“Vətən müharibəsi əlillərinə kömək” ictimai birliyinin sədri 3-cü dəfə məhkum olundu – yenə dələduzluq, saxta sənəd, torpaq zəbti...  

 

Bakı Ağır Cinayətlər Məhkəməsində “Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyinin sədri Qurban Məmməd oğlu Məmmədovun barəsindəki cinayət işi üzrə  məhkəmə araşdırmaları sona çatıb.

Musavat.com xəbər verir ki, Qurban Məmmədov bu dəfə ona tanış maddə- dələduzluqla yanaşı, rüşvət verməyə təhrik etməkdə təqsirli bilinib. Qurban Məmmədovun cinayət dosyesi hakim Əhməd Quliyevin sədrliyi ilə araşdırılıb. Məhkəmənin hökmü ilə ona 3 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilib.

Məhkəmə hökmünə əsasən Qurban Məmmədovun ayağına elektron qolbaq bağlanıb. Bundan başqa Qurban Məmmədova 5 min manat məbləğində cərimə cəzası təyin edilib. Qurban Məmmədovun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilib. Bu, Qurban Məmmədovun 3-cü məhkumluğudur. Hər halda ictimaiyyətə məlum olan üzərindəki məhkəmə hökmüdür. Buna qədər, 2011-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsi, 2018-ci ildə isə Sabunçu Rayon Məhkəməsi Qurban Məmməd oğlu Məmmədovun sənəd saxtalaşdırmaqla, etibardan sui-istifadə etməklə, bir qrup şəxslə əlbir olmaqla torpaq ələ keçirməsi ilə bağlı cinayət dosyelərini araşdırıblar. Hər iki məhkəmə Qurban Məmmədov barəsində ittihamedici hökm çıxarıb.

1970-ci il təvəllüdlü Qurban Məmməd oğlu Məmmədov 2022 il fevralın 1-də paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsində qanunsuz tikinti aparmaq məqsədilə dövlət mülkiyyətində olan 10 sot torpaq sahəsini hasara alaraq zəbt edib. Bununla əlaqədar 2022-ci il fevralın 3-də polis əməkdaşları və aidiyyəti dövlət qurumları tərəfindən qanunsuz tikilinin qarşısı alınıb və Qurban Məmmədova xəbərdarlıq edilib. Lakin bu xəbərdarlıqdan nəticə çıxarmayaraq fevralın 19-da Qurban Məmmədovun təşkilatçılığı ilə özlərini Vətən müharibəsinin iştirakçısı kimi təqdim edən bir qrup şəxs qeyd olunan əraziyə gələrək qanunsuz tikinti işlərini davam etdirməyə cəhd ediblər. Bu zaman polis əməkdaşları tərəfindən tikintinin qarşısı alınarkən onlar dövlət nümayəndələrinə hədə-qorxu gələrək ünvanlarına nalayiq ifadələr işlətməklə onları təhqir edib və tabesizlik göstəriblər. Araşdırma zamanı Qurban Məmmədov qanunsuz zəbt etdiyi torpaq sahəsinə dair heç bir rəsmi sənəd təqdim edə bilməyib və qanunsuz tikintini davam etdirməkdə israr edib.

Sonuncu ittihama görə isə Qurban Məmmədov aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirib. Dələduzluq etməklə, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyini bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə qeyrisini təhrik edib, hüquq verən saxta rəsmi sənədləri, habelə saxta möhürü qanunsuz olaraq istifadə etmək məqsədi ilə vahid niyyətlə saxtalaşdırmaqla hazırlayıb. 

Belə ki, o, hər hansı hüquq müəyyənedici sənədi olmayan, paytaxtın Xətai rayonu, Gəncə prospekti 23 B ünvanında yerləşən 0,04 ha ölçüdə torpaq sahəsini zərərçəkmiş şəxsin adına sənədləşdirilməsinə köməklik göstərməsini vəd edib. Məhkəmədə zərərçəkmiş şəxs ifadəsində göstərib ki, 2020-ci ilin əvvəllərində o, fərdi yaşayış evi inşa etmək məqsədilə torpaq almaq qərarına gəlib və bu barədə qardaşı ilə məsləhətləşib. Qardaşına torpaq sahəsi alınması məqsədilə 97 min manat məbləğində pul verib. Qardaşı da həmin pulu Məmməd Qurbanova verib. Təqsirləndirilən şəxs 97 min manat pulun 52 min manatını hissə-hissə olmaqla 2 dəfəyə qaytarıb. Zərərçəkmiş məhkəmədə  ona 45 min manat pulun qaytarılmalı olduğunu söyləyib.

Musavat.com xatırladır ki, 2021-ci ildə Qurban Məmmədovun başının dəstəsi ilə birgə Nərimanov rayonu, Dərnəgül 1 ünvanında yaşıllıq zonasını zəbt etməyə çalışması haqda da yazmışdıq. “Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyi sədrinin adı daha bir saxta sənəd işinə qarışıb – 3 nazirə ŞOK MÜRACİƏT, FOTOFAKT” sərlövhəli yazıda istintaq orqanlarının araşdırma mövzusu olmalı cinayətlərdən bəhs olunurdu.

 

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

02.05.2024 12:52
1558