Vəkil oğrunu doğru çıxarmağa çalışdı, özünü istintaqa cəlb etdilər – MƏHKƏMƏ İŞİ  

Nərimanov Rayon Məhkəməsində vəkil Misir Şahquliyevin cinayət işi üzrə proses keçiriləcək. Musavat.com “qafqazinfo”ya istinadən xəbər verir ki, vəkilin işi üzrə toplanmış materiallar hakim Vüsal Qurbanovun icraatına verilib. Misir Şahquliyevə qarşı yekun olaraq Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə ittiham elan olunub.

Musavat.com xəbər verir ki, Baş Prokurorluq cinayət məsuliyyətinə cəlb edilən vəkil Misir Şahquliyevlə bağlı məlumat yayıb: “Vəkillər Kollegiyasının üzvü Şahquliyev Misir Vidadi oğlunun qanunsuz hərəkətləri ilə bağlı vətəndaş müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Vəkillər Kollegiyasının iştirakı ilə araşdırma aparılıb. Araşdırma zamanı Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla oğurluq) maddəsilə baxılan cinayət işi üzrə təqsirləndirilən şəxsin müqavilə əsasında müdafiəçisi qismində iştirak edən Misir Şahquliyevin öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə etməklə məhkəmə kollegiyasının qərarına qanunsuz təsir etmək imkanının olmasını bildirib təqsirləndirilən şəxsə yüngül cəza təyin olunması məqsədilə 15 min manat pul vəsaiti almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış ilkin sübutlar əsasında Misir Şahquliyev şübhəli şəxs qismində tutulub və ona Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə ittiham elan edilməklə, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib”.

Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyəti Misir Şahquliyevin vəkillik fəaliyyətini dayandırılmaqla onun Kollegiyanın üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət edilməsi  barədə qərar çıxarıb.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

01.05.2024 13:31
1778