Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR  

 

Kiber cinayətkarlıq –  sosial şəbəkələrdə dələduzluq, talama halları hər ötən gün daha da  genişlənir, onlarla vətəndaş dələduzluq hallarının qurbanı olur.

Daxili İşlər Nazirliyinin yaydığı məlumatdan aydın olur ki, vətəndaşlar İnstagram, Telegram, Feysbuk, Tik-Tokda səhifə, kanal və platformalar üzərindən əlavə gəlir qazanmaq, sığorta ödənişləri, turist səyahətləri, mebel sifarişi, qızıl satışı, ev-alqı satqısı, kirayə, kredit adı altında verilən yalan vədlərə inanaraq həmin tələb olunan məbləğləri başqa-başqa bank hesablarına köçürüblər. Sonradan həmin hesablar, linklər, telefon nömrələri dərhal qapadılır.

Daxili İşlər Nazirliyinin xəbərdarlıqlarına baxmayaraq, vətəndaşlar hər ötən gün kibercinayətkarların tələlərinə düşür.

Musavat.com-a müraciət edən Elnur Hüseynli də kibercinayətkarların qurbanlarındandır. Onun sözlərinə görə 9 noyabr 2023-cü ildə WhatsApp vasitəsi ilə ona bir mesaj gəlib: "Mesajda “Alibaba tacirləri ilə əməkdaşlıq etdiyimiz ED-Shop şirkətimiz populyarlığını artırmaq üçün ödəməyə hazırdır, ona görə də biz 2 tapşırığı yerinə yetirmək üçün 2 manat ödəyirik, siz gündə 350-550 manata qədər qazana bilərsiniz” qeydi vardı.

Qeydiyyat üçün yaş göstərilməli və Telegram hesabının olmasının vacibliyi vurğulanırdı. Bundan sonra dərhal 2 tapşırıq verildi. Tapşırıqları link olaraq göndərdi. Linkə daxil olarkən "Alibaba" saytına keçid alaraq hansısa bir məhsul açılırdı və o məhsulu bəyənib, telefonun ekran görüntüsünü alıb, onlara göndərməliydim. Bu iki tapşırığı yerinə yetirdikdən  sonra bir nəfərin telegram səhifəsini göndərdi və onunla işləyəcəyimi söylədi. Telegram səhifəsinə daxil olub, həmin şəxsə yazdım. Mənə bir qrup səhifəsinə daxil olmağımı tapşırdı və link göndərdi. Qrupa daxil oldum, mənə bildirildi ki, tapşırıqlar 10 noyabr 2023-cü ildə saat 10:20-də başlayacaq. Belə də oldu - tapşırıqları bir- bir icra etməyə başladım. Hər 4-cü tapşırıqda depozit kimi pul köçürürdüm. Daha sonra bir link göndərildi ki, o saytdan qeydiyyatdan keçməliyəm. Sayt özlərinə məxsus idi. Qeydiyyatdan keçəndən sonra ödədiyim pulu ora yüklədilər".

Elnur Hüseynlinin sözlərinə görə sonra saytdan bir məhsul alıb qarşı tərəfin qeyd elədiyi ünvanı seçib: "Tapşırıqları icra edəndən sonra depozit kimi köçürdüyüm pulu qaytarmalıydılar və üstündə də yatırdığım depozitin 25-30 faizini yerinə yetirdiyim 4 tapşırığa görə hər biri 2 manat ödəməli idilər. Köçürmələri “M10” hesaba etməliydilər. Amma dedilər ki, 4-cü tapşırıq 2 ya 3 mərhələdən ibrət olur və bu mərhələdə  101 manat da  köçürməliyəm. Bu məbləği də hesablarına köçürdüm.  Yenidən 980 manat köçürmə etməli olduğumu dedilər".

Elnur Hüseynli bildirib ki, bu məbləği də ödədikdən sonra 3500 manat köçürmə etməli olduğunu deyiblər: "Bu məbləği də 2 dəfəyə ödədim. Yenə də yazdılar ki, xətaya yol vermişəm, daha sonra 700, 700, 700, 1507.5, 1507.5, 1005, 1005 manat  məbləğdə köçürmələr elədim. 11 noyabr 2023-cü ildə 4 min 422 manat köçürmə etdim. 2 gün sonra,  13 noyabr 2023-cü ildə “M10” hesablarına 3600 manat köçürmə etdim. Bu köçürməni edəndən sonra mənə vergi ödəməli olduğumu dedilər. Bundan sonra tapşırdılar ki, yenə mal seçim, pul köçürüm.  “M10” hesablarına  4 min 103  manat köçürmə etdikdən sonra  Telegram hesabındakı  bütün yazışmaları sildilər və məni blok elədilər".

Elnur Hüseynli ümumilikdə 25 min manatdan artıq pul itirib. Hazırda onun şikayəti üzrə Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsində araşdırma aparılır.

 

E.Məmmədəliyev,
Musavat.com

19.05.2024 13:18
1446