Vətəndaşların kredit borcları silinəcək? – “Cinayət məsuliyyəti yarada bilər”

Problemli kreditlərə güzəştin verilməsi yenə də ən çox müzakirə edilən məsələlərdəndır. Bir çox dünya ölkələrdə bəzi sosial statusa malik və həssas qruplara daxil olan şəxslərin kredit borclarının bağışlanması təcrübəsi var. Belə bir təcrübənin Azərbaycanda tətbiqi mümkündürmü?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan hüquqşünas Anar Ramazanov bildirib ki, İkinci Qarabağ müharibəsi zamanı bəzi banklar və istehlak malları satışı mağazaları belə addım adıblar:

“Kreditor, yəni pulun sahibi istənilən sahədə öz tələbindən imtina edə bilər. Deyə bilər ki, pulumu istəmirəm. Bu qayda Mülki Məcəllə ilə tənzimlənir. Yəni kreditorun öz tələbindən, pulundan imtina etmək kimi bir hüququ var.

Hüquqi baxımdan bu banklarda da belə görünür. Bank da istəsə öz tələbindən imtina edə bilər. Azərbaycan təcrübəsində bunu çox nadir hallarda görmüşük. Məsələn, Qarabağ müharibəsi zamanı bir çox qazilərin, şəhid ailələrinin kredit borclarını banklar sildi. Hətta nəinki banklar, bəzi istehlak malları satan şirkətlər də analoji addım atdılar”.

Hüquqşünas qeyd edib ki, qanunvericiliklə bankların üzərində bağışlama öhdəliyi yoxdur:

“Amma ümumən bankın normalda kredit məbləğini kiməsə bağışlama, güzəştə getmə kimi nəinki bir vəzifəsi, öhdəliyi belə qanunvericilikdə nəzərdə tutulmayıb. Çünki bank sahəsi çox spesifik sahədir. Dərinə getsək, hansısa bankın heç bankın rəhbərinin və digər vəzifəli şəxslərinin kiminsə verilən kreditin qaytarılması öhdəliyini ləğv etmək səlahiyyəti yoxdur.

Kreditlər cəlb olunmuş vəsaitdir. Yəni bank onu əmanətçilərdən cəlb edir və həmin pulu faizlə kreditə verərək qazanc əldə edir. Bu pullar banka məxsus deyil. Ən vacib məsələ: bank kiminsə kreditini bağışlayanda, onun yerinə ehtiyat yaratmalıdır. Bu qanunvericiliyin tələbidir. Hər hansı krediti bağışlananda vəsait ehtiyat hesabına silinməlidir. Hətta kimsə krediti özbaşına bağışlasa, bu cinayət məsuliyyəti yarada bilər”.

14.11.2024 12:32
9139