Vəkillə hüquqşünas arasında məhkəmə çəkişməsi davam edir – təkzib geri götürüldü

Sabunçu Rayon Məhkəməsində hüquqşünas Abdulla Əfəndizadə ilə vəkil Cavid Alıyev arasında məhkəmə çəkişməsi davam edir.

Musavat.com xəbər verir ki, vəkil Cavid Alıyev məhkəməyə xüsusi ittiham qaydasında müraciət edərək hüquqşünas Abdulla Əfəndizadənin 25 avqust 2023-cü ildə özünün feysbuk səhifəsində paylaşdığı “Ehtiyatlı olun! Saxtakarlıq!” məzmunlu statusunda yer alan fikirlərinin onun mənafeyinə toxunduğunu iddia edib.

Abdulla Əfəndizadə Musavat.com-a açıqlamasında deyib ki, vəkil Cavid Alıyev onu məhkəməyə verəndən sonra öz aralarında razılığa gəliblər:

“Məhkəmədə araşdırma aparıldı, məlum oldu ki, Cavid Alıyevin xüsusi ittihamla çıxış etməsinə səbəb olan fikirlər mənə aid deyil. Ümumiyyətlə, bu məhkəməyə qədər Cavid Alıyevlə mənim yaxşı münasibətlərim olub. Həmin statusu da məhkəmədən 1 ay öncə, 27 avqust 2023-cü ildə silmişdim. Həmin fikirlər mətbuatda yayılıb və bu gün də həmin məlumatlar saytlarda var. Mən sadəcə sosial şəbəkələrdə yayılmış məlumata “Ehtiyatlı olun! Saxtakarlıq!” şəklində münasibətimi bildirmişəm. Həmin statusun altında da “sosial şəbəkələrdə Cavid Alıyev barəsində yayılan məlumatlar həqiqətdirmi” sualını vermişdim.
Məsələ məhkəmə müstəvisinə çıxandan sonra Cavid Alıyevin xahişi ilə belə razılığa gəldik ki, ümumi xarakterli təkzib yazılır və o, xüsusi ittihamı geri götürür”.

Abdulla Əfəndizadə deyib ki, razılıqdan sonra Cavid Alıyevə üzrxahlıq etməklə məsələnin həllinə çalışıb:

“O günlərdə anam ağır xəstə idi, onun səhhəti ilə bağlı günüm həkimlərdə, xəstəxanalarda keçirdi. Öz ayağımda da ciddi problemlər vardı, özümün səhhətimlə bağlı da həkimlərdə, xəstəxanalarda olurdum. Çox gərgin günlər yaşayırdım. Bu tərəfdən də əsassız məhkəmə iddiası ilə məhkəməyə çağırılırdım. Məhkəmələrə hörmətsizlik etməmək üçün çağırışlara gedir, prosesin tez bir zamanda yekunlaşmasına çalışırdım ki, yaşlı xəstə anamı tək buraxmayım. Ona görə də Cavid Alıyevin məsələni təkzib verməklə, statusu silməklə həll etmək təklifi ilə razılaşdım. Cavid Alıyev indi aramızdakı razılaşmanı pozur və xüsusi ittihamı geri götürmür. Mən həmin statusu məhkəmədən 1 ay əvvəl silsəm də, yazılardakı fikirləri təkzib etməyim doğru deyil. Çünki həmin fikirlər mənə aid deyil və təkzib etməyim də mümkün deyil. Buna görə də əvvəlki üzrxahlığımı da geri götürür, Sabunçu Rayon Məhkəməsinin hakimi Nigar İmanovadan xahiş edirəm ki, bu müraciətimi əsas götürsün”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

29.04.2024 14:38
1140