. Keçmiş məktəb müəllimi (indiki Minnesota qubernatoru) Volsun əsas üstünlüyü isə xalqa yaxınlığı olub, amma onun qeyri-federal siyasətçi reputasiyasını təsdiqləyib.
Bildirilir ki, bu cür debatlar Amerika seçki kampaniyalarının gedişatını nadir hallarda dəyişir. Amma budəfəki seçki kampaniyası istisna oldu, yayda keçirilən debatda Tramp açıq üstünlük əldə etdi və sözün əsl mənasında Cozef Baydeni seçki yarışından kənarlaşdırdı. Demokratlar öz namizədlərini və bütün seçki strategiyasını dəyişməyə məcbur oldular. Rəy sorğuları göstərib ki, Trampla Harris arasında sentyabrın 10-da baş verən şifahi duel amerikalıların simpatiyasına ciddi təsir edib. Demokrat namizədin üstünlüyü genişlənib. Uğurundan məmnun olan Harris ikinci debat təklif edib, lakin Tramp bu təklifi qəbul etməyib. Məhz bu, Vens-Vols döyüşünün əhəmiyyətini artırıb.
Onu da qeyd edək ki, bu, noyabrın 5-də keçiriləcək prezident seçkiləri öncəsi Tramp və Harris komandalarının nümayəndələri arasındakı sonuncu debatdır.
Musavat.com