“Venesiya” şadlıq evindəki zəhərlənməyə görə ARAŞDIRMA BAŞLADI

 

Zəhərlənənlərin vəziyyəti ilə bağlı Kliniki Tibbi Mərkəzin (KTM) Mətbuat Xidmətinin rəhbəri Ruzbeh Məmməd Musavat.com- a bildirib ki, 19 aprel 2025-ci il 32 nəfər (23 qadın cinsli, 9 kişi cinsli) dəqiqləşdirilməmiş bakteriyal qida zəhərlənməsi diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdirilib.

"Dərhal xəstələrə tibbi xidmətlər göstərilib, mədələri yuyulub, infeksionist baxışı olub. Zəruri tibbi xidmətlərdən sonra onların hər biri evə buraxılıb”.

***

Dünən gecə 32 nəfərin toyda zəhərlənməsi ilə bağlı məsələni  Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) hazırda araşdırır.

Bu barədə AQTA-dan məlumat verilib.

Məlumatda qeyd olunub ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb:

"Hadisənin baş verdiyi şadlıq evində istehlaka təqdim edilmiş və baxış zamanı mövcud olan bütün qida məhsullarından nümunələr götürülmüşdür. Bununla yanaşı, işçi masalardan və qida ilə təmasda olan səthlərdən yaxmalar götürülərək laborator müayinələrə təqdim olunub. Hazırda araşdırma davam etdirilir. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək".

 

Qeyd edək ki, hadisə Xətai rayonunda yerləşən “Venesiya” şadlıq evində qeydə alınıb. 

19.04.2025 11:06
713