Azərbaycanda dövlət büdcəsinin layihəsi ilə birlikdə Milli Məclisə vergi və gömrük qanunvericiliyinə dəyişiklikləri nəzərdə tutan qanun layihələri də təqdim olunub. Milli Məclisin komitə iclaslarında müzakirə olunan layihələrdə bir sıra maraqlı dəyişikliklər diqqəti cəlb edir.
Layihələrdən aydın olur ki, dövlət-özəl tərəfdaşlığını təşviq etmək üçün bir sıra azadolmalar təklif edilir. “Gömrük tarifi haqqında” Qanuna təklif olunan dəyişikliyə əsasən dövlət-özəl tərəfdaşlığı layihələri çərçivəsində özəl tərəfdaş olan fərdi sahibkarlar və hüquqi şəxslər tərəfindən “Dövlət-özəl tərəfdaşlığı haqqında” Qanuna uyğun olaraq müəyyən edilmiş dövlət tərəfdaşının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanılmış dövlət-özəl tərəfdaşlığı müqaviləsi ilə müəyyən olunan müddətə, lakin 30 ildən (tikinti dövrü də daxil olmaqla) çox olmayaraq gömrük rüsumlarından azad edilir. Qanun qəbul ediləcəyi təqdirdə 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Bundan əlavə, Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən dövlət-özəl tərəfdaşlığı və elektrik enerjisi istehsalı layihələri çərçivəsində xidmətlərin göstərilməsi, eləcə də həmin xidmətlərin göstərilməsi ilə bağlı infrastrukturun yaradılması və idarəedilməsi ilə əlaqədar layihələrin icrası ilə bağlı vergi azadolmaları tətbiq ediləcək. Layihəyə əsasən, dövlət-özəl tərəfdaşlığı layihələri üzrə özəl tərəfdaş olan, habelə dövlətin satınalma öhdəliyi ilə bərpa olunan enerji mənbələrindən istifadə edilməklə, Nazirlər Kabineti tərəfindən müəyyən edilən məbləğdən aşağı olmayan elektrik enerjisi istehsalı layihələri üzrə istehsalçı olan hüquqi şəxslərə və fərdi sahibkarlara müvafiq olaraq “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanuna uyğun olaraq bağlanılmış dövlət-özəl tərəfdaşlığı müqaviləsində və ya “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanuna uyğun olaraq bağlanılmış elektrik enerjisinin satınalma müqaviləsində müəyyən olunan müddətə, lakin 30 ildən (tikinti dövrü də daxil olmaqla) çox olmayaraq güzəştlərin (gəlir, mənfəət, əmlak, torpaq, idxalda ƏDV) verilməsi nəzərdə tutulur. Qeyd edilib ki, bu güzəştlər 2024-cü il yanvarın 1-dən, yəni 1 il əvvəldən nəzərə alınacaq.
Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət, Sənaye və Sahibkarlıq komitəsinin iclasında bildirib ki, Azərbaycanda Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər arasında dövlət-özəl sektor tərəfdaşlığı ilə həyata keçirilən layihələrə uzunmüddətli vergi güzəştlərinin tətbiqi xüsusi qeyd olunmalıdır: “Bu təşviqlər investisiya qoyuluşunu stimullaşdırmaqla yanaşı, həm də uzunmüddətli dövrdə dövlətin maliyyə yükünün azaldılmasına, istehlakçılar üçün tariflərin aşağı salınmasına, eləcə də daxili istehsalın dəstəklənməsinə yönəlib. Söhbət avtomobil və avtobus istehsalının stimullaşdırılmasından, eyni zamanda "yaşıl iqtisadiyyat"ın təşviq edilməsindən gedir. Maliyyə bazarlarının genişləndirilməsi, habelə film sektoru kimi sosial sahələrin inkişafı üçün təşviqlərin verilməsi nəzərdə tutulur".
