Vətəndaş cəmiyyətindən həyəcan təbili: strateji təhdid var...

Sosial media platformaları özünüifadə və təbliğat meydanıdır. Burada ictimai rəy formalaşır. Eyni zamanda aparılan təbliğat cəmiyyətə təsir edir. Ona görə hansı dəyərlərin və kimlər tərəfindən təbliğ edilməsi çox əhəmiyyətlidir. Sosial şəbəkələrdə əsasən gənc nəsil olduğu üçün onların müxtəlif təbliğat növlərinin təsiri altına düşə bilər.

O baxımdan sosial media platformalarından istifadə, oradakı fəalların təbliğatı çox böyük təsirə malikdir. Amma arzuolunmaz reallıqdır ki, sosial şəbəkələrdə “meydan sulayan”lar arasında cəmiyyət üçün mənfi örnək olanlar var. Amma onlar “fenomen”ə çevrilir, populyarlaşır, gənclər üçün az qala nümunə olmağa başlayır, kimlərəsə pul qazanmağın, yaxud  varlanmağın, məşhurluğun yolunu göstərir. Heç bir dəyəri olmayan adamların sosial media vasitəsi ilə özlərini göstərməsi, gənclərə pis nümunə olması narahatlıq doğurmaya bilməz. 

Bu gün sosial şəbəkələrdə söyüşlər, təhqirlər, bir sözlə, qeyri-etik davranış sərgiləyənlər daha çox izlənilir. Bizim millətin bəzi nümayəndələrinə bu gün onlar daha maraqlıdır. Anormal xüsusiyyətləri normal kimi təbliğ edənlər, milli-mənəvi, mədəni dəyərlərimizi unutdurmağa, məhv etməyə çalışanlar, yeni nəslin tərbiyəsinə mənfi təsir göstərənlər və onların şüurlarını zəhərləyənlər bu gün gündəmdədir. Son illərdə sosial şəbəkələrin milli təhlükəsizliyə yaratdığı təhdidlərlə bağlı narahatlıqlarını dünyanın inkişaf etmiş ölkələrinin nüfuzlu ictimaiyyət nümayəndələri və elmi mərkəzləri də etiraf edirlər. Burada müxtəlif mümkün risk ssenariləri - terrorçu, ekstremist, radikal qruplar tərəfindən sosial media platformalarından təbliğat və təşviqat aləti kimi geniş istifadə olunması, dini, milli, irqi ayrı-seçkiliyə çağırışlar və digər təhdidlər birbaşa vətəndaşın, dövlətin və cəmiyyətin təhlükəsizliyinə qarşı yönəlib. Özəlliklə “Tik-tok” platformasında paylaşımlarla bağlı tez-tez narazılıqlar səslənir, hətta bağlanmasına çağırışlar olunur. Azərbaycanda belə çağırışlar əsasən lokal səbəblərdən olsa da, dünyanın bir çox ölkəsində, hətta ABŞ və Britaniyada yüksək səviyyəli dövlət rəsmiləri “TikTok”un bağlanılmasını və ya qanunlarla tənzimlənməli olduğunu bildiriblər. Vətəndaş cəmiyyəti üzvləri də bu vəziyyətdən narazıdır.  

Günel Səfərova da deputatlığa namizəd oldu

Günel Səfərova: “Sosial şəbəkə seqmentimiz təhlükəli etapa sürətlə gedir”

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, “Vətəndaş” İctimai Birliyinin sədri Günel Səfərovanın sözlərinə görə, Türkiyə sosial şəbəkə “fenomenləri” ilə bağlı ciddi araşdırma aparır: “Seçkilərdən sonra Ərdoğan kabinetində ciddi dəyişikliklər oldu və  çirkli pulların yuyulması ilə yanaşı toplumun dəyərləri ilə oynayan strateji təhdidə qarşı plan hazırlandı. Məsələ yalnız pul, saxtakarlıq, qanunsuz dövriyyə deyil. Məsələ əxlaq, gənclərə şüuraltı təsir, ailə yapısı, insan irqinə təhdid, cinslərarası fərqliliyin yox olması, insanların münasibəti və s.-dir. Bizim sosial şəbəkə seqmentimiz təhlükəli etapa sürətlə gedir. Bir gəncin rol modeli Baboşkimilər olmalı deyil... Məsələ elə də sadə və bəsit deyil. Ciddi siqnalı, strateji təhlükələri görürük və daha tez mübarizəyə başlamalıyıq”.

Qarabağda aksiya: kimin sülh, kimin revanşizm istəyi göründü

Xəzər Teyyublu: “İnsanlar təhqirlə fikir azadlığını bir-birindən ayırmalıdırlar”

Siyasi Hüquqların Müdafiə Mərkəzinin rəhbəri Xəzər Teyyubluya görə, sosial şəbəkələri kontrol etmək, məhdudiyyət qoymaqla problemi həll etmək mümkün deyil. Onun fikrincə, xalqın dəyərlərinə qarşı gedənlərlə bağlı araşdırmalar aparıla bilər: “Bu adamlar konkret sosial media "terrorçu"larıdır. Yəni cəmiyyəti öz səviyyəsiz çıxışları, çağırışları ilə “terror” edirlər. Şübhəsiz ki, bu məsələdə görülməli işlər var: biz maarifçiliyi gücləndirməliyik, həmin şəxslərə xəbərdarlıq olunmalıdır, insanlara çağırışlar edilməlidir. Bu gedişlə ən tərbiyəsiz adamlar insanların gözündə az qala xilaskar, yaxud nümunə olmağa başlayacaq. Mən adlar çəkməyəcəm, onsuz da cəmiyyət məlumatlıdır. Sadəcə, bu yöndə vətəndaş cəmiyyəti də aktiv təbliğat işi aparmalıdır. Sosial şəbəkələri bağlamaq çıxış yolu deyil, sadəcə, təbliğat vasitələrindən necə istifadə olunması vacibdir". X.Teyyublu hesab edir ki, sosial şəbəkələrdə hüquqi məsuliyyətin müəyyənləşməsi vacibdir: “İnsanlar təhqirlə fikir azadlığını bir-birindən ayırmalıdırlar. Bəzi ölkələrdə sosial mediadakı davranış qaydaları  etik normalar kodeksi ilə, bəzilərində isə hüquqi normalarla tənzimlənir. Azərbaycan da hüquqi yolu seçənlərdəndir. Ona görə də iki istiqamətdə iş aparılmalıdır: hüquqi məsuliyyətin dərk edilməsi və xüsusən də gənclərə pis örnək olan həmin ”fenomen"lərlə bağlı iş aparılması..."

Yazını hazırladı: Emil SALAMOĞLU

19.12.2023 11:25
1091