"Vergi Xidmətinə dair müəyyən dəyişikliklər olacağı haqda məlumatlar yayılır. Bunlar arasında heç bir müsbət və ya mənfi təsiri olmayacaq məsələ, Vergi Xidmətinə qəbul zamanı and içmə prosesilə bağlıdır".
Musavat.com xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov bildirib.
"Ümumiyyətlə, hansı xidmət sahəsini göstərmək olar ki, orda and içmək effektiv olub? And işə yarasaydı, həkimlərdə bunu görərdik? Vicdanlı insan andsız da vicdanlıdır, vicdansız insana isə nə and təsir edər, nə inanc.
O ki qaldı, Vergi sisteminə, bu sistemə həftədə 8 dəfə dəyişdirilən Vergi Məcəlləsi yox, statik məcəllə lazımdır ki, yerli sahibkar da, xarici investor da uzun müddətli strategiya hazırlayıb investisiya qoysun. Amma hazırkı şəraitdə investisiya mühitini ən çox baltalayan səbəblərdən biri Vergi Məcəlləsinin dayanıqsızlığıdır. Bu qədər dəyişikliyə görə heç bir investor 10 il sonrakı hədəfini qurub investisiya yatıra bilmir, yəni risk etmir" - deyə ekspert əlavə edib.
E.Əmirov onu da qeyd edib ki, böyük investisiyalar biznes çıxarlarının dinamikasını təxmini də olsa proqnoz edilməsini tələb edir: "Ona görə də yeni məcəllə qəbul edilməklə yanaşı onun neçə il dəyişilməyəcəyinə dair rəsmi bəyanatın da verilməsinə ehtiyac vardı".
Afaq,
Musavat.com