Onun sözlərinə görə, Vergi Məcəlləsinə dəyişikliklə bağlı qanun layihəsinin qəbulu ölkəyə investisiya axınına, əlavə iş yerlərinin yaradılmasına, mikro sahibkarların fəaliyyətinin dəstəklənməsinə, azgəlirli mikrosahibkarın vergi yükünün optimallaşdırılmasına, avtomobil sənayesinin canlandırılmasına və müxtəlif sahələrdə təşviqedici vergi siyasətinin həyata keçirilməsinə səbəb olacaq: “Təklif edilən paket ölkənin investisiya mühitinin təkmilləşdirilməsinə, iqtisadiyyatın ayrı-ayrı sahələrinə cəlb edilən özəl investisiyaların dəstəklənməsinə, birbaşa xarici investisiyaların artırılmasına, o cmülədən dövlət-özəl tərəfdaşlığı layihələri və dövlətin satınalma öhdəliyi ilə özəl sektor tərəfindən həyata keçirilən elektrik enerjisi istehsalı layihələrinin dəstəklənməsinə töhfə verəcək”.
Vergi Məcəlləsinə təklif olunan daha bir dəyişikliklə bina tikintisi sahəsində gəlirlərin və gəlirdən çıxılan xərclərin vergitutma məqsədləri üçün dəqiq təsbit edilməsi mexanizmi müəyyənləşir. Vergi Məcəlləsinin 130.6-cı maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı gəlir və bu gəlirdən çıxılan xərclər vergi ili ərzində yerinə yetirilmiş işlər (mərhələlər) üzrə təqdim edilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz məbləğləri ilə həmin sahələrin tikintisi ilə bağlı çəkilən məsrəflər, o cümlədən torpaq sahələrinin alınması ilə bağlı çəkilən məsrəflər əsasında müəyyən edilir.
Layihəyə əsasən, uzunmüddətli müqavilələr üzrə gəlirlərin və gəlirdən çıxılan xərclərin hər hesabat ilinə düşən hissəsinin müəyyən edilməsi qaydasının tənzimlənməsi məqsədilə Vergi Məcəlləsinin 130.6-cı maddəsinə tənzimləmə əlavə edilir. Beləliklə, uzunmüddətli müqavilələr üzrə gəlirlərin və gəlirdən çıxılan xərclərin hər hesabat ilinə düşən hissəsinin müəyyən edilməsi aşağıdakı qaydada aparılacaq:
- tikintisi həyata keçirilən hər bir bina üzrə çəkilən xərclər bina üzrə ümumi qiymətləndirilən xərclərlə müqayisə edilir və faktiki çəkilən xərcin ümumi xərclərdə xüsusi çəkisi müəyyənləşdirilir;
- həmin binadan təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələrinin satış dəyəri qeyd edilən qaydada müəyyən edilən həcm nisbətində vergi tutulan gəlirlərə aid edilir;
- faktiki çəkilən xərclər gəlirdən çıxılan xərclərə aid edilir.
Vergi Məcəlləsinə təklif olunan daha bir dəyişiklik çoxsaylı mikrosahibkarların gözlədiyi dəyişiklikdir. Belə ki, 2019-cu ildən bu ilin əvvəlinə qədər mikro sahibkarların əldə etdiyi gəlirlərin 75 faizi gəlir vergisindən azad olunmuşdu. Ötən il Vergi Məcəlləsinə dəyişiklik olunaraq bu güzəştdən yararlana biləcək mikrosahibkarların əhatə dairəsi kəskin məhdudlaşdırıldı. Hazırda qüvvədə olan qanunvericiliyə görə, yalnız özündən başqa 3 muzdlu işçisi olan mikrosahibkarlar gəlir vergisinə tətbiq olunan güzəştdən yararlana bilir. Bu, bir sıra sahələrdə fərdi fəaliyyət göstərən mikrosahibkarların ciddi narazılığına səbəb olmuşdu. İndi isə hökumət güzəşt imkanını daha da genişləndirir. Belə ki, növbəti ildən illik dövriyyəsinin həcmi 45 min manatadək olan bir sıra xidmət sahələri üzrə fəaliyyət göstərən mikrosahibkar olan fiziki şəxslərin əldə etdikləri gəlirlərinin 75 faizi hər hansı şərt tətbiq edilmədən (3 işçi və məcburi dövlət sosial sığorta haqqı üzrə borcun olmaması tələbi) vergidən azad edilir.
Qeyd edilən xidmət sahələri bunlardır: proqram təminatının işlənməsi; layihə-dizayn və dekorasiya sahəsində xidmətlər; tərcümə xidmətləri; reklam xidmətləri; araşdırma və tədqiqat sahəsində fəaliyyət; elm, təhsil, mədəniyyət və idman sahəsində göstərilən xidmətlər; hüquq, sərbəst auditor, mühasibat və maliyyə sahəsi üzrə məsləhət xidmətləri; jurnalistlərin fəaliyyəti; bazar konyukturunun öyrənilməsi; qiymətləndirmə fəaliyyəti; avtonəqliyyat vasitələri ilə yükdaşımaları istisna olmaqla, sifarişlərin çatdırılması və kuryer xidməti; turizm bələdçiliyi; ixrac xidməti.
