Vətən müharibəsinin 4-cü günündə nələr olmuşdu? - 30 sentyabrın xronikası 



2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı.

 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

Musavat.com Vətən müharibəsinin 4 -cü gününün xronikasını təqdim edir.

Sentyabrın 29-dan 30-na keçən gecə, saat 00:20 radələrində Azərbaycan Ordusunun İsrail istehsalı “Harop” dağıdıcı dronu vasitəsilə dəqiq zərbəsi nəticəsində yüksəkrütbəli erməni zabitlərinin toplaşdığı bunker dağıdılıb. Bunkerdə Ermənistan silahlı qüvvələrinin bir generalı, bir neçə polkovniki və digər yüksəkrütbəlilərinin olduğu bildirilib.

44 günlük Vətən Müharibəsi necə başladı? –“Kukruzniklər” – TAM MƏXFİ PLAN -  VİDEO

Saat 01:00 radələrində sosial şəbəkələrdə İran ərazisindən Ermənistana aparılan silah-sursat, hərbi texnika yüklü maşınların yandırılmasına aid görüntülər yayılıb. Nəqliyyat vasitələrinin Cənubi Azərbaycanlılar tərəfindən Azərbaycana dəstək məqsədilə yandırıldığı və görüntülərinin paylaşıldığı iddia olunurdu.

Təxminən saat 01:10-da Azərbaycan Müdafiə Nazirliyi, Cəbrayıl rayonu ərazisindəki tanklar da daxil olmaqla, bir neçə erməni hərbi texnikasının məhv edildiyini göstərən görüntülər yayımladı.

Səhər saat 08.00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini artilleriya atəşinə tutdu. Atəş nəticəsində dövlət qurumlarının inzibati binalarının yaxınlığına top mərmisinin düşməsi nəticəsində 7 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirildi, o cümlədən mülki infrastruktur obyektlərə külli miqdarda ziyan vuruldu.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi

Saat 10:20 radələrində Azərbaycan Müdafiə Nazirliyi cəbhənin Ağdərə-Tərtər istiqamətində mühasirəyə alınan erməni qüvvələrinin artilleriya vasitələri ilə məhv edilməsi və ərazinin təmizlənməsi əməliyyatı keçirilməsi barədə məlumat yayımlandı. Bir neçə dəqiqə sonra Ermənistan silahlı qüvvələrinin artilleriya bölmələri Goranboy rayonunun Aşağı Ağcakənd kəndini atəşə tutmağa başladı.

Saat 11:40 radələrində Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan Ordusunun bölmələrinin düşmən mövqelərinə artilleriya zərbələri endirdiyini göstərən video yayımladı. Həmçinin, Ermənistanın 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyasının Tonaşendə yerləşən 7-ci dağatıcı alayının 2-ci taborunun şəxsi heyətinin ağır itkilərə məruz qalaraq, müdafiə mövqelərini özbaşına tərk edərək qaçması barədə məlumat verildi.

Köməyə gələn Ermənistan ordusunun ehtiyat qüvvələri Azərbaycan Ordusu tərəfindən aşkar olunaraq dəqiq atəş zərbəsi ilə məhv edildi.

Saat 12:40 radələrində Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının 41-ci əlahiddə alayının komanda məntəqəsinə atəş zərbəsi endirildi.

Hikmət Hacıyev: Paşinyanın Londonda İlham Əliyevlə görüşdən imtinasını sülh  gündəliyindən geri çəkilmək kimi qiymətləndiririk

Saat 13 radələrinə olan məlumata əsasən Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, sentyabrın 29-da Ermənistan ərazisindən havaya qalxan iki "Su-25" tipli təyyarəsi dağa dəyərək partlayıb və məhv olub.
 
Saat 13:00 radələrində Azərbaycan Müdafiə Nazirliyi səhər saatlarında məhv edilən düşmən hərbi texnikalarının videogörüntülərini yayımladı.
Yayımlanan digər bir videoda Azərbaycan Ordusunun mövqelərini atəşə tutan Ermənistan ordusu toplarının dəqiq atəşlə məhv edildiyi görüntülər öz əksini tapdı.

Ermənistan Səhiyyə naziri Arsen Torosyan, 2 təcili yardım helikopteri, təcili yardım maşınları yüzlərlə tibb işçiləri ilə Qarabağ istiqamətində hərbi əməliyyatlar nəticəsində yaralanmış əsgərlərin təxliyəsi üçün vacib missiya həyata keçirdiyini bildirdi.

Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, cəbhənin müxtəlif istiqamətlərində Ermənistan Silahlı Qüvvələrinin 1 ədəd "Uraqan" yaylım atəşli reaktiv sistemi, 2 ədəd "9K33 Osa" zenit-raket kompleksi, 4 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 1 ədəd piyadanın döyüş maşını, 4 ədəd D-20 haubitsa topu, 16 ədəd tank və şəxsi heyətlə 2 ədəd yük maşını məhv edilib.
Saat 16 radələrində Ermənistan silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində Füzuli rayonu, Horadiz şəhərində yerləşən yanacaqdoldurma məntəqələrinin birinin yaxınlığına düşmüş top mərmisinin qəlpələrindən 1990-cı il təvəllüdlü Rüstəmov Murad Tahir oğlu həlak oldu. 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirildi, məntəqəyə ciddi ziyan dəydi.

Ermənistan ordusu darmadağın edildi - Paşinyan üçün SON!

Ağdərə istiqamətində gedən döyüşlər zamanı Ermənistan ordusunun darmadağın edilən 6-cı dağ atıcı alayına köməyə gələn 193-cü əlahiddə həmlə taborunun döyüş bayrağı və sənədləri ələ keçirildi. Azərbaycan Ordusunun bölmələrinin axşam saatlarında keçirdiyi döyüş əməliyyatları nəticəsində Ermənistan ordusunun 8 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi məhv edildi.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşdü.

545dd4cd-08be-3e61-bc29-b411a929.jpg (203 KB)

Həmin gün Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Prezident İlham Əliyevə telefonla zəng etdi. Şarl Mişeli Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təxribatı ilə bağlı vəziyyət barədə məlumatlandıran dövlətimizin başçısı bildirib ki, Azərbaycan Ordusu buna cavab olaraq əks-hücum əməliyyatları həyata keçirir.

Şahanə Rəhimli
Musavat.com

 

30.09.2024 11:45
744