Bu gün - oktyabrın 4-ü Cəbrayıl şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin 3-cü ildönümüdür.
Musavat.com xatırladır ki, 2020-ci il 27 sentyabrda Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhəri və rayonun 9 kəndi – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndləri erməni işğalçılarından təmizlənib. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 90 kənd düşmən işğalından azad edilib.
Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra – 2020-ci ilin noyabr ayının 16-da Prezident İlham Əliyev və və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Cəbrayıl rayonunda olublar. Prezident Cəbrayıl şəhərində və Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırıb.
Həmçinin Prezident İlham Əliyev 2021-ci ilin oktyabrın 4-də - bu ərazilərin işğaldan azad edilməsinin birinci ildönümündə Cəbrayıl rayonunda səfərdə olub. Dövlət başçısı Cəbrayılda “KAMaz” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin, Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaq “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlini qoyub. Eyni zamanda Prezident 110/35/10 kV-luq “Cəbrayıl” yarımstansiyasının və Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışında iştirak edib. Bundan əlavə, Dövlət başçısı Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının, məktəb binasının və Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməllərini qoyub. Sonra Prezident İlham Əliyev Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Dövlət başçısı Cəbrayıl Memorial Kompleksinin və Cəbrayıl şəhərinin bərpasının təməl daşını qoyub.
2022-ci il mayın 26-da Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva Füzuli və Cəbrayıl rayonlarına səfər ediblər. Dövlət başçısı və birinci xanım Füzuli rayonunda Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi ilə tanış olub, Cəbrayıl rayonunda Horadiz-Ağbənd dəmir yolu xəttinin Soltanlı stansiyasının və “Azərenerji” ASC-nin 330/110 kV-luq “Cəbrayıl” enerji qovşağının təməlqoyma mərasimində iştirak ediblər.
Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 24-də və 2021-ci ilin iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib. Rayonun işğaldan azad olunması uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirən minlərlə hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunub.
Həmçinin dövlət başçısının 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sözügedən Sərəncama əsasən 04 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən olub.
Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti var.
Çünki 44 günlük Vətən müharibəsi dövründə Cəbrayıl əməliyyatı mürəkkəbliyi ilə fərqlənib. İşğal illərində düşmən Cəbrayıl ərazisində bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni zamanda, ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan digər rayonlara uğurlu əks-hücum mümkün olmuşdu. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Üstəlik, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü.
Hazırda Cəbrayılda bərpa-quruculuq işləri uğurla davam edir.
“Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. Sözügedən layihə 200 hektarı əhatə edən böyük bir projedir. Artıq ilkin maliyyə vəsaiti ayrılıb və ilkin investorlar müəyyən olunub. Bundan başqa, Cəbrayıl rayonunun elektrik təchizatı artıq var. Cəbrayıl yarımstansiyasının istifadəyə verilməsi önəmli hadisələrdəndir. Cəbrayıl rayonunun elektrik təchizatının, demək olar ki, bütün işləri görülüb.
Cəbrayıla 4-6 zolaqlı yol da çəkilir. Artıq vətəndaşlarımız Cəbrayıla rahat gedə biləcək və buradan keçən Zəngəzur dəhlizindən istifadə edəcəklər.
Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı da təsdiq edilib. Rayonda 240 meqavat gücə malik elektrik enerjisi stansiyasının inşasına, həmçinin SOCAR BP şirkəti ilə Cəbrayıl rayonunda 240MVt-lıq günəş elektrik stansiyanın tikintisinə yaxın vaxtlarda başlanacaq.
Qeyd edək ki, Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi. İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. 1050 kv km-i əhatə edən 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazidəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd ermənilərin işğalına məruz qalaraq vəhşicəsinə dağıdılıb. I Qarabağ müharibəsində Cəbrayıl rayonundan 362 nəfər şəhid, 191 nəfər əlil olub. 6 nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Bundan başqa, Cəbrayıl rayonu erməni işğalı zamanı vandalizmə məruz qalıb. Rayon ərazisində olan evlər, tarixi abidələr tamamilə dağıdılıb, ağaclar məhv edilib. Belə ki, Dağtumas kəndinin yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbələr və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri işğal zamanı məhv edilib və ya dağıntıya məruz qalıb.
Musavat.com