Bu ilin yanvarın 1-dən Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikrosahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizi gəlir vergisindən azad edilib.
Əlavə edək ki, təklif edilən güzəştlər yalnız fiziki şəxslərə aiddir, hüququ şəxslər isə əvvəlki qaydada (yəni il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmamaq) şərtləri yerinə yetirdikdən sonra güzəştlərdən istifadə edə biləcəklər. Bu qanun qəbul ediləcəyi halda 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Fikrət Şirinov
Maliyyə Nazirliyinin Vergi siyasəti və gəlirlər şöbəsinin müdiri Fikrət Şirinov Milli Məclisin İqtisadi siyasət, Sənaye və Sahibkarlıq komitəsinin iclasında bildirib ki, Azərbaycanda gələn ildən tətbiq ediləcək vergi-gömrük güzəştləri üzrə illik gəlirlər illik itkilərdən çox olacaq. Onun sözlərinə görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ildə 20,9 milyon manat, Dövlət Gömrük Komitəsi isə ildə 2,9 milyon manat itki ilə üzləşəcək: “Son nəticədə ümumi illik itki 23,8 milyon manat təşkil edəcək. Gəlir isə 32,6 milyon manat olacaq ki, bu da yekunda büdcəyə 8,7 milyon manat əlavə vəsaitin daxil olmasını təmin edəcək”.
Mikrosahibkarlarla bağlı vergi güzəştinin tətbiq dairəsinin genişləndirilməsini dəyərləndirən iqtisadçı-ekspert Natiq Cəfərli onları müsbət addım hesab edir: “Bu, əlbəttə, müsbət qiymətləndirilməlidir. Biz hələ keçən il mikrosahibkarlar üçün vergi güzəştinə əlavə şərtlər tətbiq olunanda bildirmişdik ki, bundan dövlətin zərəri gəlirindən çox olacaq. Çünki yüz minlərlə mikrosahibkar kiçik dövriyyə ilə müxtəlif sahələrdə xidmət göstərir. Onların gəlirinin tamamən vergiyə cəlb edilməsi fəaliyyətlərinə ciddi problem yaradacaq, nəticədə çoxlu sahibkar fəaliyyətini donduracaq, yaxud dayandıracaq. Hökumətin indi yenidən güzəştin əhatə dairəsini genişləndirməsi göstərir ki, bizim proqnozumuz özünü doğrultdu”.
Ekspert hesab edir ki, güzəştdən bəhrələnmək üçün müəyyən olunan dövriyyə həcmi azdır: “45 min manat bir sıra sahələr üçün aşağı məbləğdir. Buna görə də onun 60 min manata qədər artırılması daha yaxşı olar. Bu, güzəştdən bəhrələnənlərin sayının daha çox olmasına gətirib çıxarar”.
İqtisadçı-alim, Milli Məclisin üzvü Vüqar Bayramov isə qeyd edir ki, VOEN alaraq xidmət müqaviləsi əsasında fəaliyyət göstərənlər gəlirlərindən 2025-cü ildən etibarən 20 faiz deyil, 5 faiz vergi ödəyəcəklər: “Eyni zamanda onlardan 3 işçi və dövlət sığorta haqqı üzrə borcun olmaması tələbi də istənilməyəcək. Məsələn, vətəndaşımız jurnalist kimi fəaliyyət göstərir və xidmət müqaviləsi əsasında vəsait alır və onun aylıq gəliri 3 min manatdır. Bu halda, o gəlirindən gələn ildən etibarən 600 manat deyil, cəmi 150 manat vergi ödəyəcək. Qeyd edək ki, güzəştlər xidmət müqaviləsi əsasında çalışan şəxslərə şamil olunur”.
Millət vəkilinə görə, yeni qaydalar mikrosahibkarların dəstəklənməsi baxımından vacib dəyişiklik hesab olunur: “Bu, qeyd edilən xidmət sahələri üzrə dövriyyənin artmasını stimullaşdıra bilər”.
Dünya SAKİT,
“Yeni Müsavat”