Akif Nağı: “Vətənpərvər gəncliyi olan dövlətin gələcəyi var, istənilən müdaxilələrə cavab verməyə qadirdir”
“Gənclər həm millətin, həm də dövlətin gələcəyidir. Onlar necə formalaşsalar, dövlətə münasibətləri necə olsa, dövlətin taleyi də o istiqamətdə inkişaf edəcək. Buna görə də bütün dövrlərdə gənclərin roluna hər zaman diqqət yetirilib. Vətənini sevən, öz xalqına və vətəninə sadiq və onların mənafeyi yolunda canından keçməyə hazır olan insan birmənalı olaraq vətənpərvərdir”.
Bu fikirləri “Yeni Müsavat” a Azad Vətən Partiyasının sədri Akif Nağı bildirib. O qeyd edib ki, Azərbaycanda tarix boyu gənclər diqqət mərkəzində olub: “Təsadüfi deyil ki, Azərbaycanın böyük liderləriyby, o cümlədən Məhəmməd Əmin Rəsulzadənin gəncliyə xüsusi münasibəti olub. Gənclərin tərbiyəsindən çox şey asılıdır. Vətənpərvər gəncliyi olan dövlətin gələcəyi var, istənilən müdaxilələrə cavab verməyə qadirdir. Himnimizdə "hüququndan keçən əsgər" misrası ilə gənclərin üzərinə xüsusi məsuliyyət qoyulur. 30 il ərzində Azərbaycanı sıxmağa, boğmağa, milli hissləri öldürməyə çalışdılar. Azərbaycan min illər ərzində dövlətçiliyə malik olub, ərazi bütövlüyünü qoruyub. Azərbaycanlıları assimilyasiya etməyə çalışıblar. Azərbaycan xalqı milli dəyərlərini daim ən yüksək səviyyədə mühafizə etməklə özünün milli həmrəyliyini və bütövlüyünü qoruyub saxlaya bilib.
Akif Nağı
Buna nail olmağa çalışanlar özləri assimilyasiya olunublar. Onlar azərbaycanlılaşıblar. Azərbaycan türklərinin dilini, xüsusiyyətlərini qəbul ediblər. Məsələn, Rusiyada yaşayan ruslar Azərbaycanda yaşayan ruslara tamamilə fərqli gözlə baxırlar. Azərbaycanlılar güclü xalq olduğu üçün hər cür təzyiqlər qarşısında milli kimliyini və mənliyini qoruyub saxlayıb. 30 illik işğaldan sonra 2020-ci ilin iyul ayında Tovuz hadisələrinin təsiri ilə meydana gənclər çıxdı. Heç bir partiya mənsubiyyəti yox, milli mənsubiyyət öndə idi. Milli qürurun bərpa olunması hissi var idi. Tarix boyu müxtəlif xalqlar təzyiqlərə, işğallara məruz qalıblar. Millətin milli qüruru öldürülsə, onu yenidən dirçəltmək çətin olur. Milli qürurun bərpa olunması bir çox məfhumun bərpa olunması anlamına gəlir. II Qarabağ müharibəsi Azərbaycan Ordusunun, gəncliyin qələbəsi ilə yekunlaşdı. Gənclər öz mövqeyini və gücünü nümayiş etdirdi. Odur ki, II Qarabağ müharibəsindəki qələbə, Azərbaycan bayrağının Xankəndidə, Xocalıda dalğalanması həm də milli qürurun bərpa olunmasıdır. Bu ağır proses olsa da, nəticədə millətin qarşısında heç kim və heç nə dayana bilmir, inkişafın qarşısını almaq qeyri-mümkündür".
A.Nağı həmçinin qeyd etdi ki, vətənpərvərliyin təbliğində müasir dövrün tələblərinə uyğun kreativ yanaşma olmalıdır: “Həyata keçirilən iqtisadi, sosial, hüquqi və mədəni siyasətin səmərəli nəticələri bütövlükdə milli-mənəvi dəyərlərimizin də inkişafına, qorunmasına, təbliğinə xüsusi stimul və təkan verir. Vətənpərvərlik yalnız ön cəbhədə vuruşmaq deyil, həm də ölkənin inkişafı üçün müasir dövrün tələblərinə uyğun bilik və bacarıqlara yiyələnməkdir. Gənc alimlər, yaradıcı gənclər bu istiqamətdə önəmli rol oynayır. Dövlətin vətəndaş, vətəndaşın da dövlətin qarşısında öhdəlikləri var. Dövlət qarşısında vətəndaşın öhdəlikləri daha üstündür. Azərbaycanda geniş şəkildə vətənpərvərliyin bu xətti inkişaf edib. Gənclər siyasətinin əsas məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etməkdir. Bir çox məsələlərin həlli üçün dövlət proqramları qəbul edilib, prezident fərmanı və sərəncamları imzalanıb, beynəlxalq hüquq prinsiplərinə əsaslanan qanunvericilik bazası yaradılıb. İctimai və sosial həyatın, cəmiyyət quruculuğunun bütün sferalarında gənclərin təmsil olunmalarına geniş imkanlar yaradılıb. Azərbaycan gəncliyi həm milli-mənəvi dəyərlərin mənimsənilməsində, həm də təbliğində aktiv - dinamik təbəqə kimi çıxış edir. İnsanlar vətənpərvərlik hissi ilə yaşayırlar. Azərbaycan düşmənə və onu himayə edənlərə qalib gəlib. Xalq bu qələbə duyğusu ilə yaşayır. Bu duyğu uzun illər bizimlə olacaq”.
Yazını hazırladı: Nigar HƏSƏNLİ