Fazil Mustafa: “Uğur etik dəyərlərlə tamamlanmalıdır, nümunəvi davranış ölkəyə rəğbət qazandıra bilir”
Gürcüstanda keçirilən “Batumi Open” beynəlxalq karate turniri azərbaycanlı gənclərin həm idmançı, həm də vətənpərvər vətəndaş kimi qələbəsi ilə yekunlaşdı. Yarışlar başlayan gündən erməni təxribatı ilə üzləşən idmançılarımız bu təxribatların qarşısını alın açıqlığı ilə aldılar. Azərbaycanlı gənc Zəki Cəfərzadə yarışda bayrağımızın üzərini örtən Ermənistan bayrağını kənara çəkdi. Sözügedən görüntülər sosial şəbəkələrdə izlənmə rekordu qırdı. Daha sonra bayrağımız fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacarmış idmançımız sayəsində dalğalandı. Erməninin iştirakı ilə yaşanan digər hadisə də müzakirə mövzusu oldu. Belə ki, erməni idmançı karateçimizə məğlubiyyəti həzm etməyərək azərbaycanlı Alika Semixovaya hörmətsizlik etdi. Görüşün sonunda karateçimiz rəqibinə hörmət əlaməti olaraq görüşmək istəsə də, erməni idmançı Semixovanın üzünə zərbə endirdi. Erməni idmançı diskvalifikasiya edildi və medalı əlindən alındı.
Fazil Mustafa
Millət vəkili Fazil Mustafa “Yeni Müsavat”a bildirdi ki, gənclərin vətənpərvər ruhda yetişməsində ilk amil peşəkarlıqdır. Onun fikrincə, hansı sahədə olmasından asılı olmayaraq, peşəkarlıq sayəsində üstünlük qazanmaq şansı daha artıq olur: “Peşəkarlıq müəyyən etika, tərbiyə, xarakterin formalaşması ilə insanı daha çox irəli apara bilər. Məsələn, idmançı qələbə qazanıb, ölkəsinin bayrağını dalğalandırmağa nail ola bilər, amma hər hansı davranışı ilə mənfi imic də qazana bilər. Uğur etik dəyərlərlə tamamlanmalıdır. Nümunəvi davranış ölkəyə rəğbət qazandıra bilir. Peşəkarlıqdan kənarda vətənpərvərlik yoxdur. Bu, döyüş meydanı üçün də keçərlidir. Düşmənlə mənfi, yaxud müsbət davranışlarımızın ölkəmizin imicinə necə təsir göstərdiyinin dəfələrlə şahidi olmuşuq. Əsirə, yaxud çətin vəziyyətdə olan düşmənə qarşı atılan addım bir çox mənfi reaksiya yaratdı. Yaralı düşmənə hərbçilərimizin insani münasibəti, yaralarını sarımağı böyük rəğbət topladı. Ermənilər Xocalını qətliam törətmədən işğal etsə idilər, bu o qədər də təsirli olmazdı, amma körpə uşaqları məhv etmələri vəhşi millət obrazını ortaya çıxartdı. Hələ də bu damğanı silə bilmirlər. Müstəqillikdən öncə hərbi xidmət dövründə bir azərbaycanlı nümunəvi hərəkət etdikdə, bu, komanda heyətinin xalqa münasibətinə təsir göstərirdi. İdman arenasında təmkini qorumaq xüsusilə önəmlidir. Hətta düşmən qalib olsa belə, himni səsləndikdə hörmət etmək lazımdır. Xatırlayırsınızsa, Ermənistanda keçirilən yarışmada dizayner Azərbaycan bayrağını yandırmışdı. Ermənistan cəmiyyətində bu hərəkət yaxşı qarşılanmamışdı. Belə epizodlar beynəlxalq arenada unudulmur. Vətənpərvərlik Vətənin adını uca tutmaqdır. Gürcüstanda erməninin azərbaycanlıya qarşı hörmətsizliyi bir daha sübut etdi ki, hər bir vəziyyətə hazır olmaq, şəxsiyyəti, mədəniyyəti, alicənablığı heç bir halda itirməmək lazımdır. Xüsusilə tanınmış şəxslərin vəzifə borcu olmalıdır ki, mənim hərəkətim dövlətimin, xalqımın adına yazılır. Vətənpərvərlik iş yeri deyil, status, titul da deyil. Bu, insani keyfiyyətdir. İnsani keyfiyyətin əsas dəyəri onun bilavasitə mədəni, humanist komponenti ilə ölçülür. Bundan kənara çıxmaq yolverilməzdir”.
Millət vəkili hesab edir ki, hər bir vəziyyətə hazır olmaq, təmkinli davranmaq üçün buna uşaq yaşlarından hazır olmaq lazımdır: “Təbliğat bağçadan, məktəb təhsilindən başlamalıdır. Yeri gəlmişkən, elm sahəsində üzərimizə düşən ciddi məsələlər var. Məsələn, dünya olimpiadalarında iştirak edənlərin kommunikasiya qurması diaspora fəaliyyətimiz üçün çox önəmlidir. O cümlədən xaricdə yaşayan insanların davranışı da ölkənin imicinə təsir edir. Hər hansı neqativ vəziyyət yarandıqda ilk növbədə hansı ölkədən gəldiyi soruşulur. Müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarla bağlı bəzən xoş xəbərlər eşidirik - kimi seldən uşaq xilas edir, kimi yanğın zamanı məktəbliləri təxliyə edir və s. Belə hadisələr həm də Azərbaycana qarşı münasibətə müsbət təsir edir.
O cümlədən dinimizdə də buyurulub ki, yalnız sizinlə savaşanlarla savaşın. Müharibə döyüş meydanında aparılır. Bəzən populist davranışlara rast gəlsək də, mütləq əksəriyyətin daha sağlam, mədəni, ölkənin imicini düşünən insanlara üstünlük verməsi müsbət haldır".
Yazını hazırladı: Nigar HƏSƏNLİ